Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 9 nəfər ölüb, 37 nəfər yaralanıb.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Səhiyyə Naziri Fəxrəddin Qoca bildirib. Yaralılardan 9-nun durumu ağırdır.
13.22
İranla sərhəddə baş vermiş zəlzələ zamanı Türkiyədə ölənlərin sayı 8 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
O, qeyd edib ki, zəlzələ zamanı 21 nəfər xəsarət alıb. Nazir yaralılardan 8-nin vəziyyətinin ağır olduğunu qeyd edib.
Təbii hadisə həmçinin dağıntılara səbəb olub, yaşayış evləri zərər çəkib.
12.39
Türkiyənin İranla sərhədindəki zəlzələ zamanı bu ölkənin bir neçə vətəndaşı həlak olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu "Haber Türk” telekanalının efirində bildirib.
O, qeyd edib ki, zəlzələ zamanı Van vilayətində 7 nəfər ölüb. Nazirin sözlərinə görə, ölkənin daha 5 vətəndaşı müxtəlif xəsarətlər alıblar. Yaralılar xəstəxanalara yerləşdiriliblər.
Qeyd edək ki, İran-Türkiyə sərhədində 5,7 maqnitudada zəlzələ olub. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Təbrizdən 141 kilometr qərbdə yerləşib.
10.48
Bu gün səhər saatlarında İranda güclü zəlzələ olub.
Qaynarinfo xəbər verir ki, yerli vaxtla saat 08.53 radələrində İranın Xoy şəhərində 5.9 maqnitudalı zəlzələ olub.
Dağıntı və tələfat barədə məlumat verilmir.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda hiss edilib.
Bu gün yerli vaxtla saat 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 4-3 bala qədər hiss olunub.
Şərhlər