Hər kəsin yaradıcılığında unudulmasını istəmədiyi sevimli yazı olur. "Murad”ı uşaq vaxtlarımızda yüksək səslə oxuduğumuz böyük Əziz Nesinin hekayələrinin təsiri ilə yazmışam. İntəhası on il əvvəl. Əziz Nesini başa düşmək üçün mənə qırx il lazım oldu.
Cəsarətlə tam bir ölkə reallığının təsviri deyə bilərəm, çünki adını məlum səbəblərdən dəyişdiyim Murad indi üçüncü sinfə gedir. Ailələr övladlıq sənədlərindəki süründürməçilikdən, rüşvətdən bezib uşağı faktiki valediynlərinin üstündə saxladılar. Uşağa bir dillə başa salmağa ehtiyac olmadı. Məmura veriləcək rüşvəti elə özünə xərclədilər, o da şüurlu surətdə dayısıgilin xəyallarındakı ağıllı, istiqanlı bir övlad oldu.
Yazıdakı baş həkim hələ öz yerindədir. Bu yaxınlarda müdirliyinin otuz ili qeyd olunacaq. Evlərinin, avtomobillərinin, bank hesablarının sayı artsa da, donuzu hələ əskik qalıb. Pensiyaya çıxmaq fikri yoxdur, hələ yorulmayıbmış. Gör hardan hara gəldik. Murad uşaq heyvan həkimi olmağa meyillənməkdə haqlıdır. Bu ölkə hələ ki, heyvanların insan olmadıqlarına şükür etdiyi gündədir.
Zəruri qeyd:
Yazı illər öncə "Facebook” səhifəmdən dostcasına "kopyalanıb” populyar saytların birinə başqa adla göndərilimişdi. Müəllif aşkar olunanda götürdülər. Bundan əlavə, əməkdaşlıq etdiyim ünvanlarda hansısa illərdə dərs olunması istisna deyil. Yəni neçənci əl yazı göndərib "atmaq” kimi olmasın. Deputat-zad deyilik ki, beş dəfə çıxarıldığımız qutuya "sıfırdan” altıncı əl qoyaq.
Qələm əhli təkrardan tez yorulur. Başqa şeyləri təzələməyə gücümüz çatmasa da, dərdlərimiz həmişə təzədi...
Murad
Başqa uşaqlardan fərqli doğulmuşam. Çünki anam məni övlad acısı çəkən dayıma və dayıdostuma görə dünyaya gətirib. Olsun. Mən onları və anamla atamı, qardaşlarımı sevirəm. Hətta tanış olmağa başladığım xalqımı da sevməyə çalışıram. Yetər ki, kimsənin qəlbi qırılmasın.
Dünyaya gələndə ilk eşitdiyim sözləri yadda saxlamaq istəyirdim. Qoy bu sözlər həyat şüarım olsun deyə. Çığırıb ağlamağımın ardınca bütün kiçik varlığımla həmin sözlərə köklənmişdim ki, həkim xala sevincək dedi:
– Şükürlər olsun, əlimizə sağlam mal gəldi.
Elə bildim həkim xala çaşıb "uşaq” əvəzinə mal deyib. Səsimi eşitməsə də, düzəliş etmək istəyirdim ki, yenidən ötkəm bir səs eşitdim:
– Tərpənin görək, nə qopardırsınız!
Bu dəfə mən düzü qorxudan xırdaca ayaqlarımı bir-birinə sıxdım. Amma anamla məni qoyub hər kəs çölə axışanda "qopartmaq” felinin hələlik mənə aid olmadığını başa düşdüm. Buna sevinə də bilmədim. Çünki bu dəfə qapıda xəbər gözləyən bizimkilərə yazığım gəldi.
Məni çağaların otağına yerləşdirən yaşlı xala qundağımın üstünə töküb dəstələdiyi bir topa manatı cibinə qoyub ufuldadı:
– Alçağın bir donuzu əksikdi, di gəl ki, xadimədən də haqq umur. A buna möhür verənin evi dağılsın!
Donuzu əskik olan həmin alçağın xadimə xalanın cibinə girməsinə çox kədərləndim, amma körpələrin yanında belə şeylər danışdığına bir az ondan incidim. Nədən ki, dünyaya gəldiyimdən bəri xoş bir söz eşidə bilmirdim.
Anamın yanında keçirəcəyim bircə həftəni doya-doya yaşamaq üçün müsbət enerjiyə çox ehtiyacım vardı. Di gəl ki, dünyada bu enerjini almaq mümkün deyilmiş. Burada yalnız nağd alış-veriş gedir. Məsələn, doxtur xala maddi vəziyyətimizi nəzərə alıb mənə yüz əlli manat qiymət qoymuşdu. Anamdan əvvəl qız uşağı gətirən anaya başa salanda öz qulaqlarmla eşitdim. Qızlarda az-çox endirim etmək olurmuş. Oğlanlar binayi-qədimdən bahalıdır. Bizimkilərin yanından məmnun qayıdan doxtur xala məni göstərib: "Bax, bunun əlli manatı birbaşa müdirə gedir. Bu həftə dörd oğlan tutmuşuq, onların bircə manatı da gözdən yayına bilməz”, - demişdi.
O saatca yadıma xadimə xalanın dediyi donuz düşdü. Fikirləşdim ki, həmin o müdir dayı əskiyini niyə düzəltmir görəsən? Bu minvalla az vaxta bütöv ferma almaq olar ki! Pensiyaya çıxanda elə çoxalmış donuzlarla gününü keçirərdi. Nə də olsa, hər kəs özünə yaraşan işlə ömrünü başa vursa məsləhətdi.
Evə yollanandan sonra məlum oldu ki, xırda-para xərcləri saymasaq, mənim doğulmağım bizə təxminən üç yüz əlli manata başa gəlib. Yeni evimdə yeni atam-anam üstümdə nə qədər əssələr də, özümü xəstələnməkdən saxlaya bilmədim. Ölkəyə gəlişimlə bağlı keçirtdiyim qorxu və həyəcandan sonra ağır depressiyaya düşmüşdüm. Amma depressiya varlıların xəstəliyi olduğuna görə ordan dərhal çıxdım. Çünki, bizlərin belə "geydirmə” (ifadəmə görə üzr istəyirəm, bu sözün sinonimini tapa bilmədim) problemlərə xərclənəsi vaxtımız və pulumuz yoxdu.
Çox keçmədi ki, əsil maneə ilə qarşılaşıb dünyanın neçə bucaq olduğunu daha dərindən anlamağa başladım. Bu ölkədə kiməsə qarğış eləmək istəyirsənsə, bircə an belə fikirləşməmiş deyirsən:
"Allah işini hökumətə salsın”. O da ola hökumətin bir neçə idarəsinə birdən. Bu, daha qarğışlıqdan çıxıb adamın başına düşəsi yekə bir daşdır.
Mənim övladlığa götürülmək məsələm də üç-dörd hökumət idarəsindən keçməliydi. Atam ilk cəhdlərdən sonra tələb olunan rüşvəti vermək üçün inəyi satmaq məcburiyyətində qaldı. Mən süddən məhrum olsam da, milli sənədləşmədən sonra övladlıq məsələsinin yarısı düzəldü. Qalan yarısı üçün də inəyimizin balasının böyüməsini gözləyirik...
Şərhlər