Xəbər lenti

İranın “Qafqaz dəhlizi” ideyası mifdir, sadəcə, qulağa xoş gələn cümlədir - Ekspert
Siyasət 18:45 12.10.2021

İranın “Qafqaz dəhlizi” ideyası mifdir, sadəcə, qulağa xoş gələn cümlədir - Ekspert

"İranın "Qafqaz dəhlizi” ideyası mifdir. Onu reallaşdırmaq çətindir. Bu ideya siyasi, iqtisadi və maliyyə əsası olmayan, sadəcə qulağa xoş gələn bir cümlədir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli İranın Yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Xademinin Tehranın Ermənistan vasitəsilə Gürcüstana "Qafqaz dəhlizi” adlandırılan yeni tranzit yolunun tikintisində iştiraka hazır olduğunu bildirməsinə münasibətində deyib.   

Həmsöhbətimizin fikrincə, coğrafi və iqtisadi-siyasi baxımdan da onun reallaşması çətindir: 

"Bu layihənin maliyyə mənbəyi də yoxdur. Təxminən 1 milyard dollardan çox vəsait lazımdır ki, Ermənistanda bu pul yoxdur. Gürcüstan isə ora vəsait yatırmaq fikrində deyil. İran isə belə layihələri təkbaşına maliyyələşdirmək istəmir. Çünki perspektivi zəifdir”.

Ekspert düşünür ki, bu ideyanı İran ortaya gələcəkdə Zəngəzurdan keçəcək Şimal-Cənub, Şərq-Qərb dəhlizlərində özü üçün pay almaq, Bakı ilə danışıqlarda müəyyən üstünlüklər əldə etmək məqsədilə atıb: 

"İranlı nazirin bu açıqlamasını siyasi və iqtisadi cığallıq kimi dəyərləndirmək olar. Məntiq tamam başqa şey deyir. Avropaya çıxmaq istəyən Gürcüstan üzərindən niyə yenidən Türkiyəyə çıxır ki? İranın onsuz da Türkiyə ilə birbaşa sərhədi var. Ona görə bunun üçün Gürcüstana ehtiyac yoxdur. Söhbət Rusiyaya çıxışdan gedirsə, bu da məntiqsizdir. Çünki Ermənistan üzərindən Gürcüstandan keçməklə Rusiyaya yeni koridorun açılması baha başa gələn layihədir. Digər tərəfdən, Tiflislə Moskvanın münasibətlərinin gərgin olduğunu və ilin 5-6 ayı avtomobillərin keçidi mümkünsüz olan Yuxarı Lars keçid məntəqəsini nəzərə alsaq, bu da məntiqli deyil. İran üçün ən asan, sərfəli və ucuz yol məhz Azərbaycan üzərindən keçən dəhlizlərdir”.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->