“IV Sənaye İnqilabı”nın “Üç müqəddəsi” - Gələcəyin Qısa Tarixi

“IV Sənaye İnqilabı”nın “Üç müqəddəsi” - Gələcəyin Qısa Tarixi

Aqşin Yenisey

Prezident İlham Əliyevin "Dördüncü Sənaye inqilabının təhlili və Koordinasiya Mərkəzi”nin yaradılması haqqında fərman imzaladığı xəbər sosial şəbəkələrdə yayılanda (könül istərdi ki, müzakirə olunanda yazsın) biz evdə türk proqramist, yutuber Barış Özcanın "Gələcəyin Qısa Tarixi - 11 Dəqiqədə 245 il” videoköşəsinə qulaq asırdıq; əlbəttə ki, insanlıq adına. Çünki qarşıdakı 245 il ərzində baş verənlərin çox cüzi hissəsinin bizə dəxli vardı; həm də ən əhəmiyyətsizlərinin.

İlk dəfə idi ki, həyəcansız bir gələcək arzusuna qapılırdım, amma ağıllı adamlar deyiblər ki, həyəcansız yaşamaq istəyirsənsə, ümumiyyətlə, arzulama!
Amma boş söhbətdi; insan arzulamaya bilər, insanlıq isə arzulamağa məhkumdur. 

Demək, Barış abinin artıq layihələndirilmiş qlobal arzular kimi görünən gələcəkdəki 245 il ərzində sadaladığı baş verəcək bütün dəyişikliklər yalnız məntiqi zəkanın (İntelligence Quotient) "manyaklığı” deyə biləcəyimiz rasional divanəliyin hesabına reallaşacaq.  "Emotional Quotient”, yəni emosional zəka Orta əsrlərdən fərqli olaraq, bu dəfə intellektual zəkanın tamaçaçısı, hətta bəlkə fanatı olacaq.
 
Məsələn, artıq 2021-ci ildən, yəni qədəm qoyduğum bu ildən başlayaraq insanlara süni böyrəklər köçürülməyə başlayacaq. Böyrək xəstələri daha donor yolu gözləməyəcəklər. Ölkədən böyrək dalınca çıxan pulun miqdarını düşünmək belə çətindir. Yuxarıda ona görə məyus oldum ki, prezidentin nanotexnologiyalar dövrünün təhlili ilə bağlı fərmayişi müzakirə deyil, sadəcə, xəbər oldu. Qeyri-səlis məntiqi zəkanın uyuduğu ölkədə.    
Yaxud cəmi 32 ildən sonra, 2053-cü ildə varlı adamlar gələcəkdə sahib olacaqları övladlarının cinsiyyətini, boyunu, dərisinin və saçının rəngini ana bətnindəcə genetik olaraq dəyişə biləcəklər. Doğulan uşağın içi sənin olacaq, çölü özgənin. "Məndən olub, mənə oxşamayan” məsəli reallaşacaq. Yəni artıq hansısa vətənpərgar həqiqətən istəsə ki, oğlu "Cavanşirin, Babəkin, Nəbinin, Koroğlunun zadın” oğlu olsun, əvvəlcədən gen mühəndislərinə sifariş verib pulunu ödəyəcək. Cəmi doqquz aydan sonra  "Cavanşirin, Babəkin, Nəbinin, Koroğlunun” tarixi "zapçast”larından yığılmış düdəməni həkimlər gətirib verəcəklər həmin imkanlı şəxsin qoltuğuna. Adamın indidən paxıllığı tutur gələcəyə…     

Bu dəfə ingilislərin deyil, almanların sənaye inqilabı sayılan "IV Sənaye İnqilabı”nın nə demək olduğunu anlamaq və gələcəyə aydın beynin gözuylə baxmaq üçün əvvəlcə zəkanın növləri ilə tanış olmaq lazımdır. Çünki bizdə belə bir fikir var ki, zəka yalnız İQ-dən və EQ-dən ibarətdir. Necə ki, dünya yalnız emosional Şərqdən və rasional Qərbdən ibarətdir.  

İQ – intellektual zəkamızdır, anadangəlmədir və digər zəka növlərinə görə sonradan inkişaf etdirmək o qədər də asan məsələ deyil. Alman psixoloqu Uilyam Ştern tərəfindən isimləndirilib. 2000-ci illərdə uğurlu olan adamlarda daha bir zəka növü təsnif edildi; "Emotional Quotient”, yəni emosional zəka, EQ. Həm İQ-sü, həm EQ-sü olan adam yalnız İQ-sü və yalnız EQ-sü olan adamlardan daha uğurlu hesab olunur.  

Elm artıq onu da öyrənib ki, əslində, İQ-yə Fərhad kimi dağları dəldirən EQ-dür. Qoy bundan sonrasını öz dədə-baba dilimzidə yazım ki, sonra heç kim deməsin, biz axı qanmırıq sən nə deyirsən!

Beyni bir ev kimi düşünün. İQ kişidirsə, EQ onun vətəndaş nikahında yaşadığı qadındır, həm də bu EQ xanım bir az şöhrətpərəst qadındır. İQ modernist əxlaqçılar kimi gecə-gündüz uğur dalınca lökküdən EQ-dür. EQ olmasa, İQ Kortasarın özü və qəhrəmanları kimi intellektual avara olar. 

İntellektual və emosional zəkaların qarşısında aciz qaldıqları bəzi məsələlər var ki, onların dərdinə "Spritual Quotient”, yəni ruhani zəka – SQ əncam çəkir. SQ, bir növ, beynin, yəni "evin” ağsaqqalıdır, İQ və EQ aciz qaldıqları məsələlərdə SQ-nün, "Spritual Quotient”in hüzuruna məsləhətə gedərlər, o da ayələrdən, hədislərdən, ay nə bilim, cinlərdən, əcinnələrdən sitatlar gətirib həyatın bitmədiyini, o biri dünyada hər şeyin bundan da yaxşı olduğunu söyləyib hər ikisini sakitləşdirir. 

Əgər zəka olaraq yalnız "Spritual Quotient”i seçiriksə, avtobusda yer doldurub gələcəyə-zada getməyə ehtiyac yoxdu. Əksinə, tam sürətlə geriyə, ta "vəd olunmuş torpaqlar”a qayıtmaq lazımdır.

SQ-nün ən sevdiyi İQ-nün və EQ-nün nikahdankənar münasibətlərindən doğulan nəvəsi "Creative Quotient”dir, yəni CQ, el dilində desək, yaradıcı zəka. Ruhani baba bütün günü bu nəvəsi ilə oynamağı sevir, onu qucağına götürüb göyə atıb-tutur. Yatanda nağıllar danışır.

Bütün Şərq mədəniyyəti, xüsusilə lirikası bu baba ilə nəvənin, yəni "Spritual Quotient”lə  "Creative Quotient”in evdə, beyində çıxardığı hoqqalardan ibarətdir.  

Bütün bu beyin ailəsinin ailə xoşbəxtliyini təmin edən isə "Adversity Quotient” dayıdır, qısacası, AQ, iradi zəka. AQ beyin ailəsinə əsl "daydaylıq” edir, çətin gündə onlara həyan olur, həyatın çətinliklərinə sinə gərmək üçün dar gündə həmişə özünü yetirir. AQ olmasa ailə dağılar, İQ (intellektual zəka) avara olar, EQ-nün (emosional zəka) günü "Tarqovı”da ərəblərlə keçər, SQ (spritual zəka) yas yerlərində mollalıq edər, CQ (yaradıcı zəka) "alkaş” olar.
Cəmiyyətimizə baxsaq, hər nəsildə bir "Adversity Quotient”in olduğunu görə bilərik. Adətən, məmur deməmək üçün ona "imkanlı şəxs” deyirlər. Adı toy siyahılarında ən başdan yazılır. Virtual həyatda hamı ondan narazı olsa da, real həyatda sitayiş obyektidir. Hər bir oğlan onun yeznəsi, hər bir qız onun gəlini olacağı günün ümidi ilə qarıyıb qocalır, kin dağarcığına çevrilir. Milli şüurumuzdakı ən böyük malikanə, ən böyük avtomobil, ən bahalı saat, ən çox gəlir gətirən obyekt "Adversity Quotient”ə məxsusdur.   
 
Homerin vaxtında insanların İQ-sü az, EQ-sü çox idi. "Troya müharibəsi” də EQ-nün ucbatından baş vermişdi. O vaxtlar, dilimizin maskulin qatında desək, bütün İQ-lər arvadağız idilər. "Fərhad və Şirin” elə "İQ və EQ”-nün əfsanəsidir. Antik çağda EQ nə deyirdisə, İQ onunla razılaşırdı. Gəlinini çox istəyən SQ-də (Spritual zəka) bundan istifadə edib İQ-yə şəhər-dövlətlər, imperiyalar qurdururdu. Sokrat həmişə İQ-nü pulgir xidmətlərinə görə söyürdü. Qədim dünyada isə insan beyni bir qəbilə şəklində formalaşmışdı: Ən başda spritual zəka – qəbilə başçısı otururdu. İyerarxik ardıcıllığı "Aversity”, yəni iradi zəka bölüşürdü. İntellektual zəkanın çörəyi sözün əsl mənasında "daşdan” çıxırdı; bütün günü ox ucu, kəsici alətlər yonur, daşı ağaca pərçimləyib EQ üçün ilk mətbəx alətləri düzəldirdi. Bu işdə ona oğlu "Creative Quotient” kömək edirdi, həyat yoldaşı emosional (xanım) zəka isə bütün günü deyinirdi ki, bu nədi, kəssəklə də kartof soyarlar, düz-əməlli bir bıçaq düzəldə bilmədiniz dədə-bala! O uşağı da avara-sərgərdan edib salmısan dalına - "Creative Quotient”i deyirdi – yaradıcı zəkanı. 

Tarixin heç bir dövründə bu beyin ailəsi xoşbəxt ola bilməyib. Müasir beyin ailəsinə gəlincə, artıq ağsaqqal-zad hərləyən yoxdur, yəni müasir beynin rəhbəri spritual zəka yox, intellektual zəkadır. Spritual zəka gözü görməyən, qulağı eştməyən, Nitsşenin həqiqətinə oxşayan "qoca bir ələngə” kimi bu gün artıq beyinin bir küncündə oturub, təsbeh çevirir. "Bizim vaxtımızda filan şey fəsməkan idi” söhbətləri ilə zinhara gətirib bütün gənc neyronları. "Creative Quotient” isə ötən üç sənaye inqilabı ərzində kifayət qədər böyüyüb və gələcəyi yaratmaqla məşğuldur. Əlinizdə, ətrafınızda, cibinizdə nə varsa, müəllifi odur. 

IV Sənaye İnqilabını yaradan da bu "nüvə ailəsi”dir: intellektual ata, emisonal ana və yaradıcı oğul - "İntelligence Quotient”, "Emotional Quotient” və  "Creative Quotient”. 

Gələcəyin "Müqəddəs üçlüyü!”

XƏBƏRLƏR
BLOGLAR
X