Xəbər lenti

Meşənin ortasındakı təyyarə: Onun haradan gəldiyini heç kim bilmir
Dünya 18:18 30.03.2026

Meşənin ortasındakı təyyarə: Onun haradan gəldiyini heç kim bilmir

Bali adasında, çimərlikləri və məbədləri ilə tanınan bu məşhur turizm məkanında son illərin ən qəribə aviasiya "artefakt”larından biri aşkar edilib. Sadəcə istirahətlə kifayətlənməyib adanın dərinliklərini araşdıran turistlər cəngəlliyin ortasında yerləşən sərnişin təyyarəsi – "Boeing 737” ilə rastlaşa bilirlər.

Qaynarinfo supercarblondie.com-a istinadən xəbər verir ki, təyyarə Raya Nusa Dua Selatan şosesinin yaxınlığında, artıq fəaliyyət göstərməyən əhəngdaşı karxanasında yerləşir. "Boeing 737” uzun illərdir hasarlanmış şəxsi ərazidə dayanır və onun ora necə gətirildiyinə dair rəsmi izah hələ də yoxdur. Bu ölçüdə bir texnikanın daşınması diqqətdən kənarda qala bilməzdi, lakin heç kim turistlərə bu nəhəngin mənşəyini açıqlaya bilmir.

"Nə qədər geniş yayılmış versiyaya görə, varlı bir biznesmen təyyarəni alaraq onu restorana çevirmək istəyib”, deyə materialda qeyd olunur.

Lakin yerli sakinlərin sözlərinə görə, layihənin maliyyəsi tezliklə tükənib və təyyarə taleyin ümidinə buraxılıb. Məqalə müəllifləri vurğulayırlar ki, bu versiya heç vaxt rəsmi təsdiqini tapmayıb və yalnız davamlı şayiə kimi qalır.

Bu "Boeing”in haradan gətirildiyi, texniki vəziyyətinin necə olduğu və yenidən uça bilib-bilməyəcəyi məlum deyil. Hazırda o, sadəcə hasarın arxasında qalır. Maraqlananlar onu yaxınlıqdakı konteynerlərə qalxaraq və ya kiçik cığırla keçərək görə bilirlər, lakin yaxın məsafədən baxmaq üçün ehtimal ki, kiçik ödəniş tələb olunur.

Qeyd olunur ki, bu, Balidə yeganə belə hal deyil. Nəşrin məlumatına görə, adada daha bir "Boeing 737” təxminən 2007-ci ildən "Dunkin’ Donuts” yaxınlığında dayanır. Onun hekayəsi də oxşardır: əvvəlcə restoran layihəsi planlaşdırılıb, lakin sonradan dayandırılıb.

"Bu ikinci təyyarə hətta qısa müddətə "ikinci həyat" qazanıb – 2018-ci ildə tədbirlər üçün məkan kimi istifadə olunub”, deyə müəllif qeyd edir. Bu fakt göstərir ki, Balidə uçuş zolaqlarından uzaqda sərnişin təyyarələrinin peyda olması nadir hadisə deyil.

Aydın

--> -->