Konstantsa və Bakı limanları əməkdaşlığa hazırlaşır

Konstantsa və Bakı limanları əməkdaşlığa hazırlaşır

Rumıniyanın Konstantsa limanı və Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı mövcud layihələri inkişaf etdirmək və yeni layihələrdə əməkdaşlıq üçün yeni imkanlar tapmaq üçün birgə işləyə bilərlər.

Qaynarinfo xəbər verir ki, bunu Trend-ə müsahibəsində Konstantsa limanının baş direktoru Daniela Serban deyib.

O bildirib ki, iki liman arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq Konstantsa limanı Bakı limanı ilə səmərəli və məhsuldar əməkdaşlığa hazırdır.

Onun sözlərinə görə, həm Konstantsa, həm də Bakı limanının nəqliyyat, logistika və liman istismarı sahələrində təşkil olunan tədbirlərdə iştirakı xüsusi əhəmiyyət kəsb edə bilər:
"Biz limanlarımızın imkan və üstünlüklərini irəlilətmək üçün Rumıniyada, eləcə də regionun digər ölkələrində təşkil olunan tədbirlərə tərəfdaşlarımızı cəlb etməkdə davam edəcəyik. Qeyd etməliyik ki, Bakı limanının administrasiyası Avstriyada "Konstantsa limanı günü" kimi tədbirlərimizdə uğurla iştirak edib. Hesab edirik ki, onlar gələcək tədbirlərdə də iştirak edəcək".

Baş direktor əlavə edib ki, Konstantsa və Bakı limanları Xəzər-Qara dəniz dəhlizinin səmərəli işinin təmin olunmasında öz imkanlarını qarşılıqlı təşviq edə bilərlər:

"Biz artıq Bakı limanını Konstantsa limanını istifadə edən müştərilərimizə tərəfdaş qismində təqdim etmişik. Əvvəl qeyd etdiyimiz kimi, hər iki liman öz strateji mövqeyindən və əlverişli imkanlardan istifadə edərək öz təşəbbüslərində bir-birini dəstəkləyə bilər. Eyni zamanda limanlar mövcud layihələri inkişaf etdirmək və yeni layihələrdə əməkdaşlıq üçün yeni imkanlar tapmaq üçün birgə işləyə bilərlər".
XƏBƏRLƏR
BLOGLAR