Koronavirusdan sağalmış insanlara vaksin vurulmalıdırmı? – Məşhur həkimin şərhi

Koronavirusdan sağalmış insanlara vaksin vurulmalıdırmı? – Məşhur həkimin şərhi

COVİD 19-a yoluxaraq onun məlum klinik formalarından birini keçirib sağalmış insanlar vaksinasiya olunmalıdırmı?  Hazırda bu sual insanları narahat edən və fərqli yanaşılan məsələlərdən biridir. 

Qaynarinfo xəbər verir ki, tibb elmləri doktoru, professor Musa Qəniyev sağalmış insanlara COVİD19 əleyhinə vaksin vurulmasının elmi əsasının olmadığını deyir: 

"COVİD 19-a yoluxmuş xəstələrin qanında orqanizm tərəfindən sintez edilən  ümumilikdə 250-dən artıq virusəleyhinə antitel aşkar olunur. Bunlardan 28-i bu infeksiya ilə aktiv şəkildə mübarizə aparan və virusu məhv etməyə çalışan antitellərdir. COVİD 19-un istənilən klinik formasından  sağalmışların qanında, bu infeksiya ilə "birbaşa vuruşan” spesifik antitel- immunoqlobulin (İgG) aşkar edilir (bu antitelin titri, hormonal fərqliliklə bağlı kişilərdə daha yüksək olur; eyni infeksiyanı keçirmiş qadınların narahat olmaması üçün bunu yazdım). Bu antitellərin miqdarı ilə infeksiyanın ağırlıq dərəcəsi arasında birbaşa əlaqə mexanizmi vardır. Yəni infeksiyanı daha  ağır keçirənlərdə bu antitellərin titri daha yüksək olur və əksinə. Xəstəliyin klinik forma və gedişindən asılı olmayaraq, sağalmış pasientlərin praktik olaraq hamısında üç aydan sonra (bəzi şəxslərdə hətta bir neşə həftədən sonra) qoruyucu antitellərin miqdarı iki dəfə azalır (buna baxmayaraq, formalaşan immun aktivlik bu insanları ən azı altı ay təkrari yoluxmadan qoruyur). 

Nəzərə almaq lazımdır ki, sağaldıqdan sonra antitellərin titirinin tədricən azalaraq yox olması, orqanizmin özünütənzim və optimal yaşam mexanizmlərinə istinad edən mütləq qanunauyğunluqdur. Buna görə narahat olmağa dəyməz. Çünki, DNT və ya RNT əsaslı mürəkkəb nuklein ardıcıllığına malik istənilən virus təbiətli törədiciyə birinci yoluxmada, onun genetik surət əksi hüceyrənin immun yaddaşına geridönməz şəkildə həkk olunur. Odur ki, təkrari yoluxma baş verdikdə, hüceyrə yaddaşı ani olaraq aktivləşir və intensiv olaraq qoruyucu antitel sintezi təmin olunur. Bu səbəbdən, COVİD19-a birinci yoluxmadan sonra, təkrari yoluxma baş verərsə, infeksiyanın letallığı mütləq mənada sıfırlanır. Unutmaq olmaz ki, infeksiyadan sağalanlar arasında təkrari yoluxmanın ümumi xəstələnmə halına nisbəti, yalnız 0,002%-dir. Bu faiz nisbətində yoluxma halı, COVİD 19 əleyhinə peyvənd alan insanlarda da ola bilər (çünki bu hal, istənilən infeksiyaya qarşı peyvənd olan insanlara münasibətdə təsdiq olunmuş reallıqdır).

COVİD 19 əleyhinə vaksinlərin bu virusun mutantlarına təsiri də aşağıdakı səbəblərdən mütləqdir:

COVİD 19 tərkibinə 30 min nukleokapsid daxil olan ən uzun PNT genomuna malik virus olduğuna görə, bizim "bələdləşmə mutasiyası” adlandırdığımız dəyişikliyə çox sürətlə (bir ayda 2 mutant əmələ gəlir) məruz qalmalıdır və qalır. Lakin bu dəyişikliyin əsasında nukleotid itkisi durduğundan, COVİD19 əleyhinə vaksinlər bu virusun bütün mutantlarına qarşı da yüksək farmakoloji fəallıq göstərməlidir. Hətta  bu vaksinlərin fəallığı, hər yeni əmələ hələn mutanta əvvəlkindən daha da güclü olmalıdır (nukleotid itkisinə görə). Yəni aşağıdakı ardıcıllıqla olmalıdır:   
            
COVİD 19 < I mutant < II mutant < III mutant ... və. s.

Nəzərə almaq lazımdır ki, istənilən vaksinasiya istər öldürülmüş virus, istərsə də onun inaktiv genomu ilə aparılmasından asılı olmayaraq, yalnız bir məqsədə-  "nisbi xəstəlik modeli” yaratmaqla, müvafiq antitellərin əmələ gəlməsinə xidmət edir. Bu halda da uzun və mürəkkəb RNT genomuna malik olan viruslar əleyhinə yaranan antitellərin ümumi yaşam müddəti, xəstəliyi keçirmiş insanlarda əmələ gələn antitellərin yaşam müddətindən zaman etibarı ilə fərqlənməməlidir və fərqlənmir. Eləcə də bu halda eyni mexanizmlə aktiv hüceyrə immuniteti formalaşmaqla, immun yaddaşa əbədi həkk olunur. 
Göründüyü kimi hər iki- istər xəstələnmə, istərsə də vaksinasiya zamanı, antitellərin əmələ gəlməsi və immun yaddaşa ötürülməsi eyni mexanizmlə baş verir. Bu səbəbdən, COVİD 19-un hansı klinik formasını keçirməsindən asılı olmayaraq, sağalmış insanlara COVİD19 əleyhinə vaksin vurulmasının elmi əsası yoxdur. Digər tərəfdən, təkrari yoluxma riski də çox yox, yuxarıda qeyd edildiyi kimi ümumi xəstələnmənin cəmi 0.002-ni təşkil etdiyindən, bu halda vaksinasiyanın aparılması, hətta praktik əhəmiyyət belə kəsb etmir”.
 
Orxan Əhmədli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR