Xəbər lenti

Foto 13:22 01.12.2020

Komandir müavini: “Ermənistan son anda “İsgəndər” raketinə əl atdı”

İkinci Qarabağ Müharibəsində iştirak etmək üçün xeyli sayda vətəndaşımız  döyüşlərə könüllü qatılaraq qəhrəmanlıq göstəriblər.

Demək olar, hər gün Azərbaycan insanı  döyüş qəhrəmanları ilə tanış olur. Onların şücaəti, vətənpərvərliyi barədə yeni-yeni informasiyalar əldə edir.

Artıq  tarix yazan Azərbaycan əsgərini tarixin yaddaşına hopan simasından, səsindən, təbəssümündən, hətta ayaq səsindən tanıyırıq. Tarixə çevrilmək üçün zamanın yetişdirdiyi qəhrəman olmalısan.

Qaynarinfo modern.az-a istinadən Vətən Müharibəsində iştirak etmiş növbəti qəhrəman - Hava Hücumundan Müdafiə Qoşunlarında S-300 raket-zenit kompleksinin divizon komandirinin müavini Zaur Məmmədovun müsahibəsini təqdim edir:

"İyulda müharibə olacağı barədə əmr almışdıq”

Zaur Məmmədov deyir ki, İkinci Qarabağ Müharibəsinin başlanması ilə bağlı tapşırığı bir neçə ay əvvəldən almışdılar:

"Tovuz hadisələrindən sonra döyüş tapşırığı aldıq. İyulun 10-u idi. Ata-anamın yanına getdim. Onlara müharibə barədə bir neçə kəlmə dedim. Ardınca  "Uşaqlar sizə əmanətdir. Seçdiyim yolda bu yoldu. Başqa yolum yoxdu” söylədim. Atam da gülə-gülə zarafatla dedi ki, "ermənilər qorxaq millətdir. Qaçıb gedəcəklər”. Anam isə kövrəldi. Ancaq müharibəyə hazırlaşmaq barədə nə həyat yoldaşım, nə də uşaqlarım bilirdi. Heç qardaşlarım da bilmirdi.  Heyətimizlə irəliyə doğru getdik və hazırlıq tədbirləri görməyə başladıq. Planlar qurduq, təlimlər keçdik. Şəhid general Polad Həşimovun ölümü bizi qisas almağa daha da ruhlandırdı. Biz onun tabeçiliyində kurs keçmişik. Onun ölümü hamımıza pis təsir etmişdi. Bütün zabitlər, gizirlər döyüşə canla-başla hazırlaşırdılar. Çünki bizə müharibə olacağı barədə əvvəlcədən məlumat daxil olmuşdu”.

"Mingəçevir SES-ə atlan raket partlasaydı....”

Onun sözlərinə görə, Vətən Müharibəsində onların üzərinə daha çox iş düşürdü:

"İkinci Qarabağ Müharibəsində  üzərimizə  ikiqat məsuliyyət düşmüşdü. Mülki infrastrukturları, təbii sərvətlərimizi qorumalı idik. Əsas tapşırıqlardan biri də Mingəçevir SES-ı idi. Bundan əlavə, quru qoşunlarımızı, piyadalarımızı hücum zamanı düşmən təyyarələrindən, qanadlı raketlərdən qorumalı idik. Bunun nəticəsi olaraq döyüşlər gedən ərəfədə iki dəfə Mingəçevir SES-ə atılmış raketi məhv etmişik. O raket partlasaydı, böyük ərazilər su altında qalacaqdı. Həmin raketin məhv edilməsində mən də  iştirak etmişəm. Sevindirici haldır ki, dünyanın 12 ölkəsində mövcud olan S-300 raket kompleksi ilk dəfə olaraq döyüşlərdə Azərbaycan tərəfindən istifadə olundu. 24 saat dayanmadan Ermənistan üzərində kəşfiyyat aparmışıq. Demək olar ki 44 gün ərzində daha diqqətli və gözüaçıq olmuşuq. Hərbi texnikanın içərisində, şüalanmada düşmənin kəşfiyyatını dağıtmışıq. Hər hansı təhlükə olan kimi, ona uyğun tədbir görmüşük”.

Vətən Müharibəsinin iştirakçısı deyir ki, Ermənistanın hərbi kapitulyasiya imzalamasından öncə Xırdalana atdığı raket tam vaxtında zərərsizləşdirilib:

"Düşmənin havadan sonuncu hücumu Xırdalan ərazisinə oldu. Bu, "İsgəndər” raketi idi. Ermənistanın son anda "İsgəndər” raketini bizə  qarşı tətbiq edəcəyini bilirdik. Partlayış səsinin gəldiyini kəşfiyyat bizə bildirdi. Dərhal o istiqamətdə axtarış apardıq. 94 km yüksəklikdə biz onu müşahidəyə götürdük. Şükürlər olsun ki, raket yerə düşməmiş onu zərərsizləşdirə bildik”.

"Uşaqlarım "nə vaxt gəlirsən?!” deyib dururlar”

Zaur Məmmədov övladlarından da söz açıb:

"3 uşağım var. Hər dəfə eyni sualı verirlər. "Nə vaxt gəlirsən? Sonra da "Qarabağ Azərbaycandır, ona canımız qurban”, deyirlər.  Müharibə başlayanda isə həftələrlə telefon əlaqəsi mümkün deyildi. Bizə zəng çatmırdı. Çünki telefonlarımız dinlənildiyindən heç kimlə ünsiyyətə girmirdik. Məxfiliyi qorumalı idik. Başqa cür düşmənə qalib gəlmək olmazdı. Günlərlə ailəm məndən xəbərsiz qaldı. Buna baxmayaraq bir məqsədim vardı: torpaqlarımız geri qayıtmalı, şəhidlərimizin qanı yerdə qalmamalıdır.

1992-ci ildə Qarabağda ermənilərin bizim xalqımızın başına gətirdikləri vəhşiliklərin qisasını döyüş meydanında almalı idik. Bizim qələbəmizdə əsas qəhrəmanlardan biri də Ali Baş Komandandır. 44 günlük savaş müddətində o da bizimlə bərabər ayaqda idi. Onun qarşısında baş əyirik. İcra olunan bütün tapşırıqlar cənab prezidentə məruzə olunub. Burdan təşəkkür etdiyim bir şəxs var. Bizim bu cür vətənpərvər olmağımızda müəllimlərimizin də payı var. Sumqayıt şəhər 10 sayli məktəbin müəllimi Yeganə Tahirovaya mənə çəkdiyi əziyyətlərə görə minnətdarlığımı bildirirəm”.

"Gənc əsgərlərimiz çox cəsur və qorxmaz idi”

Müharibə iştirakçısı 18 yaşlı əsgərlərin necə vətənpərvər olduqlarını da vurğulayıb:

"Komandir müavini olaraq üzərimə çox böyük iş düşürdü. Yanımızda gənc əsgərlər vardı. Onlar müharibə görməmişdilər. Mən isə aprel döyüşlərinin iştirakçısı olduğumdan müharibənin nə demək olduğunu bilirdim. İlk dəfə yanımızda mərmi partlayanda hiss etdim ki, gənc əsgərlər qorxdular. Amma qısa müddət ərzində alışdılar. Onların  18 yaşlarının olmalarına baxmayaraq, hər biri çox cəsur və qorxmaz idi. Ermənilərin rus soyadlı ən məşhur pilotunun havaya qalxıb Qarabağa  girməsi ilə onu vurmağımız bir olmuşdu. Ermənilərin Su-30 təyyarələri bizim sərhədə yaxınlaşmağa cəhd edə bilmirdilər. Bizim hava hücumundan müdafiənin nə dərəcədə güclü olduğunu dünya gördü. Ermənilər həm Gəncəyə, həm də Mingəçevirə gecə vaxtı raket atdılar. Biz eyni anda fərqli yerə raket atılacağını gözləmirdik. Ancaq onlar erməni vandallığını sübuta yetirdilər. Mingəçevir SES-ə hər an təhlükə olacağını gözləyirdik. Ona görə də oranı dəmir kimi müdafiə edirdik”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->