Hüseynbala Səlimov

Əvvəl gərək onu deyim ki, qonşumuz Rusiyada insanlar hələ etiraz edə bilirlər və bu, cəmiyyətə də, hətta hakimiyyətə də müəyyən aktivlər qazandırır. Di gəl, mənim məqsədim nə Rusiya cəmiyyətinə, nə də onun hakimiyyətinə təriflər oxumaq deyil – xüsusən də hakimiyyət buna layiq deyildir, çünki ölkədə indi faktiki olaraq yeganə müxalifət lideri olan A.Navalnıy elə ay olmur ki, təcridxanalara baş çəkməli olmasın və elə buradaca qeyd edim ki, hazırda o, özünün bir neçə sutkalıq həbs cəzasını çəkir...

Son etirazlardan reportajları seyr edən zaman mənim diqqətimi başqa "müxalifətçi”, LDP-nın lideri V.Jirinovski cəlb etdi – bəli, etirazçılardan birinin vurub ayaqlar altına atdığı, "anası rus, atası hüquqşünas” olan, "Qarabağ nə ermənilərin, nə də azərbaycanlılarındır – o, bizimdir” deyən Jirinovski cənabları.
İlk dəfə onu və partiyasını Duma seçkilərində parlamentə düşənlərin siyahısında görərkən "Görən, Yeltsin bu parlamentlə nə edəcək?” deyə özümdən soruşmuşdum. Amma tez bir zamanda başa düşdüm ki, cənab Yeltsin də, Federal Təhlükəsizlik Xidməti də, hətta Duma özü də onunla nə edəcəyini gözəl bilir, üstəlik məlum oldu ki, Rusiyanın siyasi palitrası üçün tamam yeni adla siyasi səhnəyə çıxan bu adam əslində ölkənin bəzi strukturları üçün yeni adam deyil, nə az, nə də çox, polkovnikdir... 

O vaxtdan Jirinovski və partiyası Dumanın daimi "sakin”lərinə çevrildilər, Valdimir Volfoviç hətta Dövlət Dumasının sədrinin müavini vəzifəsinə qədər gəlib çatdı. Çox təlxəklik elədi, roldan-rola girdi, kimisə güldürdü, kimisə düşündürdü, kimsə onun ünvanına "təlxək”, digəri isə "heç də ağılsız adam deyil” dedi. Elə biz də onu ağılsız adam hesab etmirik. Bir tərəfdən bolşeviklərin elektoratına ortaq olmaq, o biri tərəfdən neoimperialistlərin arzu və istəklərini dilə gətirmək– etiraf edək ki, Volfoviç bu rolları heç də pis bacarmadı...

Amma onu mitiqndə ayaqlar altında görəndə bir fikir keçdi ağlımdan: bəlkə maskalar yırtılır? Bəlkə orta statistik rus etirazçısı artıq kimin kim olmasının fərqindədir?

Doğrusu, şəxsən mən hələ buna inanmıram: hələki bir çekist və yaxud başqa bir Vladimir də öz rolunun öhdəsindən pis gəlmir. Rus tamaşaçası ona o qədər alışıb ki, adam Rusiyada başqa bir tandemokratiya aktının olacağı fikrilə də razılaşmalı olur... 

Sadəcə, D.Medvedev təkcə boyca deyil, elə digər parametrlərə də çox gödək adamdır. Ona görə də növbəti, daha bir tandemokratiya üçün o, qəti yaramaz. Putinə elə bir adam lazımdır ki, onun rahat təqaüd həyatını təmin etsin – ümid edirik ki, Valdimir Vladimiroviç müəllimin daha bir müddətə prezident olmaq niyyəti yoxdur... 

Onun A.Navalnıya qarşı kini də bununla bağlıdır–hələ axırıncı seçki ərəfəsində yazmışdıq ki, bu Aleksey qardaşımız Putin üçün indilik deyil, gələcəklə, rahat təqaüd həyatı ilə bağlı planları üçün problemdir və bu səbəbdən də Navalnıy tez - tez təcridxanalarda gecələməli olur. Amma o da var ki, indi Jirinovskini ayaqlar altına salan orta statstik İvan bir gün bunu bütün hakimiyyətə münasibətdə də edə bilər.

Ən maraqlısı bilirsinizmi nədir? Mənim oxuduğum yazıların əksəriyyətinin müəllifləri bu fikirdədir ki, Putin Rusiya üçün böyük bir problemdir və böyük problemlərin bünövrəsini qoyur. Ona görə də seyrək şəkildə olsa da, mediada post-Putin dövrü, Putinin hakimiyyətdən ağrısız gedişilə bağlı fikirlər peyda olur. 

Deyilənə görə, vərəmli xəstələrin yanaqları qızarır. Mən tibdən-təbabətdən tamam uzaq bir adamam – ona görə də bunun nə qədər doğru olub-olmadığını bilmərəm. 

Sadəcə, onu deyə bilərəm ki, Rusiyanın da indiki parıltısı xəstə bir ölkənin parıltısıdır. Böyük ölkələrin demək olar ki, əksəriyyəti dünya sırasında öz yerini tapıbdır. Bir neçəsisə əsrlərdir ki, vurnuxur, öz yerini tuta bilmir ki, bilmir. Onlardan biri də bizim Rusiyadır. 

İndi rus silahının səsi Suriyadan gəlir və o, milyonlarla orta statistik İvanın ruhunu oxşayır. Di gəl, bir daha deyirik ki, bu xəstə ölkənin parıltısıdır və vaxt gələcək "metastaz” özünü biruzə verəcək. Onda çox şeylər və eləcə də çox kəslər ayaqlar altına düşəcək; kiminin portreti və kiminin də özü – lap elə cənab Jirinovski kimi...