Aqşin Yenisey
Baxmayaraq kı, Fukuyama 1989-cu ildə yazdığı "Tarixin sonu və son insan” kitabında liberal demokratiyanın monarxizm, faşizm və kommunizm kimi "insanlara uşaq kimi baxan” siyasi sistemlər üzərində qələbəsini elan etməklə tarixin başa çatdığını, bizim isə azadlığını rahatlığına dəyişmiş son insanlar (ilk insan cənnətdə bunun əksini etmişdi) olduğumuzu iddia etməsindən çox keçməmiş Avropada, Çində, post-sovet ölkələrində və s. dünyanın müxtəlif yerlərində baş verən etnik, dini, siyasi qarşıdurmalar onu göstərdi ki, tarix hər gün yenidir və insan da həmişə ilk insandır, ibtidaidir.
Uill Dürant "Mədəniyyətlərin təməlləri” kitabında yazdığı kimi, mədəniyyət qida imkanlarının tarixidir; "kilsələr, parlament binaları, muzeylər və konsert salonları, universitetlər, sadəcə, bir pərdədir, arxasındakı sallaqxananı gizləyən pərdə”. Yəni qida imkanları tükəndikdə hər bir mədəni, xoşbəxt görüntünün arxasından barbar, bədbəxt bir keçmiş baş qaldıracaq.
Platonun "Dövlət” əsərində Sokrat cəlladın yanındakı cəsəd yığınına baxmaq istəyən Leont adlı bir adamın əhvalatını belə danışır: "Cəsədlərə baxmaq istədi, amma eyni zamanda içində bir ikrah yarandı və geri qayıtdı. Bir müddət əlləri ilə üzünü örtüb baxmaq istəyini boğmağa çalışdı. Ancaq arzusu qalib gəldi; gözlərini açaraq qaça-qaça cəsədlərin yanına getdi və qışqırdı: "Bax, Allahın lənətinə gələsən! Bax ki, gözün bayram etsin!”
Tarixin heç bir dövründə insan özü ilə mübarizdə bu arzusuna qalib gələ bilməyib; başqasının bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmaq, yaxud bunu görmək, ən azı, bu mənzərəni təsəvvür edə bilmək. Leontu cəsəd yığınına baxmağa vadar edən bəşəri arzu idi. Biz beşikdən məzara kimi ölüm qorxusnun hipnozu altında yaşayırıq. Ölən başqasıdırsa, bu, sadəcə, tamaşadır. İntellektual dünyanın belə heyranlıqla ən çox oxuduğu kitab "Cinayət və cəza”dır. Ac gəncin tox qarını baltayla öldürməsi.
Ucundan tutub ucuzluğa getməyə lüzum görmədiyimiz bu faktlar bizə bunu deməyə imkan verir ki, tarixin müəllimi təbiətdir, tarix dərslərini təbiətdən alır. Təbiətin isə şah qanunu budur: Sülhə deyil, müharibəyə hazır ol! Hər gün!
Dünya mediasını bəzəyən məlumatlara inansaq, dünya yeni silahlanma yarışındadır. Həm də keçmişin Nyuton fizikasına deyil, gələcəyin Kvant fizikasını əsaslanan bir silahlanma yarışında. Yəni heç bir tarixin başa çatdığından söhbət belə gedə bilməz. Bunu Fukuyama da nala-mıxa vuraraq sonradan etiraf etmişdi.
Nə qədər ki, dünyada din, düşüncə, irq və s. müxtəlifliyi var, tarix başladığı kimi də davam edəcək. Alman filosofu və tarixçisi Karl Jaspers bu müxtəlifliyin başlanğıclarından birini, bizə ən yaxın olanını belə şərh edir ki, eramızdan əvvəl 600-300-cü illər arasındakı dövrü dünya xalqlarının intellektual və ruhani inkişafı baxımından "İntibah dövrü” adlandırmaq olar. Belə ki, sivilizasiyamızın gələcək təməlləri bu qədim "üç yüz il” ərzində atıldı. Bir-birindən uzaq ölkələrdə yaşayan və bir-biri ilə heç bir əlaqəsi olmayan cüttanrılı Zərdüştün, təktanrılı yəhudi peyğəmbərlərinin, ağılbaz yunan filosoflarının, Hindistanda "arzu və ehtiras dərzisi” Buddanın, Çində əxlaqı müdrikləşdirən Konfutsi və Lao-Szının fikirləri dünyanın gələcək mənəvi, intellektual xəritəsini "qitələri” bölüb rənglədi. Sonradan bu xəritəyə sələflərindən bəhrələnən xristianlıq, islam kimi müxtəlif rənglər əlavə olunsa da, müasir tarixin istiqamətini təyin edən duyğular hələ də eramızdan əvvəl VI-III əsrlərdəki beyinlərdən güc almaqdadır. Hətta əgər insan Marsa dadansa, bu qədim düşüncələrdən birini, yaxud bir neçəsini özü ilə aparmalı olacaq.
Yəni soyuducunun markasına baxıb dünyaya yeni demək dünyanı tanımamaqdan irəli gəlir. Yeni olan soyuducunun çölüdür, qədimlik onun içindəki ənənəvi sualdadır; "Qoyun, yoxsa donuz?” Bir soyuducu üçün bu məsələ Hamletin "Olum, yoxsa ölüm” sualı kimi bir şeydir.
Dünya hələ də "qədim dünya”, tarix hələ də "Qədim dünya tarixi”dir. Mədəniyyət olaraq insanlıq yenə də "Biz”dən və "Onlar”dan ibarətdir. Qədim yunanlar özlərindən olmayanları "barbar”, yəhudilər isə "gentile” (kafir) adlandırırdılar. Klassik müsəlmanlar dünyanı sülhün və müharibənin olduğu iki əraziyə "Dar ül-İslam” və "Dar ül-Harb” olaraq ikiyə ayırırdılar və "Dar ül-Harb” dedikdə Qərbi, xristian dünyasını nəzərdə tuturdular. Bu gün bunun tam tərsi olaraq amerikalılar dünyanı "Sülh zolağı” və "Müharibə zolağı” deyə ikiyə bölürlər, bu dəfə "Müharibə zolağı” islam dünyasını əhatə edir.
Dəyişən tarixin məzmunu yox, formasıdır.
Qərb hər nə qədər özünü mədəni cəhətdən bir bütün adlandırıb, bir-biri ilə heç bir mədəni oxşarlığı olmayan Yaponiya, Çin, Hindistan, İslam, Afrika mədəniyyətlərinə qarşı qoysa da, ən yaxın tarixdə İngiltərənin Avropa İttifaqından ayrılması göstərdi ki, özünü "mədəni bütöv” adlandıran Avropada belə bütünlük deyə bir şey yoxdur. Yaxud 1990-cı illərə qədər, güya, "Xalqlar dostluğu” ideologiyasının sadiq tərəfləri kimi yaşayan sovet xalqları arasında 1993-cü ildən sonra 30-u silahlı qarşıdurma olmaqla, etnik tərkib, sərhəd mübahisələri ilə bağlı 164 münaqişə ocağı meydana çıxdı. "Xalqlar dostluğu” bir-iki ilin içində qəbilə dövrünün xalqlar düşmənliyinə çevrildi.
Mədəni fərqliliklər etnik münaqişlərlə yanaşı, şəxsi düşməniliyə də səbəb olub həmişə. Yenə də "başa çatan tarixin” bir o, bir bu başından iki örnək verəcəyəm.
Sasani hökmdarı I Şahpur (240-271) şəxsi düşməni kimi gördüyü Roma imperatoru Valerianı Urfada əsir götürdükdən sonra onu necə aşağılaması haqqında cürbəcür tarixi rəvayətlər mövcuddur. Bir rəvayətə görə, Şapur ata minəndə Valerianı ayağının altında kətil kimi istifadə etdirmiş, başqa bir rəvayətdə əsir imperatorun dərisinin soyulduğu və dana dərisi kimi içinə saman doldurulduğu deyilir. Rəvayət olmayan, bu gün də öz gerçəkliyini qoruyan qayaüstü bir rəsmdə isə Şapur atının üstündə oturub və ayağını yerdə diz çökən Roma imperatorunun boynuna qoyub.
Bu o vaxt Şərqin Qərbə etdiyidir, təxminən, min səkkiz yüz il əvvəl. Bir də bir neçə il əvvəl bütün dünyaya canlı göstərilən Səddam Hüseynin edamını, Qəddafinin linçini xatırlayaq. Bu da min səkkiz yüz ildən sonra Qərbin Şərqə etdiyi idi.
Nə dəyişib?..
Şərhlər