Xəbər verdiyimiz kimi, kredit borcları ilə bağlı cəzaların sərtləşdirilməsi məqsədilə Cinayət Məcəlləsinin 196-cı maddəsininin (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) 196.1 və 196.2-ci bəndlərinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, kredit borclarını ödəməkdən qəsdən yayınanlar maddələrin müvafiq bəndlərinə uyğun olaraq 2 il və ya 2 ildən 5 ilə qədər azadlıqdan məhrum ediləcəklər. Cəzaların daha da sərtləşdirilməsi problemli kreditlərin qaytarılması üçün çıxış yolu ola bilərmi?
Məsələni "Qaynarinfo"ya şərh edən iqtisadçı-ekspert Vüqar Bayramlı kredit borclarına görə, həbs edilmələrin əleyhinə olduğunu və bunun çıxış yolu ola bilməyəcəyini bildirib:
"Mən kredit borclarına görə həbsin müəyyənləşdirilməsinin tərəfdarı deyiləm. Çünki xüsusilə istehlak kreditlərinə görə, həbsin müəyyənləşdirilməsi arzuolunan deyil. Vətəndaş aldığı istehlak kreditlərini vaxtında qaytara bilmirsə, bu təkcə onun özü ilə bağlı məsələ deyil. Burada digər faktorlar da rol oynayır, o cümlədən manatın devalvasiyası, bankların faiz dərəcəsinin yüksək olması və s. vətəndaşların aldığı kreditləri qaytarmasında çətinliklər yaradır".
Ekspert problemli kreditlərin qaytarılmasının ən yaxşı üsulunun güzəşt və vətəndaşların bu buna təşfiq edilməsinin olduğunu söyləyib:
"Düşünürəm ki, kredit borclarına görə cəzaların sərtləşdirilməsi və ağırlaşdırıcı tədbirlərin həyata keçirilməsi ilə problemin həlli real deyil. Burada alternativ yolların tətbiqinə ehtiyac var. Rusiya, ABŞ və dünyanın digər inkişaf etmiş ölkələrində olduğu kimi bu tip məsələlərdə güzəştlərin verilməsindən və təşviqedici metodlardan istifadə daha məqsədəuyğundur. Yalnız, dövlətin müdaxiləsi, xüsusi bir proqramın hazırlanması və proqram çərçivəsində problemli kreditlərin sağlamlaşdırılmasına nail olunması, bu problemin həllinə gətirib çıxara bilər. Problemli kreditlərin qaytarılması həbs olunmalardan deyil, vətəndaşların buna təşfiq edilməsindən keçir".
Çingiz Səfərli
Qaynarinfo.Az
Şərhlər