"İranın Şərqi Azərbaycan əyalətində baş verən güclü zəlzələnin Azərbaycan üçün təhlükəsi yoxdur".
Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, İranda baş verən zəlzələ Azərbaycanın sərhədə yaxın ərazilərində 4 bala qədər hiss olunub: "Zəlzələnin episentri bizim ən yaxın stansiyamızla 115 kilometr məsafədə yerləşir. Zəlzələnin maqnitudası 6 olduğundan güclü yeraltı təkan hesab etmək olar və özünə daha yaxın əraziləri silkələyə bilər. Amma Azərbaycan üçün bunun heç bir təhlükəsi yoxdur. Sadəcə olaraq, Azərbaycanın sərhədə yaxın yaşayış məntəqələrində 4 bala qədər, sərhədyani rayonlarda isə 3 bala qədər hiss olunub. Yəni, qorxulu heç nə yoxdur. Təbii ki, afterşokların davam etməsi normaldır. Amma həmin afterşokların Azərbaycan əraziləri üçün hissetmə təsiri belə yoxdur. Ümumiyyətli, qonşu ölkələrdə baş verən zəlzələlərin Azərbaycana təsiri sadəcə onun hiss olunmasıdır".
Qeyd edək ki, noyabrın 8-də 02:47-də İranın Şərqi Azərbaycan əyalətində baş verən güclü zəlzələdə azı 5 nəfər həlak olub. Zəlzələ zamanı 320 nəfər xəsarət alıb. Zəlzələnin episentri Təbriz şəhərindən 156 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 62 kilometr dərinlikdə olub. Azərbaycanın sərhəd rayonlarında, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Ordubad, Culfa, Beyləqan, Horadizdə 4-3 bala qədər hiss olunub. Zəlzələ 6 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.
Şərhlər