Sahara səhrasının dərinliklərində min illərdir orada qalan yüzlərlə qədim insan skeleti aşkarlanıb. Arxeoloqlar bu əraziyə ekspedisiya edərək qalıqların kimlərə aid olduğunu müəyyən etməyə çalışıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Iflscience" yazıb.
Tenere adlı bu ərazi ekstremal landşaftı ilə seçilir. Köçəri əfsanələrinə görə, bu yer dəvələrin belə girməkdən qorxduğu bölgə kimi tanınır və bu təsvir tamamilə təsadüfi deyil. Burada koredici qum fırtınaları, 49°C-yə çatan istilik və geniş, demək olar ki, tamamilə cansız ərazilər mövcuddur.
Sərt şəraitə baxmayaraq, Tenere 1950-ci illərdən bəri alimlərin diqqətini cəlb edib. Çünki bu bölgə Afrikada ən zəngin dinozavr fosili yataqlarından birinin üzərində yerləşir.
2000-ci ildə Çikaqo Universitetindən paleontoloq Pol Sereno rəhbərliyindəki qrup dinozavr qalıqları axtararkən gözlənilmədən insan skeletləri və çoxlu artefaktlar aşkar edib: keramika, boyunbağılar, ox ucluqları və daş alətlər: "Bunların hamısı sadəcə qumun üzərində səpələnmişdi".
Sonradan bu yer Gobero adlandırılıb. Araşdırmalar nəticəsində burada təxminən 200 insan skeleti və minlərlə artefakt olduğu müəyyən edilib. Ən qədim qalıqların yaşı təxminən e.ə. 8000-ci ilə gedib çıxır.
Bu qəbiristanlığın yerləşdiyi bölgə bu gün səhralıq olsa da, o dövrdə "yaşıl Sahara" mərhələsində idi. Musson yağışları bölgəni göllər, bitki örtüyü, begemotlar və timsahlarla zəngin bir ekosistemə çevirmişdi. Sahara təxminən hər 21 min ildən bir rütubətli və quraq dövrlər arasında dəyişir. Son yaşıl dövr 15 min–5 min il əvvəl baş verib və Gobero məhz həmin dövrdə formalaşıb. Bir vaxtlar bu ərazi böyük şirin su gölünün yanında yerləşirdi və insanlara su, balıq və qida təmin edirdi.
Arxeoloji tapıntılar göstərir ki, bölgədə iki fərqli insan qrupu yaşayıb. İlk qrup ovçu-balıqçılardan ibarət olub və təxminən e.ə. 7700-cü illərdə burada böyük bir qəbiristanlıq yaradıb. Daha sonra 6200–5200-cü illərdə baş verən quraqlıq səbəbindən ərazi tərk edilib. Daha sonra iqlim yenidən dəyişdikdə ikinci qrup bölgəyə qayıdıb, lakin təxminən 5000 il əvvəl yenidən quraqlıq başlayanda bu icma da məhv olub.
Maraqlıdır ki, bu iki qrup həm fiziki quruluşlarına, həm də mədəniyyətlərinə görə fərqlənirdi, lakin eyni ərazini dəfn yeri kimi seçiblər.
"Sanki bioloji baxımdan tam fərqli iki insan qrupu eyni yerdə öz ölülərini dəfn edib və ən böyük sual odur ki, onlar bir-birinin məzarlarını necə pozmadan bunu bacarıblar", deyə bioarxeoloq Kris Stoyanovski bildirib.
Alimlər hesab edir ki, Gobero yalnız başlanğıcdır. Sahara ölçüsünə görə ABŞ kontinental ərazisi qədər böyükdür və onun çox hissəsi hələ də araşdırılmayıb. Buna görə də səhranın hələ çox sirləri gizlətdiyi düşünülür.
Aydın
Şərhlər