Hüseynbala Səlimov
Siyasət 11:54 01.03.2021

Kremldə bilməlidirlər ki…

Hüseynbala Səlimov 

Aydındır ki, hələ yekun nöqtəni qoymaq və demək ki, erməni müxalifətinin "B” planı tamam alt-üst oldu, çox tezdir. Yox, ölkədə siyasi gərginlik hələ də qalır, baxmayaraq ki, Rusiya prezidenti bu dəfə də qanuni erməni hakimiyyətini, yəni indiki baş naziri müdafiə etdi, ABŞ isə bəyan etdi ki, ordunun siyasətə cəlb olunması demokratiyanın prinsip və təcrübəsilə tamam ziddiyyət təşkil edir.

Bəri başdan qeyd edək ki, bu kiçicik detal bir daha göstərir ki, amerikalılar da bəzi proqnoz və mülahizələrə rəğmən, üçtərəfli noyabr və yanvar razılaşmalarına dəstək verir, əks təqdirdə onlar Nikol Paşinyanın devrilməsində maraqlı olardılar.

Amma bir az əvvəldə qeyd etdiyimiz kimi, ölkənin daxili siyasətində təhlükəli hədd hələ də qalır, çünki prezident Armen Sarkisyan hələ də Paşinyanın ordunun baş qərargah rəisinin müavininin azad edilməsi haqdakı qərarını təsdiq etməyib. Bu isə o deməkdir ki, baş nazir və ordu qarşıdurması hələ də qalır.

Fəqət Paşinyanın əsas resursu heç də aparıcı dövlətlərin münasibəti deyil, əhalinin əksəriyyətinin dəstəyidir ki, bu da ötən həftənin sonunda nümayiş olundu – hətta ötəri və ya nisbi müşahidələr göstərdi ki, Paşinyanın tərəfdarları daha çoxdur, nəinki əleyhdarları. 

Üstəgəl, aparıcı dövlətlərin dəstəyi kriminal Dağlıq Qarabağ siyasi klanının quldurlarının cəhdlərinin qarşısını alır, halbuki sonuncular siyasi çevriliş etməkdə və sui-qəsdlərdə əsl ustadırlar. Burada xüsusilə Moskva ilə İrəvan arasında vurnuxmaqda davam edən və dəstək axtaran R.Koçaryanı qeyd etmək lazımdır.
Amma dəstək yoxdur və güman ki, yaxın gələcəkdə heç olmayacaq da. Bəzi politoloqlar qeyd edir ki, Paşinyan yaya qədər davam gətirə biləcək, digərləri başqa müddət göstərir, amma güman ki, erməni baş naziri özünün siyasi təqvimlə nəzərdə tutulan müddətini başa vura biləcək, üstəgəl, erməni cəmiyyətinin də ovqatı göstərir ki, Koçaryan və Sarqsyan cənabları ən azı demokratik prosedurlarla hakimiyyətə gəlməyə ümid etməməlidirlər, bunu onlara görmək müyəssər olmayacaq. 
Düzdür, ölkədə bu gün hökm sürən baş nazirlik institutu və yeni hakimiyyət modeli onları da cəlb edir, şirnikləndirir, amma bu adamlar boş xəyallara düşürlər, çünki onlar – bu müharibə köpəkləri daha heç bir vaxt erməni cəmiyyətinin etimadını qaytara bilməyəcəklər. Vaxtilə Ermənistanda belə bir deyim vardı ki, Qarabağ erməniləri təkcə Dağlıq Qarabağı deyil, Ermənistanı da işğal ediblər. Bu müddət ərzində erməni cəmiyyəti onların əsarətindən azad olmaqçün çox cəhd etmişdilər, amma buna bir neçə il bundan əvvəl, nəhayət ki, nail ola bildilər.

Əlbəttə, irəlidə hələ xeyli problem var. Amma bir şey aydındır: Ermənistanda cəmiyyət Qarabağ separatçılarının, ura-patriotların çağırış və bəyannatlarından bezib, onlar müharibədə uduzduğu üçün özlərinin baş nazirlərini cəzalandırmaq niyyətində də deyillər, hətta ola bilsin, ondan sülhə və sakitliyə yönəlik qəti addımlar da umurlar.

Erməni müxalifətinə gəldikdə, bu adamlar yalnız zorakı, qeyri-konstitusion yollarla nəyəsə nail ola bilərlər. Ötən həftə Azərbaycanın prezidenti İlham Əliyev növbəti dəfə bəyan etdi ki, Dağlıq Qarabağ problemin artıq yoxdur və Dağlıq Qarabağın "statusu” məsələsi də gündəmdən birdəfəlik çıxıb. 
Qeyd edək ki, yaxın, oxşar bəyanatlarla Rusiya tərəfi də çıxış edib, özü də bir neçə dəfə. Düzdür, tərəflər arasında müəyyən problemlər də olur. Məsələn, ermənilərlə rusların "İskəndər”lərlə bağlı söz atışmalarından belə məlum oldu ki, rusları sanki bu raketlərin İrəvana kim tərəfindən və necə verilməsi deyil, onların keyfiyyəti və ya döyüş qabiliyyəti maraqlandırır.
 
Üstəgəl, bu günlərdə bəzi yüksək çinli rus məmurları bəyan etdilər ki, onların ölkəsi erməni ordusunun yenidən qurulmasında iştirak edəcək. Sual olunur: nə üçün, niyə? Axı təcavüzkar tərəf cəzalandırılanda onun hərbi resursları da məhdudlaşdırılır. Kiçik ölkələrin təcrübəsi bir tərəfə, vaxtilə militarist Yaponiyaya və yaxud Almaniyaya qarşı belə edilmişdi.

Moskvada başa düşməlidirlər ki, onlar həqiqətən də münaqişənin nizamlanmasında maraqlıdırlarsa, onda Ermənistanla hərbi-texniki əməkdaşlığı minimuma endirməlidirlər. Burada maliyyə incəliklərindən dəm vurmağa da ehtiyac yox, çünki hamı bilir ki, Ermənistan Rusiyadan silahı ya hədiyyə kimi, ya da ki, simvolik qiymətlərə alır...