Kaska, maska və Cavid 19...

Kaska, maska və Cavid 19...

Vüsal Bağırlı

Səngərdəyəm. Xidmət etdiyim ərazi döyüş zonasında yerləşir. Burada müxtəlif kalibrli güllələr daim ora-bura uçuşur. Onlar qəfil və kəskin sürətlə başımızın üzərindən, gicgahımızın yanından keçir, bizi öldürməkdən ötrü dəridən-qabıqdan çıxırlar. Onlar gözəgörünməz sürətlə axır, vıyıldayırlar. Düşmən tərəfindən atılan  mərmilərin gurultusu diksindirir. Sursatlar ətrafa ölümcül qəlpə saçırlar.  Hər günümüz risk altındadır. Hər anımız ölümdür. 
Hamımız kaska taxmağa məcburuq. Başqa yolumuz yoxdur. Statistikaya görə, döyüş zamanı əsgər ölümlərinin iyirmi faizi başa dəyən güllə yarasından baş verir.

Bədənimizi səngər, başımızı  parça-polimer və kevlar örtüklü şlem-kaskalar qoruyur.  Bu döyüşçü dəbilqəsinə  bel bağlamaqdan savayı əlacımız qalmayıb. Kaska döyüş tapşırığı zamanı, səngərdəki əsgəri  ölümdən qoruyan ən vacib mühafizə vasitəsidir.

***

Şəhərdəyəm. Pandemiya elan olunub. Yaşadığım ərazi karantin zonasıdır. Hər yerdə ölümcül virusa yoluxma təhlükəsi mövcuddur. O, kiçik və görünməz olsa da, mövcuddur və olduqca qorxuludur. Çünki, gün ərzində müxtəlif yerlərə və əşyalara - qapı dəstəyi, telefon, pul əskinası, kompüter klaviaturası, lift düyməsi – toxunuruq. Müxtəlif qapalı məkanlarda – ev, avtobus, metro, dükan, market – oluruq. Virus əllərimizə, bədənimizə yapışır,  həfəsimizə hopur, səthdən, sudan hava-damcı yolu ilə  orqanizmimizə keçir. Daxilimiz, ciyərlərimiz, bronxlarımız zədələnir. Nəfəsimiz, əllərimiz, burnumuz, hətta gözlərimiz belə həssas yoluxma zonası hesab olunur. Hər günümüz risk altındadır. Hamımız maska taxmağa məcburuq. Onların etibarına bel bağlamaqdan savayı əlacımız yoxdur. Statistikaya görə, yoluxanların dörd faizi ölümə məhkumdur.

Rezin qaytanlı, məftil burunluqlu maskalar, ən həssas nöqtələri, ağız və burun boşluğunu virus təhlükəsindən qoruyur. Tibbi maska pandemiya zamanı insanın ən vacib qoruma vasitəsidir.

***

Adım Caviddir. Yaşım 19. Bilirsiniz, son zamanların hadisələri məni yaman çaşdırır. Həm də sarsıdır. Bir yerdə qərar tuta bilmirəm, daxili sakitliyim yoxdur. Hər yerdə - xəbər buraxılışları, internet saytları, "vatzap”, "feysbuk” və sair informasiya məkanları -  öz adımla rastlaşıram. Söhbətlərin əsas mövzusuna, xəbər başlığına çevrilmişəm.

Dostlar, tanışlar, hamı bu şiti-şoru çıxmış mövzuda mənimlə guya zarafat edirmiş kimi davranırlar, yerli-yersiz söz atırlar. Gah mənə "yeriyən korona” deyir, gah da "ikiayaqlı virus” ləqəbiylə ələ salırlar. Düşük zarafatlar, mənasız tənələr, yersiz atmacalar zəhləmi tökür. 

Bizdə belədir, gərək daim ehtiyatlı ola, kiməsə fürsət verməyəsən. Anidən səhv etdinmi, bil ki, işin bitdi. Daim lağ olunacaq, məzə obyektinə çevriləcəksən. 

Əvvəllər öz adımı sevirdim, onunla fəxr edirdim. İndi isə yox. Hər gün valideynlərimlə dalaşıram. Mənə bu adı seçdiklərinə görə. Elə hey onları qınayıram.
Bu yaxınlarda isə, informasiya kanallarında bir xəbər yayıldı:

"Hindistanın Çattisqarx ştatında bir ailənin yeni doğulan əkiz uşaqlarına Korona və Covid adlarını qoyublar.”

Uşaqların anası bu qəribə qərarı belə izah edirdi: "Həkimlər, xəstəxana işçiləri övladlarımızı bu adla çağırırdılar. Biz də burada yaşadığımız çətinlikləri daim xatırlamaq üçün uşaqlara bu adı seçdik.”

Bu xəbəri eşidəndən sonra, əhvalım dəyişdi. Eynim açıldı, kefim əməlli-başlı kökəldi. Düşündüm ki, nahaq emosiyaya qapılırmışam.  Cırtqozluğa, darqursaqlığa da ehtiyac yox imiş.

Bir halda ki,  ad get-gedə məşhur trendə, elit brendə çevrilir, utanmağa, çəkinməyə nə hacət ? 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR