Ağsu rayon İcra Şöbəsinin keçmiş icra məmuruna qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb.
Qaynarinfo "Yenisabah”a istinadən xəbər verir ki, aprel ayının 2-də İsmayıllı Rayon Məhkəməsində hakim Rəfayel Şirinovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq- bir qrup şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirləndirilən Xəlilov Elman Hüseyn oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək.
Qeyd edək ki, cinayət işində 5 nəfər şəxs zərərçəkmiş qismində tanınıb. Elman Xəlilov cinayət əməllərini Ağsu rayon İcra şöbəsində icra məmuru vəzifəsində işlədiyi dövrdə əsasən qulluq mövqeyindən istifadə etməklə törədib.
Belə ki, Elman Xəlilov icraatında olan işlərlə əlaqədar vətəndaşlara kömək edəcəyini vəd verərək onlardan müxtəlif məbləğlərdə pullar alaraq onların etibarından sui-istifadə edib.
Həmçinin qeyd edək ki, Elman Xəlilov barəsində 2017-ci ildə də Ağsu Rayon Prokurorluğunda eyni maddə ilə cinayət işi olub və həmin cinayət işində 7 nəfər zərərçəkmiş qismində tanınıb.
Şərhlər