Liquriya regionu təkcə dənizi ilə deyil, həm də gözəl dağ kəndləri ilə tanınır. Şimali İtaliyanın bu bölgəsi indi "1 avroya ev" layihəsi çərçivəsində iki yaşayış məntəqəsini - Pinyone və Triora kəndlərini satışa çıxarıb. Hər iki kənd zəngin tarixi keçmişi ilə seçilir.
Qaynarinfo NLC portalına istinadən xəbər verir ki, region artıq turizm baxımından yüklənmiş sahillərə deyil, daha sakit daxili ərazilərə - meşələrə, orta əsr yollarına və tərk edilmiş daş evlərə diqqət çəkməyə çalışır.
Pinyone - kənd təsərrüfatı ilə yaşayan sakit məkan
Pinyone Cinque Terre yaxınlığında yerləşən kiçik kənddir. Burada hələ də ənənəvi Liquriya atmosferi qorunub saxlanılıb. Kənd dar yaşıl vadidə yerləşir, ətrafında tarlalar, şabalıd meşələri və daş evlər var.
Kiçik tarixi mərkəz və dar küçələr orta əsr şəhər planını xatırladır. Köhnə evlər Vara çayı boyunca yerləşir və məhz bu binalar bələdiyyə tərəfindən bərpa üçün satışa çıxarılır.
Layihənin məqsədi kəndlərin tədricən boşalmasının qarşısını almaqdır. Bələdiyyə ümid edir ki, bu simvolik qiymət qarşılığında evləri alan insanlar onları bərpa edəcək və burada daimi yaşayaraq icmaya inteqrasiya olunacaqlar.
Triora - "cadugərlər şəhəri”
Triora təkcə gözəl mənzərəsi ilə deyil, həm də "cadugər məhkəmələri” ilə məşhurdur. 1587–1589-cu illərdə burada Şimali İtaliyanın ən sərt cadugər proseslərindən biri baş verib.
Şəhər qaranlıq daş küçələri, dar keçidləri və orta əsr memarlığı ilə sanki mistik bir atmosfer yaradır. 16-cı əsrdə məhsul qıtlığı zamanı yerli sakinlər bəzi qadınları cadugərlikdə ittiham etmiş və ağır cəzalar verilmişdi.
Bu gün həmin dövrlə bağlı yerlərdən biri — La Kabotina hələ də ziyarət oluna bilər.
1 avroluq evlər necə mümkündür?
Bu kəndlərdə evləri almaq mümkündür, lakin onlar ciddi təmir tələb edir. Dövlət bu proqramla tərk edilmiş evləri bərpa etmək, kəndləri canlandırmaq və yeni sakinləri cəlb etmək istəyir.
Alıcılar evləri bərpa etməyi öhdəsinə götürməli və müəyyən müddət ərzində yaşayış üçün yararlı hala gətirməlidirlər. Bunun qarşılığında isə çox aşağı qiymətə İtaliyanın tarixi bölgəsində yaşamaq imkanı əldə edirlər.
Aydın
Şərhlər