Xəbər lenti

İslamabad memorandumu: Diplomatik kompromis, yoxsa Vaşinqtonun məğlubiyyəti?
Dünya 14:08 24.06.2026

İslamabad memorandumu: Diplomatik kompromis, yoxsa Vaşinqtonun məğlubiyyəti?

Yaxın Şərqdə son hərbi-siyasi gərginliyin yaratdığı yeni reallıqlar fonunda tərəflərin hər biri özünü qalib kimi təqdim etməyə çalışır. 

Müharibələr təkcə döyüş meydanında deyil, həm də informasiya və siyasi ritorika müstəvisində davam edir. Məhz buna görə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafın Bakıda səsləndirdiyi "İslamabad memorandumu ABŞ-ın məğlubiyyətinin bəyanatıdır" fikri sıradan diplomatik açıqlama deyil. Bu bəyanat Tehranın son qarşıdurmanın nəticələrini necə qiymətləndirdiyini və həm daxili, həm də beynəlxalq auditoriyaya hansı mesajları verməyə çalışdığını göstərir. İran rəhbərliyi hesab edir ki, hərbi təzyiqlərə, sanksiyalara və siyasi təcrid cəhdlərinə baxmayaraq dövlətin və siyasi sistemin ayaqda qalması artıq qələbənin göstəricisidir. Qərb isə proseslərə fərqli prizmadan baxaraq İranın ciddi iqtisadi və hərbi itkilərlə üzləşdiyini vurğulayır. Belə bir şəraitdə Qalibafın "ABŞ məğlub oldu" tezisi ətrafında yaranan müzakirələr yalnız bir bəyanatın deyil, bütövlükdə regionda formalaşan yeni geosiyasi mənzərənin təhlilini zəruri edir.

Məhəmməd Bağır Qalibafın Bakıda səsləndirdiyi fikirlər ilk baxışdan siyasi ritorika təsiri bağışlayır. Lakin bu bəyanat təkcə cari diplomatik proseslərə deyil, həm də Tehran rəhbərliyinin son hərbi-siyasi qarşıdurmadan sonra formalaşdırmağa çalışdığı "qələbə narrativi"nə işıq salır.

İran rəsmiləri son aylarda ABŞ və İsraillə qarşıdurmanın nəticələrini öz xeyirlərinə yozmağa çalışırlar. Onların arqumenti sadədir, rejim devrilmədi, dövlət strukturları fəaliyyətini davam etdirdi və Tehran danışıqlar masasına məğlub tərəf kimi yox, müqavimət göstərmiş aktor kimi oturdu. Bu səbəbdən İran rəhbərliyi əldə olunan hər hansı diplomatik razılaşmanı hərbi təzyiq siyasətinin uğursuzluğu kimi təqdim edir.

Lakin məsələnin digər tərəfi də var. Birincisi, İranın özünün etiraf etdiyi kimi, son qarşıdurma ölkəyə ciddi iqtisadi və hərbi ziyan vurub. Strateji obyektlərə zərbələr endirilib, hərbi infrastrukturun bir hissəsi sıradan çıxarılıb və regional təsir imkanları zəifləyib. İkincisi, ABŞ və İsrailin əsas məqsədlərindən biri İran dövlətini devirmək deyil, onun nüvə və hərbi potensialını məhdudlaşdırmaq olub. Əgər bu istiqamətdə müəyyən nəticələr əldə edilibsə, o zaman Vaşinqtonun tam məğlubiyyətindən danışmaq çətin görünür. Üçüncüsü, tarix göstərir ki, beynəlxalq siyasətdə tərəflər adətən eyni hadisəni fərqli formada təqdim edirlər. Məsələn, ABŞ Vyetnamdan çıxarkən bunu "şərəfli sülh" adlandırırdı, SSRİ Əfqanıstandan geri çəkilməsini "missiyanın başa çatması" kimi izah edirdi. İranın bugünkü ritorikası da müəyyən mənada bu siyasi ənənənin davamı kimi görünür.

Qalibafın bu bəyanatı məhz Bakıda, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlament nümayəndələrinin iştirakı ilə səsləndirməsi də diqqət çəkir. Tehran müsəlman ölkələrinə göstərmək istəyir ki, Qərbin təzyiq siyasəti nəticə vermir və İran regional güc olaraq mövqeyini qoruyur.

Bu, həm də daxili auditoriyaya hesablanmış mesajdır. Çətin iqtisadi vəziyyət, sanksiyalar və regional gərginlik fonunda hakimiyyət cəmiyyətə "müqavimət qalib gəldi" tezisini təqdim etməyə çalışır.

Qalibafın "İslamabad memorandumu ABŞ-ın məğlubiyyətinin bəyanatıdır" fikri siyasi bəyanat kimi diqqət çəkir. Ancaq geosiyasi reallıqlar daha mürəkkəb mənzərə ortaya qoyur. İranın rejim kimi ayaqda qalması Tehranın arqumentini gücləndirsə də, ölkənin üzləşdiyi iqtisadi, hərbi və diplomatik itkilər fonunda ABŞ və İsrailin tam məğlubiyyətindən danışmaq da mübahisəli görünür. Əslində, ortada klassik geosiyasi paradoks var: hər iki tərəf özünü qalib elan edir, lakin münaqişənin real qiymətini region ödəyir. 

Qeyd edək ki, İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılışındakı çıxışında bəyan edib ki, İslamabad memorandumunu ABŞ-ın məğlubiyyətinin etirafı kimi qiymətləndirir:

"Bu müharibə sadəcə hərbi qarşıdurma deyildi. Bu, regionun strateji balansını dəyişdirmək və azad bir xalqa  öz iradəsini qəbul etdirmək üçün təşkil olunmuş bir cəhd idi. Təcavüzü planlaşdıranlar düşünürdülər ki, hərbi təzyiq, mühasirə, psixoloji əməliyyatlar və terror aktları vasitəsilə İran xalqını geri çəkilməyə məcbur edə və regionun tənliklərini öz istəklərinə uyğun yenidən yaza bilərlər. Lakin baş verənlər onların hesablamaları ilə tam  ziddiyyət təşkil etdi. İran xalqı göstərdi ki, müstəqil xalqlara öz iradəsini zorla qəbul etdirmək dövrü artıq başa çatıb. Dünya İranın necə müqavimət göstərdiyini və qələbəni necə əldə etdiyini gördü".

O, İranın itkilərə məruz qalmasına baxmayaraq, ABŞ və İsraili məğlub etdiyini iddia edib:

"Bu müharibə xalqımıza ağır zərərlər vursa da, bir həqiqəti üzə çıxardı: ən çətin şəraitdə xalqın müqaviməti və iradəsi təcavüzkarların bütün hesablarını alt-üst edir.  Davamlı sülh təslimçilik, təzyiq və alçalma nəticəsində yox, güc, izzət və qarşılıqlı hörmət əsasında yaranır. İslamabad anlaşması da təzyiq və məcburiyyətin yox, İran xalqının müqaviməti və qüdrətinin nəticəsi idi. Bu  anlaşma göstərdi ki, dialoq yalnız qarşı tərəf öz iradəsini qədim və mədəni bir xalqa zorla qəbul etdirməkdən əl çəkdikdə və onun hüquqlarını tanıdıqda nəticə verir. Məhz buna görə İslamabad memorandumunu ABŞ-ın  məğlubiyyətinin bəyanatı hesab edirik".

Siyasət şöbəsi
--> -->