Xəbər lenti

Koreya konflikti və ya ABŞ-a qarşı "ikinci cəbhə" (ARAŞDIRMA)
Dünya 11:32 16.04.2013

Koreya konflikti və ya ABŞ-a qarşı "ikinci cəbhə" (ARAŞDIRMA)

Qafqaz Ömərov

Koreya yarımadasında gərginləşən hərbi-siyasi vəziyyət bütün Sakit okean regionunu planetin ən təhlükəli bölgələrindən birinə çevirib.

60 illik tarixi olan konflikt uzun illərdən sonra Cənubi və Şimali Koreyanı yenidən alovlanma təhlükəsi ilə üz-üzə qoyub. Yaponiya ilə Çin arasında yenicə sakitləşən Seskoku adaları üstündə yaranmış mübahisədən sonra Şimali Koreyanın orta və uzaq mənzilli nüvə başlıqlı raketləri sınaqdan keçirilməyə başlaması region dövlətlərinin başı üzərinə qara bulud kimi çöküb. ABŞ başda olmaqla aparıcı qərb dövlətlərinin bütün etirazlarına baxmayaraq Pxenyan keçirdiyi yeraltı nüvə sınağı sınağı ilə tək Sakit okean hövzəsində deyil, bütün dünyada geosiyasi vəziyyəti gərginləşdirib. Gəlin, Koreya yaradımadasındakı "dondurulmuş" hərbi konfliktin tarixinə birgə nəzər salaq.

Koreya müharibəsi

1950-ci ildə başlayan Koreya müharibəsi 1953-cü ilə qədər davam edib və yarımadanın iki dövlətə parçalanmasına gətirib çıxarıb. ABŞ və inkişaf etmiş kapitalist dövlətlərinin dəstəklədiyi tərəf Cənubi Koreya, Çin və Sovet İttifaqının dəstəklədiyi Şimali Koreyaya parçalansa da, yarımdanın hələ də rəsmi sərhəddi müəyyənləşdirməyib. 1950-ci ildə Cənubun Şimalın hücumları qarşısında aciz qaldığını görən ABŞ başda olmaqla NATO yarımadaya qoşun çıxardı. Üç il davam edən qanlı müharibə 1953-cü ildə atəşkəs əldə olunduqdan sonra dayandı. Amma iki Koreya arasında tam sülh müqaviləsi hələ imzalanmayıb. Hərbi vəziyyət heç bir rəsmi öhdəliyə əsaslanmır və hər an pozula bilər. ABŞ ordusunun Cənubi Koreyada iri hərbi bazaları var. Şimali Koreayanın ərazisində Çin və SSRİ-nin hərbi bazaları olmasa da, adı çəkilən hər iki keçmiş kommunist dövləti Pxenyana istənilən hərbi dəstəyi verməkdə davam edir.

Pxenyanın nüvə proqramı

Sovet kəşfiyyatının 1950-1953-cü illər Koreya müharibəsi zamanı ABŞ-ın Pxenyana 6 atom bombası atmaq planından xəbər tutması 1956-cı ildə Kim İr Senin nüvə proqramına start verməsinə səbəb oldu. SSRİ ilə bağlanmış müqavilə əsasında Moskva Pxenyana nüvə tədqiqatları və uranın saflaşdırılması istiqamətində bütün köməkliklər göstərməyə başladı. 1965-ci ildə ilk nüvə reaktorunu işə salmağa müvəffəq olan Şimali Koreya bu sahədəki fəaliyyətlərini genişlədərək 1970-ci ildə uranı atom bombası isehsal edə biləcək səviyyəyə qədər saflaşdırmağa nail oldu. 1974-cü ildə ölkə MAQATE-yə üzv qəbul edildi. 1986-cı ildə Şimali Koreya SSRİ-nin təzyiqləri ilə "nüvə silahını yaymama haqqında" beynəlxalq konvensiyaya qoşuldu. ABŞ kəşfiyyatının əldə etdiyi məlumatlar artıq Pxenyanın atom bombasına malik olmanın bir addımlığında olduğunu bildirərkən Vaşinqton bu ölkəyə olan təzyiqlərini artırdı. Vəziyyəti düzəltmək üçün hətta ABŞ Cənubi Koreyada yerləşdirdiyi nüvə başlıqlı raketlərini bu ölkədən çıxardığını elan edərək Pxenyanı nüvə proqramını dayandırmağa çağırdı. 2006-ci ilə qədər davam edən siyasi və diplomatik səylər, Pxenyana tətbiq olunan hərbi və iqtisadi sanksiyalar, Şimali Koreyanın keçirdiyi ilk nüvə sınağından sonra yeni format çərçivəsinə düşdü. Artıq ABŞ və müttəfiqlərinin qarşısında nüvə bombasına malik olan bir Şimali Koreya vardı və bu ölkəni adi, sıradan bir ölkə kimi zəiflədib hərbi yolla dağıtmaq mümkün deyildi. 2009-cu ildə isə Pxenyan növbəti nüvə partlayışı ilə yenidən dünyanı titrətdi.

Yarımadada yeni müharibə təhlükəsi

Son nüvə sınağından, yəni 2013-cü ilin yanvarından sonra Şimali Koreyaya ABŞ və Qərb dövlətlərinin tətbiq etdiyi iqtisadi sanksiyalar daha da sərtləşdirildi. Maliyyə çətinliyi, iqtisadi böhran Kim Çen İn hökumətini daha da aqressivləşdirdi və bu dəfə 1953-cü ildən bu yana iki ölkə sərhədində silahlı insidentlər baş verməyə başladı. Asiyada gedən bu prosseslər diqqəti müharibə ocağı Yaxın Şərqdən bu bölgəyə yönəltdi. ABŞ regiondakı hərbi varlığını artırmaq məqsədi ilə buraya yeni hərbi bazalar - hava qüvvələri, hərbi dəniz və hava hücumundan müdafiə birlikləri gətirməyə başladı. Vaşinqtonun göndəmi bir anda dəyişdi. Qanında boğulan Suriya dünya mediasında yerini Koreya konfliktinə buraxdı. Həyəcan ən yüksək həddə çatdı və dünya nüvə müharibəsi təhlükəsi qarşısında qaldı.

"Diqqət yayındırma tatktikası" və ya Moskva ilə Pekinin "Anti-Amerika" planı

Koreya yarımadasındakı təhlükə hələ də sovuşmayıb, düzdür, konflikt başlamayıb, amma dünyanın gündəmi dəyişib və Yaxın Şərqdə total hərbi avantüra başlayan böyük dövlətlərin diqqəti bu bölgədən yayınıb. Pxenyanın Qərbə belə rahat meydan oxuması onun arxasında 1950-ci illərdə olduğu kimi yenə də Rusiya və Çinin durması ilə əlaqədardır. Əks təqdirdə dərin iqtisadi böhran yaşayan Şimali Koreya təkbaşına bu qədər cürətli addımlar ata bilməzdi. ABŞ-ın Yaxın Şərq siyasətini iflasa uğradaraq, bu bölgə üçün qurduğu planları pozmaq qərarına gələn Rusiya və Çinin oynadığı bu oyun ABŞ-ın əməlli-başlı çaş-baş salıb. Sakit okeanı hövzəsində gərginləşən vəziyyətin çox ciddi bir nəzarət altında olması da, burada baş verən prosseslərin güclü dövlətlərin nəzarəti altında olduğundan xəbər verir. Əgər Şimali Koreya bu avantüranı özü başlasaydı, məntiqlə planlarının rəhbərliyinin verdiyi bəyanatlara görə ilk atəşi də açmalı idi, amma bu baş vermədi. Sanki kimlərsə Pxenyana nə vaxt nə etməyin lazım olduğu təlimatını anında və zamanında verir, vəziyyəti öz xeyrinə gərginlik altında saxlayır. Bu, əslində, ABŞ-a bir mesajdır, yəni "Yaxın Şərqi alarsan, Uzaq Şərqi, ən yaxın müttəfiqlərin olan Yaponiya və Cənubi Koreyanı birdəfəlik itirərsən" demək istəyirlər Amerikaya. Bu qüvvlərin Rusiya və Çin olduğu da heç kəsə sir deyil. Hadisələrin necə olacağını isə zaman keçdikcə görəcəyik. Allah insanlığı bütün fəlakətlərdən qorusun!

Qaynar.info 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->