Rusiyalı jurnalist Anastasiya Şatalovanın qətli ilə bağlı istintaq davam edir.
Qaynarinfo Rusiya KİV-inə istinadən xəbər verir ki, istintaq qətlin sifariş əsasında törədilməsi qənaətinə gəlib. Olayda gürcü əsilli "qanuni oğru” Laşa Baratelinin (Çia) də adı hallanır. 32 yaşlı "qanuni oğru” isə iddiaları təkzib edib və jurnalistləri ailəsinin "potensial qatillər”i adlandırıb.
Çianın fikirlərindən belə anlaşılıb ki, jurnalistin qətlində adının hallandırılması ailə üzvlərinin, o cümlədən münasibətdə olduğu teleulduz Şorena Beqaşvilinin narahatlığına səbəb olub.
Gürcüstanın "İmedi” telekanalı isə istintaqın əlində Anastasiya Şatalovanı qətlə yetirməkdə təqsirləndirilən Beki Latarianın səs yazısının olduğunu iddia edib. Bildirilir ki, Latariya tapşırığı Çiadan aldığını deyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, Çia bunun müqabilində ona kriminal iyerarxiyada irəliləməsinə dəstək olacağıni bildirib.
Telekanal iddia edir ki, sifarişçi Çiaya qətli icra etməyin müqabilində 20 min dollar verib. "Qanuni oğru” isə bu işi uşaqlıqdan tanıdığı və "qanuni oğru” olmağa can atan Latariyaya həvalə edib.
Xatırladaq ki, Anastasiya Şatalova oktyabrın 18-də Tiflisdə, evinin yaxınlığında qətlə yetirilib. Olaya görə 3 nəfər həbs edilib ki, onlardan biri də Beki Latariyadır.
Şatalova bir il əvvəl Batuminin keçmiş meri Zurab Beridze ilə aralarındakı münaqişə ilə gündəmə gəlib. Jurnalist iddia edib ki, keçmiş merdən övladı var.
Bu baxımdan, Beridze də şübhəli şəxslər siyahısındadır. Hətta onun evində axtarış da aparılıb. Amma Beridzenin şübhəli şəxs olduğu, cinayətdə iştirak edib-etmədiyi, sifarişçi olub-olmadığı barədə hər hansı rəsmi açıqlama yoxdur.
Seyid
Şərhlər