Xəbər lenti

Kasıblığın səhnəyə atdığı, sevgisindən xərçəngə düçar olan müğənni
Sənət 16:40 25.04.2020

Kasıblığın səhnəyə atdığı, sevgisindən xərçəngə düçar olan müğənni

O, heç bir mübaliğəsiz Türkiyə üçün "Delikanlım”dır, dəlidir, musiqidir, sevgidir. Onu Emi Uaynhausa da bənzədirlər, qadın Ahmet Kaya da deyirlər. O isə "Yox, mən elə Yıldız Tilbeyem” deyir. 

Uşaqlığında gecə vaxtı küçədən keçərkən qaranlıq qorxusunu yenə bilmək üçün səsini başına atıb mahnı oxuyarmış. Bu gün isə təklik, sevgisizlik qorxusunu yenə bilmək üçün oxuyur mahnılarını. Və yanlızlıq, sevgi acısı çəkən milyonlarla insanı öz yanına çəkir. 



Yoxsul kürd ailənin sonbeşiyi

Anası Tuncelidən, ələvilərdəndi, atası da Ağrı elindəndi, kürddü. Adanada tanış olur, oradan da İzmirə köçürlər. Yıldız da İzmirdə doğulur: "Özümü izmirli sayıram, amma həm də türkiyəliyəm. Həm Qərbəm, həm Şərq”.

1950-ci illərdə dolanışıq dərdiylə İzmirə gələn ailə şəhərin ucqar məhəllələrindən birində yerləşir. Ata tütünçülüklə məşğul olmağa, ana da dükanda işləməyə başlayır. Ailədə altı uşaqdılar. Yıldız evin sonbeşiyidi, 1966-cı ildə dünyaya gəlib. Altı uşaqlı yoxsul ailədə böyüyən müğənni, əslində, bunu şans hesab eləyir. Deyir, yoxluq insanı yuxarı dırmanmağa sövq eləyir: "Hər şeyin olandan sonra nə üçün çalışıb-vuruşacaqsan? Bir daha dünyaya gəlsəm, yenə eyni atanın, ananın uşağı kimi doğulmaq istəyərəm. Gözümü yumanda ən çox ağlıma uşaqlığımdakı bayramlar gəlir. Anam çox gözəl yeməklər bişirərdi. Qonşuluqda yaşayanlar bir ay qabaqdan qazanlarını qapımıza qoyardılar. Anam da qazan-qazan bişirər, hamıya paylayardı. Bayramlarda paxlava da bişirərdi. Biz də bayram səhərləri sıraya düzülər, əllərini öpərdik”. 

22 yaşında anasını, 34 yaşımda atasını itirib: "Anam altı uşaq böyüdən zəhmətkeş bir qadınıydı. Yorulmuşdu. Həyat yormuşdu onu. 57 yaşında öldü, Yıldız Tilbe olduğumu görmədi. Bunu o qədər çox itsəyirdi ki... 

Anamla ata tərəfimin heç bir əlaqəsi yoxdur. Ata tərəfdən bütün qohumlarım qara çarşaba bürünüblər, ana tərəfim isə açıq gəzir. Onlarda bir aydınlıq var, müasir düşüncəlidilər. Ona görə anam həmişə məni dəstəkləyirdi.

Anam yüz kiloluq çuvalları belində daşıyardı. Öz işini özü görüb həmişə. Həyatı boyu tək olub anam. Axşam olanda bizim məhəllədə qadınlar bir yerə yığışıb hərəsi bir işlə məşğul olardı. Biri hörgü hörər, biri çay gətirərdi. Anam heç vaxt onlarla gedib oturmazdı. Kişi kimi qadın olub.  Ac qalardı, amma heç kimdən mədəd ummazdı. Yeməyini yağsız, duzsuz bişirib yeyərdi. Mən də özüm-özümə yetən bir qadın olmuşam”.



"Əzab mənim genimdə var”

Bir yaş yarımında Yıldızın üstünə içində su qaynayan qazan aşır, yanır. Ona görə də "Ağrı, acı məndə uşaqlıqdan qalan bir hissdir” deyir: "Hələ özümü qanmayandan acıyla tanış olmuşam, əzab mənim genimdə var”.

Uşaqlar türkcə doğru-dürüst danışa bilsinlər deyə evlərində kürdcə danışılmazmış. Ancaq uşaqlardan gizli söhbət ediləndə və türkcə bilməyən qohum-əqrəba gələndə evdə kürdcə söz eşidilərmiş. Hə, bir də anası əsəbiləşdə kürdcə söyərmiş. 



Qorxudan oxunan mahnılar

İndiki kimi çəlimsiz deyilmiş uşaq olanda, ətli-qanlı imiş. Yaşadıqları gecəqonduda işıq olmadığından gecələr lapma yandırarmışlar. O da burnunu lampanın şüşəsinə dayayıb qonşunun televizoruna baxmağa gedərmiş. Gecə 12 olanda evə qayıdarmış, amma qaranlıq olduğundan qorxarmış. Bu qorxunu yenmək üçün qışqıra-qışqıra mahnı oxuyarmış. İllər sonra o mahnıları dinləmək üçün ona pul verəcəkləri ağlına belə gəlməzmiş: "Mahnı oxuya-oxuya küçədən keçəndə hər eşidən evinin işığını yandırardı. Hamını oyadardım yəni. Bax müğənnilik eşqim belə başladı. Sonralar qorxmayım deyə oxuduğum mahnıları məhəllə toylarında oxumağa başladım. Bacılarımın qulaq asdıqları mahnıları əzbərləyib oxuyurdum. Sonra evləndim, maddi durumumuz yaxşı olmadığından işləməliydim. Əlimdən başqa heç nə gəlmədiyindən mən də "müğənni olum” dedim”. 

Məktəbi yarımçıq tərk eləyib: "Müəllimim mənə şillə vurdu deyə məktəbdən çıxdım, nifrət elədim. Halbuki çox sevirdim. Yıxılırdım, dizlərim qanayırdı, yenə durub gedirdim. Bir dəfə şagirdlər tualetdə siqaret çəkirdi, onlar çıxdı, mən əlimi yumaq üçün girdim. Müəllim elə bildi ki, siqareti mən çəkmişəm, vurdu məni. O-bu, məktəb bitdi mənimçün”.



"Atam məni toylardan saçımdan sürüyüb çıxarardı...”

Yeniyetmə vaxtlarında bir müddət dərzi emalatxanasında işləyir, satıcılıq, katibəlik edir. Uşaq baxıcısı olur, qapı-qapı gəzərək cehizlik əşyalar satır: "Deyirlər, evlərdə qulluqçu işləmişəm, elə şey olmayıb. Amma bunun heç bir əhəmiyyəti yoxdur, qulluqçu da ola bilərdim. Burda nə var ki?!
O vaxt toylarda oxuyanda atam uzaqdan səsimi eşidər, gəlib saçımdan sürüyərək evə aparardı. "Fahişə olacaqsan?” deyər, döyərdi. Şərq təfəkkürü... Atam "evdə oturacaq”, anam da "yox, oxuyacaq” deyərdi. Sonra atam gördü ki, qabağımı ala bilməyəcək, təslim oldu”. 

18 yaşına çatanda "Evə gecikmə”, "qısa ətək geyinmə”, "mahnı oxuma” deyən, evə beş dəqiqə geciksə döyən atasının təzyiqindən qurtulmaq, ürəyincə geyinmək, gəzmək üçün 15 gün əvvəl tanış olduğu bir gənclə qoşulub qaçır. Evlənəndən 15 gün sonra əri əskərə gedir. Qayıdanda qızları yaş yarımlıq imiş. 19 yaşında ana olan Yıldız qızına heyranı olduğu Sezen Aksunun adını qoyur. 



Kasıblıq onu səhnəyə atır

Kasıblıq yaxasını buraxmırmış onun. O ətli-qanlı qız həmin dövrlərdə arıqlayır, beləcə inci-mincə qıza çevrilir. Və o yoxsulluğun verdiyi cəsarətlə günün birində qarşısından keçdiyi restoranın qapısını açır. Beləliklə, 25 yaşında səhnəyə çıxır. Yıxıla-yıxıla, dizlərini qanada-qanada...

Restoranda səsini yoxlayır, "ərindən icazə al, gəl oxu” deyirlər. Ərini birtəhər razı salır, Gülen Yıldız adıyla səhnəyə çıxır. Sonralar bir gecədə bir neçə yerdə mahnı oxuyurmuş. Amma ailəsini bu şəkildə uzun müddət qoruyub-saxlaya bilmir, ərindən ayrılır. Qızıyla baş-başa qalırlar. 

Həyatının bu nöqtəsində qızına adını verdiyi Sezen Aksu görünür üfüqdə. Onun adını eşidib oxuduğu restorana gəlir, ancaq o gələndə Yıldız ifasını başa vurubmuş. Sezen tualetə gedəndə qarşısını kəsir, "məni dinlə” deyir. Sezen onun səsindən təsirlənərək Yıldızı vokalisti edir. Və Yıldız özünü Sezenin evində tapır. 9 ay Sezene vokalistlik edir. Sonra isə... Sonrası məlum, Türkiyənin Yıldızına çevrilir. 



"Mahnılarımda anam da var, atam da, ərim də...”

O, ömrü boyu sevmək üçün darıxır və həmişə sevənləri üçün sevginin, həsrətin mahnısını söyləyir. Onun mahnılarında anası da var, atası da, ayrıldığı əri də, qovuşa bilmədiyi sevgilisi də: "E mi” mahnısını anam üçün yazmışam. Anam çox acı çəkib. Ərindən ayrılıb atamla evlənib. Bir-birlərini çox seviblər, amma… Nə bilim, nə isə…
 
"Delikanlım”ı ayrıldığım ərimə yazmışam. "Bu kadar kolay sanma delikanlım” dediyim odu. Dinlədi və ötürdüyüm mesajı aldı. "Çabuk olalım aşkım” mahnısında atam var. Əvvəl müğənni olmağıma qarşı çıxdı. Amma axırda başa düşdü ki, insan nə edirsə-etsin, əsas özlüyündə necə olmağıdır. Atam öləndə çox xoşbətiydi”. 



"Bəzi mahnılarımı əzabdan dinləyə bilmirəm”

Mahnılarının əksəriyyətinin sözləri də, musiqisi də özünə aiddir: "Birdən ilham gəlir, yazıram. Maşında, evdə, studiyada... Albom çıxaran vaxt isə ilham zad gözləmədən 20 gün studiyaya qapanıram, oturduğum yerdə yazıram. ”

Yıldız Tilbe deyir, mən mahnı yazanda bəzən yaşadıqlarımı, bəzən də yaşaya bilmədiklərimi yazıram. Bu, bəzən sevgi, bəzən də tamam başqa bir şey olur: "Hisslərimi olduğu kimi də ifadə eləyirəm. Birdən bu durum məni sıxır. Məndə məntiq olsaydı, indi başqa yerlərdə olardım. Amma yersizliyimdən məmnunam. Sonsuzluq gözəldi…” 

Həm mahnılarında, həm də özündə küskün, yaralı bir hava var. Özünün dediyinə görə, mahnılarım təkcə məni ifadə eləmir, hamıdan danışır: "Ona görə dinləyir insanlar. Bir o mahnıları oxuyan, bir də dinləyən Yıldız var. Bəzi mahnılarımı özüm belə əzabdan dinləyə bilmirəm. Həm də o mahnılardan başqa söyləyəcək nələrisə olan bir insanam mən. Yəni sadəcə oxuduğum 40 mahnıdan ibarət deyiləm mən”.
Onun on beş dəqiqədə yazdığı mahnını minlərcə insan bir ağızdan oxuyur: "Mikrofonu onlara uzadıram, deyirəm, Allahım, bax, toplu halında sənə dua edirik, qəbul elə...”



Sevgisindən xərçəngə tutulur

Yıldızı nə qədər çox adam sevsə də, duyğusal mənada tək olduğunu deyir: "Vaxtında çox sevdim, amma sevilmədim. Adamlar sevməyi bilmir, əsəbimi pozurlar. Ona görə də bundan sonra sevməyəcəm, halım yoxdur buna. 

Əvvəllər dəli kimi sevmişəm. İntihara belə cəhd eləmişəm. Onsuz qalmaqdansa, ölməyi seçmişəm. 40 dənə dərmanı içib, dəniz sahilinə getdim, qaranlıqda yatdım. Məni orda heç kim görməz deyə düşünmüşdüm. Ətrafda gəzən iki satıcı uşaq tapıb xilas etdilər məni.

Hamı kimi mən də sevəndə kor oluram. İt kimi sadiq oluram, əqrəb kimi qısqanc, mələk kimi saf, pərilər qədər gözəl. Məcnunsuz Leyliyəm mən”.
Müğənni sevgi əzabından xərçəngə belə düçar olur: "Birini sevdim, o da evli çıxdı, mənim deyildi. Çox üzülürdüm, zarafat deyil, ölürdüm elə bil. Bir də xəstəxanaya getdim ki, xərçəngəm. Amma o zəhrimarı atdım içimdən. Sonra da o adamı unudub rahatlaşdım.

O isə çıxıb getdi evinə. Evli kişilər subaylara nisbətən qadınlara qarşı daha cürətli və cəsarətli olurlar. Həm də daha yalançı... Adam həm sevgilisini məhv eləyir, həm də həyat yoldaşını. Sonra da heç nə olmamış kimi evinə gedir”. 
"Atamdan sonra həyatımda heç kim olmadı”

Müğənni "Melanxoliyanın Allahıyam mən” deyir: "Çox diblərdə, qaranlıqlarda gəzirəm. Həmişə eləyəm. Elə də pozitiv, xoşbəxt ola bilmirəm. Açığı, xoşbəxt olmağa ehtiyacım da yoxdur. Məni qaranlıq özünə çəkir”. 

Şeiri çox sevir. Ən çox da ərəb şeirlərini. Düşünür ki, əsl sevgini onlar yaşayır, sevgini özünküləşdirə bilirlər.

Evindən çölə çıxmır, heç kəsi də evinə dəvət eləmir. Evi adi adamların evindən də sadə və bəsitdir. 

İllərdir sevgi yaşamayan, həyatında heç kim olmayan Yıldız dost, qonşu, qohum, tünlüyü heç sevmir. Ev əhli belə evin içində onu çox görə bilmir: "Atam öləndən sonra həyatımda heç kim olmayıb, heç kimi sevməmişəm. Öləndə dedim, ata bizi yiyəsiz qoyub getmə, dedi, sizin yiyəniz Allahdır. Doğru deyirdi, mənim yiyəm Allahdır. Məni tək bilirlər, amma mənim görüməyən ordularım var...”

Beləcə, özü kimi də hekayəsi var Yıldız Tilbenin. Necə ki ağlaya-ağlaya mahnı oxuduğu yerdə gözünün yaşını silib göbək atmağa başlayır, bax elə... Bir albomunda olduğu kimi. Yanıq səsli bir qadın pianonun müşayiəti ilə "Çabuk olalım, aşkım” deyib sevgilisinə səslənir, sonra bu səs fəryada çevrilir. Daha sonra pianonu susdurub səssizliyə salır özünü, mahnı dərin bir hüzünlə sonlanır. Ancaq dərhal bu kədərə zidd zurna-balabanlı bir yallı havası çalınır. Yanıq səsli qız gedir, şən, şux bir qız gəlir. Bax Yıldız o iki mahnının qarışığıdır, qarışıqdır əslində. 

Bu hekayənin içində köhnə türk filmlərindən yaxşı bələd olduğumuz, barlarda belə təmiz qalmağı bacaran məhəllənin qızıl ürəkli qızı obrazı var. Nə bilmək olar, bəlkə, elə ona görədir çənəsindəki xalı, dilindəki şivəsi, səsindəki acıyla, hoppanıb-düşərək etdiyi rəqslə bu qədər sevilməsi...

Sevinc
--> -->