Bütün dünyada, o cümlədən də Avropada demokratiya nəzəriyyəsi dəbdən düşməyə davam edir. Məlum olur ki, "demokratiya” anlayışını cazibəli edən, sadəcə, onun nəzəriyyə halı imiş. Praktikada isə vəziyyət fərqli dalğalarda cərəyan edir.
Qədim Roma və Yunanıstanın idarəetmə sistemi "quldarlıq demokratiyası” adlanırdı. Qulun insan sayılmadığı bir cəmiyyətdə idarəçilik sisteminin demokratiyaya əsaslanmasından təzadlı nə ola bilər? Hələlik burada bir yanlışlıq olduğunu düşünə bilərsiniz, amma tələsməyin.
Məsələ ondadır ki, "quldarlıq demokratiyası” modeli demokratiya fəlsəfəsinin tələblərinə zidd deyil və tamamilə mümkündür. Belə ki, çoxluğun iradəsi quldarlığı, eləcə də edam cəzası, hüququn şəriətlə əvəzlənməsi, azyaşlı şəxslərin ailə qurmağa məcbur edilməsi kimi anti-humanist ideyaları dəstəkləyirsə, dövlət bu iradəni təmin etmək məcburiyyətindədir.
Bəs bu halda çoxluğun (demosun) iradəsi insan hüquqları, vətəndaş azadlıqları kimi sivil dəyərlərlə ziddiyyət təşkil edərsə, onda nə etməli? Demokratiya bu problemi necə həll edir? Məsələ ondadır ki, demokratiya qapalı cəmiyyətlərdə bu problemləri həll edə bilmir, əksinə, problemlərin sayını artırır. Məsələn, Azərbaycanın ən demokratik, azad məkanı "Tik-tok” şəbəkəsidir. Ancaq kimi dindirirsən, ”Tik-Tok”un bağlanmasını istəyir. Niyə? Çünki orada nəzarət, qayda, cərimə, cəza sistemi yoxdur, azad, senzurasız mühitdir və bu azad mühitdə biz hansı eybəcərliklər yaratdığımızı özümüz əyani şəkildə görürük.
Ona görə də məsləhətdir ki, "demokratiyaya hazırlıq” söhbətini qulaqardına vurmayaq.
Belə çıxır ki, hətta Azərbaycan kimi yarımühafizəkar cəmiyyətlər belə, dövlətin müdaxiləsi olmadan tolerantlıq, fərdi azadlıq, hüquqi bərabərlik kimi dəyərləri qorumaq əzmində deyil. Çünki konservativ düşüncə hüquqa müxalifətdədir. Demokratiyanın əsas məqsədi bütün sahələrdə dövlətin diqtəsini azaltmaq, özəl sektorun və vətəndaş cəmiyyətinin imkanlarını artırmaqdır. Demokratik mühit bu prosesi başladır, lakin iki sistem (dövlət – vətəndaş cəmiyyəti) arasındakı mürəkkəb münasibətləri lazımi səviyyədə tənzimləyə bilmir. Dövlət müdaxiləsinin minimuma endirildiyi siyasi və iqtisadi mühitdə müəyyən qruplar hədsiz varlanır, digər sosial qruplar isə hədsiz yoxsullaşır. Burada balansı saxlamaq və özəl şirkətlərin mediaya, həmçinin QHT-lərə nəzarəti ələ keçirməsinə maneə olmaq üçün dövlətin iradəsinə zərurət yaranır. Yəni, bir daha ictimai müqavilənin müddəalarına - (dövlət və toplum arasında ən qədim razılaşmaya) ehtiyac duyulur.
Müasir demokratiya nəzəriyyəçilərindən olan Robert Dahl və demokratiyanın Qərbdə ən populyar tənqidçisi sayılan yəhudi əsilli filosof Noam Homski demokratiyanı məhdud dairədə inkişaf edən, sərhədlərə və ölçülərə malik proses kimi təhlil edirlər. Homski özlüyündə anarxizmin (dövlətin bir institut kimi ləğvinin) tərəfdarıdır.
Yeri gəlmişkən, qeyd etmək istərdim ki, vətəndaş cəmiyyəti bəzilərinin güman etdiyi kimi xarici ölkələrin donor təşkilatlarından alınan qrant qarşılığında öz dövlətinin maraqlarını satmaq demək deyil. "Havayı pendir tələdə olur” hipotezindən çıxış etsək, aydınca görərik ki, Qərbin "demokratiya ixracatçıları”nı tutalım, Qafqazın hansısa kiçik bir ölkəsində demokratiyanın vəziyyəti yox, əslində, öz iradəsini təmin etmək maraqlandırır. Əgər belə olmasaydı, hər fürsətdə insan haqlarını əlində bayraq edən ABŞ kimi supergücün Yaxın Şərqdəki ən yaxın müttəfiqi müxalifətçiləri qılıncla edam edən Səudiyyə Ərəbistanı olmazdı. Başqa bir paradoksal vəziyyət: Çindən ölüm hökmünü ləğv etməyi tələb edən ABŞ-ın 30 ştatında edam cəzası hələ də qalmaqdadır.
Beləliklə, demokratiya ideyası iki formada iflasa uğrayır:
1. Demokratiyanın qüsurları cəmiyyətdə həlli çətin olan problemlər yaradır və bu səbəbdən ondan imtina edilir.
2. Demokratiya qanun cildinə girmiş diktatura növü kimi get-gedə nüfuzdan düşür.
İndi gələk Qərbi Avropanın bizə xoş görünən, maddi rifah səviyyəsi bizdən qat-qat yaxşı olan demokratik ölkələrinə. Əvvəla onu deyək ki, Avropa Birliyi yarandığı gündən liberal demokratiya istiqamətini yox, məhz, sosial-demokratiya yolunu seçib. Yəni, Avropada vətəndaşların sosial ehtiyaclarının ödənilməsinə birbaşa olaraq, dövlət cavabdehdir və dövlətin həm fərdlər, həm də ictimai təşkilatlar üzərində ciddi təsiri var. (Liberalizmdə dövlətin rolu minimal dərəcədə zəifləyir, özəl biznes isə çiçəklənir.)
Məsələn, Almaniyada bayram günlərində ticarət mərkəzlərinin, marketlərin işləməməsi barədə dövlətin qərarını heç bir azad sahibkar dəyişə bilməz.
Bu da yuxarıda dediyimiz "qanunların diktaturası” məsələsinə əyani bir sübut. Kimsə şəxsən, məni inandıra bilməz ki, demokratik Almaniyada axşam saat 6-dan sonra dükanların bağlanması qərarı əhalinin istəyi əsasında qəbul edilib. Yaxud İsveçin "parklarda, küçədəki skamyalarda spirtli içki içmək olmaz” qanununu qəbul edərkən, əlbəttə, xalqla məsləhətləşməyiblər.
Sual doğur: Bəs, bu qanunları kim qəbul edir? Deyəcəksiniz ki, xalq və ya xalqın seçdiyi parlament, xalqın etimad göstərdiyi səlahiyyətli şəxslər. Bəs, xalq necə seçir? Solyönümlü demokratiya Avropa insanını elə formalaşdırıb ki, onu üçün siyasi proseslərin, siyasi qərarların, seçkilərin gedişatından daha çox, özünün maddi durumu, öz sosial statusu maraqlandırır.
Bu gün Avropa ölkəsinin istənilən əyalətində sorğu keçirsəniz, məlum olacaq ki, yerli sakinlər heç öz deputatlarını tanımırlar. Bəs, xalqın seçimi söhbəti haradan çıxdı?
Bunu da deyim, gedirəm. Proses belə baş verir: dərin dövlət namizədləri seçkiqabağı özü müəyyənləşdirir, KİV-lərə həmin namizədlərin təbliğatının aparılması barədə göstəriş verilir. Xalqa isə medianın təqdim və təbliğ etdiyi 2-3 nəfər arasında seçim haqqı verilir. Bəs, media azadlığı hara qeyb oldu? Heç zad, bu da demokratiyanın növbəti illüziyası imiş! Nəzərinizə çatdıraq ki, kapitalizm dünyasında media heç də kənardan göründüyü kimi özbaşına deyil. Nəhəng izləyici audioriyasına malik KİV-lər əsasən, ya dövlətin, ya da iri holdinqlərin nəzarətində olur. Beləliklə, heç bir halda xalqın onun üçün tərtib olunmuş menyüdən imtina etmək imkanı yoxdur. Xalqın seçim azadlığı sadəcə, pizzanın üstündən meyvə şirəsi, yoxsa mineral su içəcəyinə qərar verməkdə sərbəst olan şəxsin seçim haqqı qədərdir.
Şəlalə Göytürk Niaqara
Şərhlər