Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər, şəffaflıq, inkişaf" adlı konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə kənd təsərrüfatı sahəsinə vergi tətbiq edilməsini təklif edib. O, bildirib ki, Azərbaycanda əhalinin 35-36%-i kənd təsərrüfatı sahəsində çalışır ki, onların vergiyə cəlb edilməsi sahəsində müəyyən addımlar atılmalıdır. (Report)
Qeyd edək ki, sözügedən sahənin inkişafını təmin etmək məqsədilə kənd təsərrüfatı ilə məşğul olanlar vergidən azad edilib. Kəndlilərin vergiyə cəlb edilməsi hansı nəticələrə gətirib çıxara bilər?
Bu barədə Qaynarinfo-ya açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Vüqar Məhərrəmli də bu sahəyə vergi tətbiq edilməsinin lazım gəldiyini deyib. Lakin o, verginin formal xarakter daşımalı olduğunu və həcminin 2 faizdən yuxarı olmamalı olduğunu bildirib:
"Ümumiyyətlə bununla bağlı bir müddət əvvəl biz də kütləvi informasiya vasitələrində çıxış etmişdik. Yaxşı olar ki, kənd təsərrüfatı sahəsində çalışan sahibkarlar, kəndlilər vergi ödəyicisi kimi qeydiyyatda olsunlar. Bununla biz onların istehsal etdikləri məhsulun həcmini, ümumiyyətlə ölkədə dəqiq olaraq nə qədər kənd təsərrüfatı məhsulu istehsal olunduğunu öyrənə bilərik. Həmçinin istehsalın dəqiq statistikası olsa, biz problemin harda olduğunu müəyyən edərək həmin problemin həlli istiqamətində müzakirələr apara bilərik. Eyni zamanda kənd təsərrüfatı sahəsində çalışanlara da bu vergi mədəniyyətini yavaş-yavaş aşılamalıyıq. Amma mənim fikrimcə, vergi simvolik xarakter daşımalıdır. Kəndlilər üçün verginin həcmi 2 faizdən yuxarı olmamalıdır. Həmçinin vergi ödəyiciləri üçün subsidiyanın həcmini də artırmaq lazımdır. Ona görə ki, Azərbaycanda kənd təsərrüfatı sahəsi gəlirli sahə deyil. Azərbaycan hələ o səviyyəyə çatmayıb ki, fermerlər, kəndlilər kənd təsərrüfatı məhsulunun istehsalı ilə böyük gəlir əldə edib biznesini genişləndirsin və ya özünün sosial problemlərini həll etsin. Kənd təsərrüfatında istehsal, məhsulun satışı, istehsal vasitələrinin əldə olunması və s. ilə bağlı bir çox problemlər var ki, bunları sadalamaqla bitməz. Digər ölkələr bunu nəzərə alaraq bu sahəyə çox sayda subsidiya və dotasiya ayırırlar. Ona görə biz təklif edirik ki, vergi faizi 2 faizdən yuxarı olmasın və həmin verginin həcmi qədər də kəndlilərə subsidiya və dotasiya verilsin".
Çingiz Səfərli
Şərhlər