Xəbər lenti

Kredit bazarında yeni mexanizm: Bu sistemdən kim nə qazanacaq?
Ekonomiks 15:51 07.04.2026

Kredit bazarında yeni mexanizm: Bu sistemdən kim nə qazanacaq?

Kreditləşmə sahəsində proseslərin rəqəmsallaşdırılması və məlumat mübadiləsinin operativliyinin artırılması istiqamətində yeni mexanizmlərin tətbiqi nəzərdə tutulur. Bu çərçivədə kredit qərarlarının verilməsi prosesinin avtomatlaşdırılması və kreditlərin verildiyi andan etibarən tarixçədə dərhal əks olunmasını təmin edən yeni Ani qeydiyyat sisteminin bu il iyulun 1-nə qədər istismara verilməsi planlaşdırılır.

Bundan əlavə, cari ilin sonuna qədər vətəndaşların öz maliyyə davranışlarını idarə etməsinə imkan verən özünəqadağa xidmətinin istifadəyə verilməsi də nəzərdə tutulur.

Bəs, yeni mexanizmlər Azərbaycan kredit bazarı üçün nə dərəcədə əhəmiyyətlidir? Kredit tarixçəsinin real vaxtda yenilənməsi banklar üçün nəyi dəyişəcək? Özünəqadağa xidməti vətəndaşlar üçün nə qədər effektiv olacaq?

Qaynarinfo-ya tətbiq ediləcək mexanizmlərin mahiyyətini, üstünlüyünü və çatışmazlığını izah edən İsmayıl Məmmədov vurğulayıb ki, ilk olaraq bu dəyişiklikləri klassik "rəqəmsallaşma” kimi qiymətləndirmək metodoloji səhv olardı. Çünki bu, kredit bazarında informasiya infrastrukturunun yenidən qurulmasıdır:

"Yəni, bazarın "mikro mexanikasını”, riskin qiymətləndirilmə modelini, institutların davranışını  fundamental şəkildə dəyişir. "Reaktiv sistemdən” "proaktiv və proqnozlaşdırıcı sistemə” çevirir".

İsmayıl Məmmədovun sözlərinə görə, ani qeydiyyat sistemi, kredit tarixçəsinin real vaxtda yenilənməsi və özünəqadağa xidməti mexanimzləri birlikdə kredit bazarında yeni bir dövrün başlanğıcını qoyacaq:

"İndiyə qədər kredit bazarının ən böyük zəifliyi məlumat gecikməsi idi. Məsələn, bir şəxs eyni gün ərzində bir neçə bankdan kredit götürə bilərdi və banklar bunu yalnız bir neçə gün sonra görə bilirdi. Bu isə "gizli borclanma” və sistem üçün ciddi risk demək idi. Yeni sistem bu boşluğu aradan qaldırır. Kredit verildiyi anda məlumat bütün sistemdə görünəcək. Banklar artıq "təxminlə” deyil, real vaxt məlumatı ilə qərar verəcək".
 


Ekspertin sözlərinə görə, yaradılacaq yeni sistemlə, bir növ banklar müştərini davamlı izləyəcək:

"Əvvəllər bank müştərini yalnız kredit verilən anda qiymətləndirirdi. Bu, bir növ "şəkil çəkmək” kimi idi, yəni bir anlıq vəziyyəti əks etdirirdi. İndi isə sistem dəyişir. Banklar müştərini davamlı izləyəcək. Risk real vaxtda yenidən qiymətləndiriləcək. Müştərinin borcu qəfil artırsa sistem bunu dərhal görəcək. Ödəniş davranışı dəyişərsə bank əvvəlcədən reaksiya verəcək".

İsmayıl Məmmədov qeyd edib ki, bunların sonunda problemli kreditlər azalacaq, bankların zərərləri aşağı düşəcək. Bu isə kredit bazarında intizamı ciddi şəkildə artıracaq:

"Bəs bankların riskləri azaldıqca nə baş verir” sualına cavab olaraq ekspert bildirir ki, nəticə olaraq bank daha az ehtiyat saxlayır, zərər ehtimalı aşağı düşür, risk primi azalır. Bu isə uzunmüddətli perspektivdə kredit faizlərinə aşağı yönlü təzyiq yarada bilər. Yəni, daha şəffaf sistem daha ucuz kredit potensialını yaradır". 

Yeni sistemdə vətəndaşlar üçün yaradılacaq  özünüqadağa mexanizmi haqqında da danışan İsmayıl Məmmədov vurğulayıb ki, ən maraqlı yenilik vətəndaşlar üçün nəzərdə tutulmuş özünəqadağa mexanizmidir. Bu sistemdə şəxs "özü-özünə mənim adıma kredit verilməsin”, deyir. Bu sistem xüsusilə aşağıdakı hallar üçün aktualdır:

"İmpulsiv alış-veriş edənlər, borc yükü artıq olanlar, maliyyə intizamı zəif şəxslər üçün, insanlar çox vaxt düzgün maliyyə qərarı vermir. Bu, iqtisadi deyil — psixoloji məsələdir. Davranış iqtisadiyyatı göstərir ki, insanlar qısamüddətli istəklərə uduzur, uzunmüddətli zərərləri nəzərə almır".

İsmayıl Məmmədovun sözlərinə görə, özünəqadağa isə bir növ "özünü qoruma mexanizmi”dir:

"Yəni, insanlar əvvəlcədən qərar verir ki, gələcəkdə səhv etməsin. Bu üç mexanizmi birlikdə qiymətləndirdikdə ortaya aydın mənzərə çıxır:

- Kredit bazarı daha şəffaf olur.
- Banklar daha düzgün qərar verir
- Risklər azalır
- Vətəndaşlar daha məsuliyyətli borclanır

Beləliklə "daha çox kredit” yox,"daha sağlam kredit sistemi” qurulur”.
 
Günay İlqarqızı

--> -->