Siyasət 18:54 25.11.2021

Kəlbəcərin azad edilməsinin əvəzsiz siyasi əhəmiyyəti nə oldu? - Deputat

"Kəlbəcərin işğaldan azad edilməsinin siyasi mənası o oldu ki, İrəvanı bir güllə belə atmadan Azərbaycana qarşı ədalətsiz mövqeyinə son qoymağa məcbur etmək mümkündür”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Kəlbəcərin işğaldan azad edilməsinin bir illiyi fonunda həmin hadisənin siyasi əhəmiyyətindən danışarkən deyib:

"Bu gün Kəlbəcərin işğaldan azad olunmasının bir ili tamam olur. Ərazi baxımından bu rayon Azərbaycanın ən böyük rayonudur. Kəlbəcər həm də zəngin qızıl və mineral ehtiyatlara malikdir. Burada müalicəvi əhəmiyyətli sular var. Bir sözlə, strateji baxımdan bu ərazi mühüm əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsinin gedişatında elə bir şərait yarandı ki, İrəvan 10 noyabr tarixində kapitulyasiya aktına imza atdı. Bunun nəticəsində Ermənistan bir il bundan qabaq öz silahlı qüvvələrini Kəlbəcər ərazisindən də çıxardı. Bu gün qürur və fəxrlə Kəlbəcərin işğaldan azad olunmasını qeyd edirik”. 

Deputatın fikrincə, Kəlbəcərin azad edilməsinin siyasi əhəmiyyəti ilk növbədə ondan ibarətdir ki, bu rayon bir güllə atılmadan belə işğaldan azad edilib:

"Azərbaycan Ordusu erməni quldur dəstələrinə elə ölümcül sarsıdıcı zərbə endirdi ki, Ermənistan təslim aktına imza atmaq məcburiyyətində qaldı. Onlar bu fonda Kəlbəcər, Laçın və Ağdamı bir güllə atmadan belə Azərbaycana təhvil verməyə məcbur oldular. Bu baxımdan Kəlbəcərin azad edilməsinin böyük siyasi əhəmiyyəti var. Kəlbəcərin azad edilməsinin digər siyasi əhəmiyyəti odur ki, Qazaxın hələ işğal altında olan 7 kəndi də bir güllə atılmadan belə Azərbaycana qaytarılmalıdır. Ardınca bir güllə belə atılmadan sərhədlərin delimitasiyası və demarkasiyası müəyyən edilməli, Zəngəzur dəhlizi işə salınmalıdır. Baş verən prosesin başqa bir siyasi mənası isə o oldu ki, İrəvanı bir güllə belə atmadan digər addımları da atmağa, Azərbaycana qarşı ədalətsiz mövqeyinə son qoymağa məcbur etmək mümkündür”.

Rüfət Sultan