Ölkə 12:37 24.06.2021

Kim haqlıdır: şort geyinən sakin, yoxsa onu qovan nitarius?

"Şort geyindiyinə görə notariat kontoruna buraxılmayan vətəndaş Ədliyyə Nazirliyinə həmin müəssisə barəsində intizam icraatının başlanması üçün müraciət edə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Roman Qaraşov şort geyindiyinə görə Nəsimi rayonunun 54 saylı notariat kontoruna buraxılmayan Bakı sakini Azər Kərimovla bağlı yaşanan insidentdə hüquqi baxımdan kimin haqlı olub-olmadığına aydınlıq gətirərkən deyib. 

Həmsöhbətimiz bildirdi ki, bu cür geyim tərzində, dünyada qəbul edilən qaydada hansısa bir obyektə, ofisə daxil olmağın qadağan edilməsi heç bir qanunda öz əksini tapmayıb: 

"Ona görə də notariat kontorunun həmin hərəkəti heç bir qanuna əsaslanmadan subyektiv amildən irəli gələn hərəkətdir və qanuna ziddir”. 
Hüquqşünas deyir ki, burada heç bir halda vətəndaş tərəfindən etik qaydaların pozulmasından söhbət gedə bilməz:  

"Burada vətəndaşın hərəkətilə qanun, hansısa bir normativ sənəd pozulmayıb. Ümumiyyətlə, bununla bağlı qanunvericilikdə hansısa bir məhdudlaşdırıcı, qadağanedici maddə yoxdur. Ona görə də sözügedən natoriat kontorunun şort geyinərək ora gələn sakinlə bağlı verdiyi göstərişlər əsassız və qanunsuzdur”. 

R. Qaraşov şort geyinən vətəndaşa hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyi tövsiyə etdi: 

"Vətəndaş notariat kontorunun həmin hərəkəti nəticəsində dəyən zərəri və ziyanı məhkəmə qarşısında tələb edə bilər. Həmin prosesdə vətəndaş tam haqlıdır, onun hüququ pozulub. Hər bir yerdə pozuntu risqi, məmur özbaşınalığı var. İnsidentin baş verdiyi dövlət notariat kontorudursa, ona uyğun olaraq həmin idarə barədə Ədliyyə Nazirliyinə intizam icraatının başlanması ilə bağlı da müraciət oluna bilər. Xüsusi notariat kontorudursa, məhkəmə qaydasında məsələ mübahisələndirilə bilər”. 

Rüfət Sultan