Ermənistan Kəlbəcər istiqamətində atəşkəsi yenidən pozdu. Bu, Paşinyanın seçkiöncəsi gözlənilən sərhəd təxribatlarının davamıdır.
Lakin açıq qalan sual var: niyə Kəlbəcər?
Laçın-Gorus sərhədində yaranan problemdən sonra Ermənistan təxribatları əsasən Kəlbəcər istiqamətində həyata keçirir və hədəf məlumdur.
Paşinyanın təklif etdiyi "beynəlxalq müşahidəçi”lərin Azərbaycan-Ermənistan dövlət sərhədinin bütün xətti üzrə yox, məhz Kəlbəcər istiqamətində yerləşdirilməsi nəzərdə tutulur: Sotkdan (Söyüdlüdən) Gorusun Xoznavar (Xəzinəvar) kəndinə qədər.
Kəlbəcər istiqamətində intensiv təxribatların törədilməsi də böhranın dərinləşdirilməsi və "beynəlxalq müşahidəçi”lərin yerləşdirilməsinə şəraitin yaradılmasına hesablanıb.
Növbəti atəşin bu gün (10 iyun) – ABŞ dövlət katibinin köməkçisi Filip Rikerin İrəvanda Paşinyanla görüşündən sonra açılması təsadüfi deyil.
Rikerin kəşfiyyat xarakteri daşıyan Bakı və İrəvana səfərinin iki əsas məqsədi var idi.
1. Müharibədən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını Rusiyanın təsirindən çıxarmaq.
2. Sərhədlərin demarkasiyasında ABŞ-ın vasitəçiliyini təklif etmək.
Vaşinqton Bayden-Putin görüşünə qədər tərəfləri, xüsusilə Bakını bu məsələdə razı salmağa, yaxud ən azından mövqeləri yerində öyrənməyə çalışır. Rikerin Bakıda "ABŞ sərhədin demarkasiyasına texniki kömək edə bilər” açıqlaması da "beynəlxalq müşahidəçi” məsələsinin müzakirə edildiyini təsdiqləyir.
Amerikalı diplomatın İrəvanda Paşinyanla "Qarabağı münaqişəsini” müzakirə etməsi, ardınca Ermənistanın Kəlbəcər istiqamətində atəş açması Bakının təkliflə razılaşmadığını, yaxud öz korrektlərini etdiyini deməyə əsas verir: Azərbaycan sərhəd məsələsində Minsk qrupu formatını qəbul etmir və əgər "müşahidəçi”lər gələrsə, Türkiyənin iştirakını istəyir.
Gələn həftə baş tutacaq geosiyasi təmaslarda bu məsələyə də aydınlıq gətiriləcəyi gözləniləndir. Riker İrəvanda olarkən Kəlbəcərə açılan atəş isə Bakıya, həm də prosesdə vasitəçi olan Moskvaya açılan atəşdir. Və təbii ki, Ermənistan bu atəşlə "beynəlxalq müşahidəçi” təklifinin aktuallığını qorumağa çalışır.
Asif Nərimanlı
Şərhlər