İranlı senatorun 70 il əvvəl Bakıda gördükləri: “İnsanlar bu bahaçılıqla necə yaşayır?!”

İranlı senatorun 70 il əvvəl Bakıda gördükləri: “İnsanlar bu bahaçılıqla necə yaşayır?!”

"23 il əvvəl Bakıya gələndə, insanları səfalət içində gördüm. Ərzaq və geyim qıtlığı vardı. Şəhər çirkli idi, səfalət qapılardan və divarlardan süzülürdü. Lakin son səfərimdə şəhərdəki vəziyyət tamamilə dəyişmişdi. Təmiz paltarlı insanlar, corablı və ayaqqabılı qadınlar, abad küçələr, ağaclı-çiçəkli bulvar, qida və geyimlə dolu mağazalar, bir sözlə, hər şey öz axarında...”

Yenisabah.az "Entexab”a istinadla xəbər verir ki, bu sətirlər Stalin hakimiyyətinin son ilində – 1952-cü ilin aprelində keçmiş SSRİ-yə səfər etmiş "Ettellat” qəzetinin naşiri və İran senatının üzvü Abbas Məsudinin ""Dəmir pərdə”nin arxasında gördüklərim” kitabındandır.

İlk dəfə Stalinin hakimiyyətinin altıncı ilində Sovet İttifaqına səfər etmiş şah dövrünün tanınmış jurnalist və siyasətçisi bir neçə dəfə sovetlər ölkəsində olub. Onun son səfərində Bakı ilə bağlı xatirələr yer alıb.

Sovet İttifaqına dördüncü səfərinə dair ""Dəmir pərdə” arxasında gördüklərim” kitabında müəllif yazır:

"Bu, Sovet Rusiyasına ilk səfərim deyildi. Sovet İttifaqına ilk səyahətim 23 il əvvəl, 1929-cu ildə olub və Sovet İttifaqına növbəti səyahət üçün dördüncü dəfə Xəzər dənizi adladım.

23 il əvvəl dənizin bu tərəfində Pəhləvi (Ənzəli) limanını və dənizin digər tərəfində Badkubə (Bakı) limanını gördüm ki, bu gün ikisini müqayisə etdikdə, çox böyük bir fərq gördüm...

23 il əvvəl Bakıya gələndə, insanları səfalət içində gördüm. Ərzaq və geyim qıtlığı vardı. Şəhər çirkli idi, səfalət qapılardan və divarlardan süzülürdü. Lakin son səfərimdə şəhərdəki vəziyyət tamamilə dəyişdi. Təmiz paltarlı insanlar, corablı və ayaqqabılı qadınlar, abad küçələr, ağaclı- çiçəkli bulvar, qida və geyimlə dolu mağazalar, bir sözlə, hər şey öz axarında...

Sovet ittifaqına səfərim zamanı bir günü Bakıda keçirdim və bir həftə Moskvada oldum.

...Kiçik sərnişin gəmisi "Pioner” sovet hökumətinin qonaqlarını qəbul etmək üçün sahildə lövbər atmışdı. Yolasalma mərasimi üçün limanda bir qrup gömrük işçisi və sərnişinlərin dostları, habelə bir neçə sovet casusu toplaşmışdı. Gəminin yanında çamadanlar gözə dəyir və hamı sahildən ayrılma vaxtını gözləyirdi. Birdən rus dilindən fars dilinə bir mesaj tərcümə edildi: "Cənablar, gəmi üçün bilet alınmalıdır!”

Üzlər qızardı və hirsli ifadə aldı. Bu nə deməkdir? Sovet hökumətinin qonağıyıq, niyə bilet almalıyıq ki?! Gəmi kapitanı dedi: "Mən təqsirkar deyiləm, müvafiq göstəriş verilməyib. Qonaqları Moskvaya çatdırmaq üçün gəmini gətirmişəm, amma bilet barədə mənə bir söz deyilməyib”.

Hamı təəccüblə bir-birinə baxdı, xoşagəlməz məlumatdan təsirləndi və bir saat sonra sərnişinlərdən heç biri göyərtədə qalmadı. Söhbət yalnız bilet almaqdan getmirdi, nümayəndə heyəti bu cür halların sonrakı günlərdə təkrar ediləcəyindən narahat idi.

Araşdırma nəticəsində sovet hökumətinin Bakıya gəlişdən Pəhləvi limanına qayıdışa qədər olan məsafənin qəbul proqramına daxil etmədiyi ortaya çıxdı. Bir saat sonra nümayəndə heyətinin biletini cənab Çitsaz 1750 riala aldı və müşkül çözüldü.

"Pioner” Pəhləvi (Ənzəli) limanından ayrılaraq Xəzər dənizinin duzlu sularına qərq olduğu vaxt 28 aprel, Cümə günü, günortadan sonra saat 3 idi. Gəminin kiçik salonunda səliqəli masa örtükləri, qırmızı pərdələr və sovet liderlərinin portretləri gözə dəyirdi, qələbəlik ora toplaşmışdı və səsgücləndiricidən mütəmadi olaraq Qafqaz, xüsusən, gürcü melodiyaları səslənirdi.

Birdən 12 nəfərlik heyətimizdən kimsə dedi: "Cənablar, bir təklifim var. Sabah günortadan əvvəl, yəni 22 saatdan sonra müxbirlərin bizi əhatə edəcəyi və orğu-suala tutacağı Bakıya yetişəcəyik. Nə danışacağımız indidən məlum olmalıdır. Şübhəsiz, neft məsələsi jurnalistlərin suallarında əsas yer tutacaq, bu mövzuya önəm verirlər və cavablar qabaqcadan düşünülməlidir”.

...Şənbə günü, günorta saatlarında üfüqdə uzaqdan meşəyə bənzəyən neft quyuları ilə Bakı göründü. "Meşə” "ağaclar”la dolu idi, sahildə və qismən suda göyə ucalan neft buruqlarının hündür dirəkləri bu bölgənin əhəmiyyətini göstərirdi.

Böyük və kiçik tankerlər Bakı sahilini doldurmuşdu, bununla bərabər, yeni binaları görmək olurdu və biz sahilə yaxınlaşırdıq.

"Pioneer” gəmisi Bakı gömrük limanında lövbər atmazdan əvvəl sahil sularında dayandı, bir həkim və iki zabit gəmiyə daxil olub pasportları yoxladı və gəmi yenidən yola çıxaraq gömrükdə dayandı.

Heyrət! Bəs jurnalistlər haradadır?! Baxın, körpünün üstündə 2 zabitlə birlikdə yalnız bir kişi və bir qadın dayanıb, başqa canlı görünmür.

Bakının mənzərəsini seyr edən bir nəfər: "Tələsməyin, jurnalistlər bizi gömrük binasının çölündə gözləyə bilər”, – dedi. Bir başqası: "Jurnalistlərin bizi görməməsi qeyri-mümkündür”.

"Cənab, sizcə, buradakı jurnalistlər də bizim jurnalistlər və indi boynumuza minmiş digər ölkələrin jurnalistləri kimidir?!”

"Səhv salmayın, bura Sovet İttifaqıdır, – dedim. – Bura nizam-intizam ölkəsidir. Buradakı vəziyyət dünyanın hər yerindən fərqlidir. Jurnalistlər burada prinsiplərə uyğun olaraq işləyirlər. Xəbər və müsahibə barədə göstəriş yoxdursa, ortada görünmürlər, ölkələrinə daxil olan əcnəbilərlə icazəsiz əlaqə yaratmaları mümkün deyil”.

Günorta gəminin pilləkənləri ilə enib sahilə ayaq basdıq. Bizi ilk qarşılayan "İnturist”in xanımı idi. "Xanım İnturist”i Avropaya illər öncə səyahət etmiş bütün iranlılar tanıyır. İllər onun simasında dəyişikliklər etsə də, hələ də çox mehriban bir qadındır. Qonaqları gömrüyə aparmaq, rəsmi tələbləri yerinə yetirmək və daha sonra "İnturist”də yerləşdirmək onun vəzifələridir.

Xanımın yanında dayanan, iltifatdan sonra qəflətən heyəti müşayiət etmək üçün liman körpüsünə doğru irəliləyən ikinci şəxsin adı İosif idi. O da "İnturist”i təmsil edirdi.

Gömrükdə rəsmi işlər ehtiram və əngəl olmadan başa çatdıqdan sonra İosif və həmkarı bizi dörd "İnturist” avtomobilində otelə apardı. Bir neçə təmiz küçədən keçdik, adamları qaydasında gördük, 23 il əvvəlkindən fərqli olaraq, şəhərdə qovşaqları xoş geyimli milislərin idarə etdiyini, çox sayda maşın gördük. Köhnə Bakı malikanələrinin sındırılmış qapı və pəncərələri gözə dəymirdi, dükanlar açıq idi və vitrindən içəridəki mallar görünürdü.

Hamını təəccüb bürüdü, insanları geyimli-keçimli görmək təsəvvürümüzə belə gəlməzdi. Təmiz küçələr, qapı-pəncərəli binalar, yaşıllıq. Halbuki bir neçə il əvvəl şəhərin və insanların vəziyyəti çox pis idi. Bakı keçmişdən çox fərqli olduğunu göstərirdi.

..."İnturist”in təmtəraqlı restoranda İran nümayəndə heyəti nahar etdi və qarsonlar təmiz libaslarda bizə xidmət göstərdilər.

Heyətin rəhbəri doktor Mətndəftərinin qarşısına qoyulmuş hesaba görə heyət üzvləri ödənişdən azad edilirdi – 440 rubl. 1 dolların məzənnəsi 4 rubldur və bu hesabla, 12 nəfərlik nahar 110 dollara başa gəlib.

"İnturist” restoranındakı hesab bizi malların qiymətini düşünməyə və öyrənməyə vadar etdi və biz dolanışığın nə qədər baha olduğunu başa düşdük. Araşdırmalar zamanı bildik ki, portağalın qiyməti 6 rubl, yəni 1,5 dollardır. Bir kilo çörək 4 rubl, ətin kilosu 18-24 manat, kərə yağının kilosu 35 rubl, 1 kq şəkərin qiyməti 24 rubl.

Həqiqətən, insanlar bu bahaçılıqla necə yaşayırlar?!

İosifin əmri ilə bizi saat 5-də Bakının dəmir yolu vağzalına aparmazdan əvvəl şəhərdə gəzdirən taksi sürücüsünün suallarımıza cavabı bir çox mətləbi aydınlaşdırdı.

– Aylıq maaşınız nə qədərdir?

Taksi sürücüsü cavab verdi:

– 650 rubl.

– Arvadınız və övladlarınız var?

– İşləyən və maaş alan bir arvadım var. Ayda min rubl alır.

– Evin kiayə haqı nə qədərdir?

– 15 rubl.

Bu necə ola bilər?! Kirayə haqqı niyə bu qədər ucuzdur? 15 rubl, bir otaq üçün, 1650 manat maaşla!

Taksidə üç nəfər idik və sürücünün heç bir sözünə inanmadıq.

Bir neçə köhnə küçədən keçib yeni inşa edilmiş məhəlləyə aparıldıq, yaşayış üçün tikdikləri çoxmərtəbəli binaları uzaqdan izlədik. İnşaat işlərini, böyük Hökumət Evini və inşası davam edən binaların təməllərini gördük.

Nizami Gəncəvi meydanına gedən yol. İranın məşhur şairinə muzeyin qarşısında, meydanın ortasında qoyulmuş böyük heykəli diqqətimizi çəkdi. Bu, sovet hökumətinin şairlərə və alimlərə böyük əhəmiyyət verdiyini göstərirdi. Vaxtilə İrana mənsub olan Gəncə indi Sovet İttifaqının bir parçası olduğundan bu əziz İran şairi onlarınkı kimi tanınır, buna görə də, meydandakı parkda heykəli qoyulub və əsərləri muzeydə saxlanılır.

Digər böyük şair və yazıçıların da yeri Sovetlərin gözündə ucadır. Sovet İttifaqında Firdovsinin minilliyini qeyd etmək üçün tədbir keçirilsə, bu ölkədəki insanlar, əsasən, uşaqlıqdan öz şairləri ilə tanışdır, indi Tolstoy kimi məşhur rus yazıçısını hər bir məktəbli tanıyır və əsərlərini oxuyur.

Bakıda üstündə fars və ərəb yazısı olan nəhəng bir bina gördük və girişin qızılı sətirləri arasında "Tağıyev” adını oxuya bildik. Məlum oldu ki, burada iranlılara məxsus böyük malikanələr var, indi orada sovet ofisləri yerləşir. Bakıda bu cür binalar çoxdur, onlar neft bumunun yadigarlarıdır.

Taksidə sürücü ilə yenə dolanışıq barədə danışdıq... Bir cüt ayaqqabının qiyməti 250-300 rubl, qadın köynəyinin qiyməti 400-700 rubldur.

İosif bizi xüsusi vaqona yerləşdirdikdən və vaqon- restoranın menecerinə təqdim etdikdən sonra vidalaşdı və qatar yola çıxdı.

...Hamı restoran radiosunun ətrafına toplanmışdı.

Nə baş verir?

"İndi Kreml qiymətlərdə endirim qərarını açıqlayacaq”, – deyə cənab Sərvəryan şirin fars dilində cavab verdi.
X
XƏBƏRLƏR
BLOGLAR