Xəbər lenti

“Karantin rejimi yumşaldıla bilər, amma bir şərtlə...” - Komitə sədrindən açıqlama
Ölkə 09:25 04.05.2021

“Karantin rejimi yumşaldıla bilər, amma bir şərtlə...” - Komitə sədrindən açıqlama

Bir ildən çoxdur ki, koronavirus pandemiyası ilə mübarizə aparırıq. Bu mübarizə dövründə dəfələrlə sərt karantin rejimində yaşamalı olmuşuq. Eyni zamanda, karantin rejiminin yumuşalmalarına da şahidlik etmişik.

Son günlər Azərbaycanda koronavirusa yoluxmada azalmalar baş verir. Bunu və havaların istiləşdiyini nəzərə alaraq, karantin rejimində hər hansı yumşalmalara gedilə bilərmi? Məsələn açıq havada maska taxmamaq kimi və s.

Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Musa Quliyev mövzu ilə bağlı Modern.az-a danışarkən qonşu ölkələrdəki vəziyyətlə müqayisə edib.

"Hər bir ölkənin müxtəlif situasiyaları var. Bu situasiyalara uyğun olaraq karantin rejimi sərtləşdirilə və ya yumuşaldıla bilər. Hazırda bizdə vaksinasiya prosesi davam edir.

Karantinin sərtləşdirilməsinə ciddi zərurət yoxdur. Biz hamımız çalışmalıyıq ki, indiki dövrdə epidemiya əleyhinə bütün tədbirlərə əməl edək. Vaksinasiyanı da sürətləndirək ki, karantin rejimilə bağlı sərtləşdirməyə deyil, yumuşalmaya gedə bilək. Yay fəsli yaxınlaşır. İnsanların istirahət etmək ehtiyacları, imunitetlərini möhkəmləndirmək üçün günəşdə olmaq zərurətləri var. Bunları nəzərə alaraq, hamımız vətəndaş və cəmiyyət olaraq məsələyə daha ağıllı yanaşmalıyıq. Bu dəqiqə sərt karantinə keçmək zərurəti yoxdur”.

M.Quliyev vətəndaşları vaksinasiyaya daha çox cəlb olunmağa çağırıb:

"Bununla özləri ilə yanaşı, yaxınlarının da həyatını xilas etmiş olurlar. Vaksinasiya prosesi bütövlükdə dövlətimizin, cəmiyyətimizin bu vəziyyətdən çıxmasına gətirəcək.

Bildiyimiz kimi, İsrail dövləti pandemiya şərtlərini bütünlükdə aradan qaldırıb. Çünki əhalinin 50 faizdən çoxu peyvənd olunub. ABŞ təxminən 1 aydan sonra bütün məhdudiyyətləri götürməyi planlaşdırır. Orada da geniş şəkildə vaksinasiya aparılıb.

Bizdə də bu proseslər baş verə bilər. Ona görə də hamımız vaksinasiyaya daha çox əhəmiyyət verməliyik. Əhalimizin təxminən 40-45 faizi vaksinasiyaya cəlb olunsa, bütün qadağaları qaldıra, əvvəlki həyatımıza qayıda bilərik.

Pandemiya şəraitinin nə vaxta qədər davam edəcəyini heç birimiz deyə bilmərik. Amma düşünürəm ki, qarşıdakı qış aylarında indiki kimi yoluxma halı qeydə alınmayacaq”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->