Qəzəblənmiş camaat nazirin oğlunu döydü, obyektini yandırdı
00:20
İsmayıllıda 23 yanvar tarixinin sonunda yerli əhalinin bir qismi üsyan edib. Bu barədə musavat.com-a rayondakı hərəkatçıların birindən məlumat daxil olub. Onun bildirdiyinə görə, gecə saat 24 radələrində rayon mərkəzində xalq ayağa qalxaraq, yerli hakimiyyətin başındakı klanın – Nizami Ələkbərovun və onun nazir qardaşı Füzuli Ələkbərovun obyektlərini yandırmaqla məşğuldur.
Müxbir İctimai Palatanın Koordinasiya Şurası ilə də əlaqə saxlayıb. KŞ-nin dönəm sədri Zəfər Quliyev deyib ki, İctimai Palatanın rəhbərliyi hadisələri izləyir. İP hakimiyyəti və ismayıllıları təmkinli olmağa dəvət edir.
***
İsmayıllı şəhərindəki “Çıraq” otelinin qarşısında 2 minə yaxın insanın iştirakı ilə etiraz aksiyası keçirilir.
Məlumata görə, aksiya yanvarın 23-də gecə saat 22:30 radələrində başlayıb və hal-hazırda davam edir. Etirazçılar otelin sahibinin və onun övladlarının İsmayıllı əhalisinə qarşı təhqiramiz ifadələr işlətməsini əsas tutaraq aksiya keçirirlər. Onlar polisin müqavimətinə baxmayaraq otelə daxil olublar. Otaqları dağıdan etirazçılar oteli yandırıblar. Hazırda iki mərtəbəli oteldə güclü yanğın davam edir. Vətəndaşlar obyektin sahibinə məxsus “Hummer” və iki ədəd “Chevrolet” markalı minik maşınları da yandırıblar. Əraziyə İsmayıllı və ətraf rayonlardan polis əməkdaşları cəlb edilib.
FHN-nin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, əraziyə İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilsə də, etirazçılar onları otelə yaxın buraxmırlar və yanğının söndürülməsi hələ ki, mümkün deyil.
***
Müsavat başqanının müavini Tofiq Yaqublunun verdiyi məlumata görə üsyançılar icra başçısının evinə giriblər. Həyətdə iki motoskileti yandırıblar. İndi də qarajı oda verdilər. İnsanlar çoxdur, polis müdaxilə edə bilmir
00.55
Yerli sakinlər musavat.com-a bildirir ki, hazırda İsmayıllı rayonunun polis rəisi Nizami Qocayev icra başçısının camaat tərəfindən tutulan evinin həyətindədir. O, insanları dilə tutmağa çalışır ki, evi yandırmasınlar.
ƏLAVƏ MƏLUMAT OLACAQ!
Şərhlər