Kafkada və Soljenitsında totalitarizm: QƏSR və QULAK

Kafkada və Soljenitsında totalitarizm: QƏSR və QULAK

Aqşin YENİSEY

Frans Kafkanı dilimizə sevdirən Vilayət Hacıyevə və mərhum Çərkəz Qurbanlıya hörmətlə...

Kafka da totalitarizmdən yazıb, Soljenitsın da... Kafka totalitarzmin qışını yazıb, Soljenitsın şaxtasını... Kafka totalitarizmin məzhəkəsini yazıb, Soljenitsın faciəsini... Kafka totalitarizmin tənhalığını, uzaqlığını yazıb, Soljenitsın tünlüyünü, cibəgirənliyini... Kafka içindəki totalitarizmi yazıb, Soljenitsın evindəkini... Totalitarizmin qurbanı Kafkada Don Kixotun varisidir, Soljenitsında Hamletin...

Və s. Oxucu üçün maraqlı olarsa, müqayisəli qarşılaşdırma istiqamətində ucun tutub ucuzluğa gedə bilər.    

Hər ikisində totalitarizm ekzistensial çevrilmədir, gücün metamorfozudur; Kafkada mövhumi hakimiyyətin reallığa, Soljenitsində real hakimiyyətin  mövhumata çevrilməsidir totalitarizm və hər iki halda insanı öz içində əridir. Hər iki çevrilmə zamanı insan dumanda boğulur.  

Birincinin totalitarizmində "Böyük Qardaş” əlçatmazdır, yuxarılarda, göylərdədir, gözlənilən və gəlməyəndir; ikincinin totalitarizmində isə O, indi və burdadır, yerdədir, insanın qulağının dibindədir, gözlənilmədən gələndir.  

Totalitarizm Kafkada zaman hadisəsidir, Soljenitsında məkan hadisəsi. Kafkada totalitarizm insanı zamanda həbs edib; QƏSR yerölçən üçün ilişib qaldığı zamanı ifadə edir və onun zamanını sərhədləyir. Yerölçən QƏSR-i ölçəməyə çağırılıb, ya da göndərilib, amma ölçə bilmir, bu mümkün deyil, çünki QƏSR ölçüsüzdür, zamanın özüdür. QƏSR nəhəng bir zaman məhbəsidir və getdikcə genişlənir; burada hər şey zamanın nəzarəti altındadır, hətta dayanmadan yağan qar da... Ona yağmaq əmr olunub! Zamanda hər şey fasiləsizliklə görəvləndirilib. 
Soljenitsında "xalq düşməni” məkanda, OULAK-da (qırmızı imperiyada) totalitarizmin dustağıdır. Burada hər şey ölçülüdür; şalbanların fəxri qaravulu, baş yaran çörək tikələri, çürük diş kimi sızıldayan ümidlər belə bir boydadır; ölçünü pozmaq cinayət sayılır. Zamandan fərqli olaraq məkan özünü daraldaraq, sıxaraq məhbəsə çevirir. QULAK ərazisi böyüdükcə sıxlaşır, daralır. QƏSR-in qəhrəmanı ölçüsünü təsəvvür edə bilmədiyi zamana dağılmış haldadır, özünü top(ar)lamaq üçün vurnuxur; QULAK-ın qəhrəmanı get-gedə daha da məhdudlaşan məkana sıxışdırılıb, özünü ətrafa səpələmək, genişlənmək üçün çapalayır. 

QƏSR QULAK-ın, QULAK QƏSR-in xoşbəxtliyidir.  

QƏSR-də məhkum olan insandır, QULAQ-da məhkum edilən insanlıq! 

Kafkada totalitarizm şərin keyfiyyətini ifadə edir, Soljenitsında kəmiyyətini. QƏSR-in şəri aristokratdı, əfəndidir, qandan iyrənir. QULAK-ın şəri proletardı, quldurdu, göz yaşına gülür. 
"Böyük qardaş” QƏSR-də uzaqdan-uzağa öz etinasızlığı ilə qurbanını ələ salır, özünü görməzliyə vurmaqla onu psixoloji əzir, QULAQ-da isə O, qurbanın başının üstünü kəsdirib ona şəxsən özü işgəncə verir, sümüklərini sındırır. Kafkada günah absurddur, təsəvvürdür, vəhydir, Soljenitsında konkretdir, təsvirdir, protokoldur. Kafka da günahı insanın boynuna qoyub aparırlar, Soljenitsında insanı aparıb günahı boyununa qoyurlar. Kafkada günah öz ayağı ilə cəzanın hüzuruna gedir, Soljenitsında cəza gəlib günahı qandallayıb aparır. Kafkada kubardı, əlini təmiz saxlayır cəza, Soljenitsında isə nekrofildir, bağırsaqlarla oynayır. Kafkada cəza gözəgörünməzdi, məzmundu, mənadı, məğzdi, varlığı ilə yoxluğu bilinən yox, hiss olunandı – talenin özü kimi. Soljenitsında cəza bığıburmadır, kitelli generaldı, pasportu, ləqəbi var, polisi, ordusu, qələbəsi, məğlubiyyəti var – tarixin özü kimi.

Ədalət QƏSR-də ümumi, QULAQ-da xüsusi münasibətdir.      

QƏSR-in hasarları arasında əzab var, QULAK-ın divarları arasında işgəncə. Kafkada totalitarzim ruhu cəzalandırır, Soljenitsında bədəni. Kafkada ağrı var, Soljenitsında yara! QƏSR gülür, ələ salır, QULAK tüpürür, təhqir edir. Əzab tənhalaşdırır, işgəncə çoxaldır; ağrı gizlənmək istəyir, yara kömək axtarır. QƏSR-in məhkumu insandır, QULAK-ın dustağı vətəndaş. Xəyalən böyütsək QƏSR boşluqla ilə əhatə olunmuş kainata bənzəyər, QULAK sərhədlərinə qapanmış ölkə. QƏSR məzmunca dinidir, fəlsəfidir, monastrdır ; QULAK məzmunca siyasidir, hərbidir, əsir düşərgəsidir. QƏSR-də ölüm aktla bağlı faktdır, QULAK-da ölüm faktla bağlı akt. Birində xatırlanmaq, yada düşmək ümidi var, o birində xatırlanmamaq, unutdurulmaq göstərişi. QƏSR bəzən sığınacaq da ola bilir, QULAK isə həmişə "qovur”. QƏSR-lə QULAK arasındakı fərq yaxşı ilə pis arasındakı fərq deyil, pis ilə ən pis arasındakı fərqdir. Hər ikisi cəhənnəmdir, amma biri daha pis cəhənnəmdir.  

Kafkanın totalitarizmində insanın QƏSR-in bilinməz hasarları ilə məhdudlaşan azadlığı var; o, bu hasarların arasında heç kimdən icazə almadan, istədiyi vaxt hara istəsə gedə, kiminlə istəsə görüşə bilər, amma QƏSR-i tərk edə bilməz. Yəni QƏSR-dəki insan zamanın içində azaddır, sadəcə, məkandakı azadlığı məhdudlaşdırılıb; iradəsi tamamilə zamanın ixtiyarına buraxılıb; boş, lazımsız və sonsuz bir zamanın ixtiyarına. Onun cəzası da elə budur; yararsız zaman! Yaşaya biləcəyindən qat-qat artıq zaman! Zamanın bolluğu onun iradəsini tüfeyliləşdirib; o, bir zaman avarasıdır, özünə bir məşğulluq tapmaq üçün vurnuxur, dincliyi ərşə çəkilib, zaman saysız-hesabsız hörümçəklər kimi heç bir məna kəsb etmədən hər tərəfində qaynaşır; o, QƏSR-in, yəni zamanın içində zamandan qaçır; ölçülərini bilmədiyi bir məkana doldurulmuş yararsız zaman öz bolluğu ilə onu boğur. Kafkanın məhkumunu, sanki, zamandan bişirilmiş nəhəng bir mürəbbə çəlləyinə soxublar, hər tərəfindən zaman şirə kimi ağır-ağır damcılayır. Şirə o qədər boldur ki, dadlı olsa da ikrah doğurur, iyrəndirir. Kafka bu təsvirlə totalitarizmin məkana deyil, zamana qandallanma, zamanda məhkumluq olduğunu göstərir. Totalitarizm sizi öz zamanı ilə boğur, yaşamaq üçün yararsız olan zamanı ilə, ya da belə deyək, sizin yaşamaq üçün olan zamanınızı yararsız hala salmaqla. Sizi öz zamanının sonsuzluğu fikri ilə cəzalandırır. Ölümsüzlük bir yerdən sonra yaşamamağa çevrilir. Əslində, insana həyat materialına çevirə bildiyi qədər zaman lazımdır; artıq zaman piy qatıdır, xərçəng şişidir. Daşımaq istəmədiyin, ancaq üstündən də ata bilmədiyin bir ağırlıqdır. Və get-gedə böyüyür, xəmir kimi daşıb ətrafını tıxayır. Sən, bir növ, QƏSR-dəki öz zamanınla, öz həyatınla mübarizə aparmağa məcbursan. Yaşamaq üçün öz həyatını yenməlisən, öz zamanını məğlub etməlisən! Kafkada totalitarizm insanı öz həyatı ilə üz-üzə qoyur; xilas olmaq istəyirsənsə, öz həyatını məğlub et! 

Soljenitsında bunun tam tərsidir. QULAK-dakı insan həm məkana, həm də zamana zəncirlənib. Yaşaya biləcəyi qədər yox, istəsə belə ölə bilməyəcəyi qədər məkanı və zamanı var. O həm məkanın, həm zamanın nəzarəti altındadır və yaşamaq üçün hər ikisindən bacardıqca çox əldə etməlidir. QULAK-dakı insan məkan və zaman ehtiyacı içində boğulur.  Məkanda və zamanda hərəkət etmək üçün icazə belə istəyə bilməz, çünki onun məkanı və zamanı əvvəlcədən bölüşdürülüb, aktlaşdırılıb. O, həyatını bu bölgüyə uyğunlaşdırmalıdır, əks halda, şalvarını batırmalı olacaq. QULAK öz dustağını məkan və zaman aclığı ilə cəzalandırır, daha dəhşətlisi, onun təsəvvüründə yaratdığı divarın o biri üzündəki məkanın və zamanın hüdudsuzluğu, bolluğu ilə fikri ilə. Soljenitsının totalitarizmində də "yararsız zaman”ın bolluğu cəza kimi nəzərdə tutulub; amma bu, QƏSR-dəki kimi əlinin altında olub da yaşaya bilmədiyin zaman bolluğu deyil, bu, təsəvvür edib yaşamaqdan məhrum edildiyin zamandır. Soljenitsının dustağı sağ qalmaq üçün öz həyatını deyil, öz təsəvvürlərini yenməlidir, öz xəyallarını məğlub etməlidir. QULAK-da təsəvvür etmədiyin müddətcə azadsan, xoşbəxtliyin xəyallarına nifrətindədir, azad olduğunu yuxuda belə görmədiyin qədərdir azad olma haqqın. Arzuların zatən cədvəl üzərində sənin üçün nəzərdə tutulan qara çörək tikəsindən böyük olmamalıdır. Sənə lazım olan saat başqalarının qolundadır; halbuki onların başlarını qaşımağa belə vaxtı yoxdu. Onlar saatı da sənin zamanına nəzarət etmək üçün taxırlar. 

QƏSR-in məhkumundan fərqli olaraq, QULAK-ın dustağının bir sürü qulluqçusu var; cəza heyəti. QULAK-ın QƏSR-dən üstünlüyü budur; insanı cəza qulluqçuları ilə əvəz edir; onlar sənin yerinə danışırlar, yeyirlər, yatırlar, hətta bəzən cəzalandırılırlar. Onların həyatı səndən asılıdır. Onları hər yerə sənin güzgülərin olaraq təyin ediblər. Hansı birində görünməsən, onu sındıracaqlar. "Böyük qardaş” onlarda səni görmək istəyir; nə yeyirsən, nə içirsən, harda, saat neçədə yatırsan, nə düşünürsən? Soljenitsının totalitarizmi dustaq üçün yaradılmış bir qulluqçu səltənətidir; burada hər kəs işgəncə, təhqir, zülm qulluğu tutur. Hər kəs darağacına sitayiş edir. QULAK-da tanrı Əzrayıldır! 

QƏSR mövhumi məkan olsa da, orada şeytan yoxdur, QULAK isə gerçək məkan olmağına baxmayaraq, şeytanların iş yeridir. 

Kafkanın totalitarizmi ilahi mənşəlidir, Soljenitsının totalitarizmi insani mənşəli. QƏSR çağırır, QULAK özü gəlib aparır. QƏSR-də taleyin ixtiyarına buraxılıb insan, NECƏ yazılıbsa, elə də olacaq. QULAK-da isə tale tarixin sərəncamına verilib, NƏ yazılıbsa, o olmalıdır. QƏSR-də insan NECƏ sualının cavabıdır, QULAK-da NƏ sualının. Totalitarizmdə Kafkaya maraqlı olan məzmundur, mənadır, karmadır; o, uzaqdan, bir təpənin üstündən seyr edir QƏSR-də baş verənləri. Soljenitsın isə özü QULAK-da baş verənlərin mərkəzindədir, totalitarizm onunla forma kimi, əşya kimi rəftar edir. Soljenitsın totalitarizmi bir bütün olaraq görə bilmir, çünki özü də onun bir parçasıdır. Kafka totalitarizmdə məzmunun, mənanın deformasiyaya uğramasından narahatdır, Soljenitsın isə totalitarizmin formanı, əşyanı necə rəzilliklə əyməsini, əzməsini car çəkir. Eyni şeyi Kafka ruhu ilə hiss edir, Soljenitsın dərisi ilə. Obyektivi bir az da daraltsaq, görəcəyik ki, Kafka totalitarizmin xarakterini araşdırır, Soljenitsın xislətini. Soljenitsına görə, totalitarizmi yaradan totalitar olanın özüdür; totalitar olan olmasa, totalitarizm də olmaz. Başlanğıc totalitar olandır. Kafka isə əksinə, totalitarizmi əbədiyyət kimi götürür, totalitar olanı an kimi. An təsadüfdür və əbədi olan zamanın, yaradıcı zərurətin övladıdır. Buradan belə bir nəticəyə gəlirik; Kafka totalitarizmə zərurət kimi baxır, Soljenitsın təsadüf kimi. Kafkaya görə, totalitarizm insanı izləyən əbədi təhlükədir; yeri, yurdu, vaxtı bəlli deyil. Soljenitsın isə totalitaruzmi vətəndaşı əzən bir sistem kimi görür; totalitarizm məkanda və zamanda doğulur. Ona görə də Kafkada kədər və gülüş var, Soljenitsında qəzəb və ümid. 

Soljenitsına görə, totalitarizm təkin hakimiyyət mühitidir; o, tək olan həmişə eyni yerdədir, sabitdir, görünüşü, səsi, rəngi, yaşı var, ölümlüdür. Kafka isə totalitarizmi hər yeri bürümüş qum fırtınası kimi təsəvvür edir; o, hər yerdədir, hərəkətdədir, formasızdır, tutqundur və yaşı məlum deyil, hətta əbədiliyin özünə bənzəyir: heç vaxt doğulmayıb, heç vaxt da ölməyəcək. QƏSR əbədilik rəmzidir.

Totalitarizmin anası kütlədir; amma nə Kafka, nə də Soljenitsın bu ölümsüz dişinin adını çəkir. Totalitarizmi doğan ananın adı Kafkada TALE-dir, Soljenitsında TARİX. Hər iki yazıçıya görə, Kütlə totalitarizmin DAYƏSİ-dir, süd anasıdır. Kütlə qucağına veriləni əmizdirir, böyüdür, hakimiyyət üçün yetişdirir.  
     
Stalinizm olmasaydı, bəlkə, Soljenitsın da olmayacaqdı; çünki Soljenitsın totalitarizmlə Stalinin simasında qarşılaşmışdı və Stalin Soljenitsın üçün totalitarizmin sərhədlərini qırmızı imperiyanın sərhədləri ilə məhdudlaşdırmışdı. Stalinə görə, totalitarizm bir kommunizm zərurəti idi: Bərabərlik ancaq gücün diqtəsində mümkündür; beş barmağın beşini də bir boyda etmək üçün əlin sümükləri sındırılmalıdır. Soljenitsını Stalinin bu ideoloji zərurəti yaratmışdı; böyük barmaqlardan kəsib kiçik barmaqlara tikməklə bərabərlik yaratmaq zərurəti. Stalinin totalitarizmi, sanki, "humanizmin” zərurəti idi; bir növ, manyak öz aləmində şər qüvvələrlə döyüşürdü. Sanki, ədalət son çarə olaraq Robun Qud kimi haqqı qorumaq üçün cinayətkar paltarı geyinmişdi. Stalin cəllad obrazına girən "insan haqqları” idi, onun kabinetindən baxanda Soljenitsının mübarizəsi daha vəhşi görünürdü; insanlığı bərabərsizliyin ədalət sayıldığı əbədi bir meşə həyatının umuduna buraxmaq! Stalinizmə görə, güclülərin qətli ideyası zəiflərin yaşamaq haqqından doğmuşdu. Soljenitsın isə belə bir haqq tanımırdı. Stalin əlinə hakimiyyət keçən zəif idi və hakimiyyəti əlindən alınmış gücü, Soljenitsını əsir götürmüşdü. Zəif yaşamaq istəyirdi, güclü yaratmaq. Buna görə Soljenitsın da olmasaydı, bəlkə, Stalin də olmayacaqdı. Onlar bir-birilərinin zərurəti idilər. 

Kafkanı narahat edən isə totalitarizmin yer üzündə zərurət kimi deyil, həqiqət kimi mövcud olması qorxusu idi. Ona kimin ehtiyacı vardı? Kafkanın qəhrəmanının vurnuxduğu QƏSR-də hər kəs firavan idi; orada hər kəsin bir xoşbəxtliyi vardı. Heç kim hasarlardan şikayət etmirdi. QƏSR mübarizəsiz mühit idi; Kafkanın qəhrəmanı QƏSR-dən qurtulmaq üçün deyil, QƏSR-in sahibi ilə görüşmək üçün mübarizə aparırdı. O, QƏSR-ə xidmət etmək istəyirdi; onun hasarlarının əbədiliynə fayda vermək üçün vurnuxurdu.  

Soljenitsının totalitar mühitində belə deyildi; Stalinizmdə xoşbəxt olmaq üçün ərizə yazmalı, niyəsini izah etməli, günlərlə, bəzən aylarla cavab gözləməli, nəhayət, möhürlü icazə kağızı aldıqdan sonra xoşbəxt olmalıydın, həm də çox xoşbəxt olmalıydın. Az xoşbəxt olmaq cinayət sayılacaqdı və çox güman "dövlət səviyyəsində” xoşbəxt olmadığın üçün cəzalandırlacaqdın. Əgər bütün bunların baş verməsini istəmirdinsə, zəhmət çəkib, hamı kimi totalitar himayəçinin, "Böyük qardaşın” təqvimdə qırmızı rəqəmlərlə qeyd etdiyi kütləvi xoşbəxtlik günlərinin yolunu gözləməliydin. 

Soljenitsının totalitarizmində xoşbəxtlik zahirdə yaşanan və proqramda nəzərdə tutulmuş bir duyğudur. QULAK-da hər kəsin içində qorxu var; batin qorxunun mülküdür. Yox, "mülk” düzgün ifadə deyil, batin qorxunun zindanıdır, qorxunun özü belə orada azad deyil və bu zindanın açarları dövlətin əlindədir. Dövlətdən başqa heç kəs qorxunun yanına enə bilməz, lazım olanda dövlət özü o qorxunu işığa çıxarıb hər kəsə göstərəcək. Heç Soljenitsın da öz qəhrəmanlarının batininə enmədi, enə bilmədi, dövlət nə qədərini göstərdisə, o qədərini gördü. 
Soljenitsının totalitarizmində xoşbəxtliyi yaşamağa ehtiyac olacaqsa, o xoşbəxtlik zahirdə, həm də ən parlaq rənglərlə, üstəgəl, həm də qorxu kimi başqaları üçün yaşanacaq. Ümumiyyətlə, Soljenitsının totalitarizmində ölüm də, həyat da başqaları üçün, başqalarının nəticə çıxarması üçündür. Sən bir nüsxə deyilsən, bir nümunəsən, sadəcə, nümunə! İstədiyin kimi yox, tələb olunan kimi yaşamalısan! İstədiyi kimi yaşaya bilməyənlər, istədiyi kimi ölə də bilməzlər. Soljenitsının totalitarizmində həyat bir nümayişdir, ictimai tədbirdir, kütləvi mərasimdir.
Ona görə də Soljenitsın hamının gördüyü və bildiyi zahiri totalitarzmdən yazdı, Rusiya ilə məhdudlaşan ictimai qəhrəmana çevrildi, öz ölkəsinin mənəvi-intellektual sərhədlərini aşa bilmədi. Boyu həmişə yazdıqlarından yuxarıda göründü; səsi kitablardan yox, qəzetlərdən eşidildi. Və Stalin öz ölümü ilə Soljenitsını da öldürdü. QULAK-ın yoxluğu Soljenitsını da unutdurdu. 
Kafka isə eynən bizim Məlikməhəmməd kimi ipin ucundan tutub gizlincə totalitarizmin kökünə, batininə endi, onun mövhumi mahiyyətinə vardı və hamımızı məyus edən sirrini açdı; totalitarizmin hər hansı siyasi sistemlə, avtoritetlə bağlı olmadığını, sadəcə, gücün davranış tərzi olduğunu yazdı. Öz yazdıqlarının içində görünməz oldu. Həmişə varlığı QƏSR-in kölgəsində qaldı. Kafka Soljenitsından fərqli olaraq heç vaxt siyasi-ictimai fakt olmadı, həmişə ədəbi-fəslsəfi, hətta dini fakt kimi araşdırıldı. Qəzetlər onu sevmədilər, kitablar isə heç kimə vermək istəmədilər. Kafkanın totalitarzmi nəinki Avropa ilə məhdudlaşdı, dunyanın özünü aşdı. Soljenitsının totalitarizminin özü də bütünlüklə Kafkanın totalitarizminin içində əriyib əhəmiyyətini itirdi. 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR