"Qisas” əməliyyatı ilə yenidən Azərbaycandan güclü zərbələr alan Ermənistan rəhbəri Nikol Paşinyan son günlər qonşu ölkə liderləri ilə telefon danışıqlarını intensivləşdirib. Belə ki, Pşainyan bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. İndi isə o, İran Prezidenti Seyid İbrahim Rəisilə telefon əlaqəsi qurub. Söhbət əsnasında Rəisi son günlər regionda vəziyyətin gərginləşməsindən danışaraq, Bakı, Moskva və İrəvan arasında imzalanan üçtərəfli bəyanata əməl olunmasının zəruriliyini bildirib. Paşinyan isə İran prezidentini özünəməxsus şəkildə təmas xəttində baş verən son toqquşmalar barədə məlumatlandırıb. Başlıcası isə İran Prezidenti Tehranın sülh və sabitliyin təmin edilməsi, Qafqaz regionunun böyüməsi və inkişafı üçün bütün imkanlarından istifadə etməyə hazır olduğunu deməklə yanaşı, regionda geosiyasi dəyişikliklərin İran üçün qəbuledilməz olduğunu da diqqətə çatdırıb.
Qeyd edək ki, buna bənzər açıqlama ilə iyulun 19-da İranın Ali lideri Ayətullah Xamneyi də çıxış edib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə Tehranın Ankara və Bakının İran və Ermənistan sərhədini bağlamaq siyasətinə qarşı çıxdığını bəyan etmişdi. Bu zaman o, hətta İranla Ermənistan arasında guya min ildən artıq tarixi əlaqələrin olduğunu da qeyd edib. Halbuki, həmin dövrdə bu coğrafiyada Ermənistan adlı dövlət olmayıb və İranın da onunla min illik tarixə malik hansısa bir tranzit əlaqəsi ola bilməzdi. Bir sözlə, İran rəsmiləri regionda sülh və əmin-amanlığın olmasında maraqlı olduqlarını desələr də, digər tərəfdən, regionun inkişafına ciddi təkan verəcək geosiyasi dəyişiklikləri özləri üçün qəbuledilməz hesab edirlər.
Məsələ barədə Qaynarinfo-ya açıqlama verən konfliktoloq Üzeyir Şəfiyev düşünür ki, İran rəsmilərinin regionda yeni geosiyasi dəyişikliklərdən narahatlıq keçirməsi türk dünyasının bölgədə güclənməsindən irəli gəlir:
"İran permanent şəkildə ardıcıl olaraq bu mövqedən çıxış edir. Bu isə onu göstərir ki, İran Zəngəzur dəhlizinə qarşı dirənmək istəyir. Tehran geosiyasi dəyişiklikləri qəbul etməyəcəyi mövqeyini ortaya qoyur. Tehran 44 günlük müharibə ilə Azərbaycanın yaratdığı yeni reallıqları həzm edə bilmir, bundan narahatlıq keçirir. Halbuki, Azərbaycan dəfələrlə bəyan edib ki, ölkəmizin heç bir dövlətə qarşı ərazi iddiası yoxdur. Zəngəzur dəhlizi vasitəsilə Türkiyə Cənubi Qafqaza, Mərkəzi Asiyaya yol açılır. Bu dəhlizin türk dövlətləri coğrafiyasında yeni gəzişmələrə fürsət açması Tehranı qıcıqlandırıb. Zəngəzur dəhlizi tək Azərbaycan və Türkiyə üçün deyil, bütün region və Avropa ölkələri üçün də maraqlı loqistik layihədir. Bu layihə hətta İran üçün də çox böyük əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi İranın Ermənistanla əlaqələrinə heç bir halda problem yaratmayacaq. İranın bu narahatlığı əsassızdır”.
Ekspert bildirir ki, Tehranın hansı mövqe sərgiləməsindən asılı olmayaraq, sözügedən dəhliz açıalcaq:
"İrandan xaric digər dövlətlər bu dəhlizin açıqmasında maraqlıdır. Azərbaycan, Türkiyə, Rusiya onda maraqlıdır. Avropa isə bəzi məqamlara görə, prosesə bir qədər tərəddüdlü yanaşır. İranın dirənişi də mənasızdır. heç nəyə nail olmayacaq. Zəngəzur dəhlizinin açılması daha böyük geosiyasi dairələrin marağındadır”.
Ü.Şəfiyev məsələ ilə bağlı Tehranın İrəvanı öz tərəfinə çəkəcəyinə də inanmır:
"Bu mümkün deyil. Ermənistan köhnə, xəstə miflərə qapılmasa, anlayacaq ki, həmin dəhliz onu üçün bir nəfəslikdir. Ermənistan dəhlizə qoşulmaqla inkişaf yolunu seçə bilər. İrəvan başa düşməlidir ki, Tehran ondan bu məsələdə alət olaraq istifadə edir”.
Rüfət Sultan
Şərhlər