Siyasət 13:55 29.11.2021

KTMT-ni reanimasiyaya salan təbriklər: Qurumun gələcəyi sual altında (ŞƏRH)

"Azərbaycan əldə etdiyi qələbə ilə birmənalı şəkildə, həm MDB, həm də KTMT-yə üzv ölkələri özünə tərəf çəkdi. Bu müstəvidə Ermənistan isə tamamilə təkləndi və onun KTMT-dən öz çirkin əməllərində istifadə etmək təşəbbüsləri puça çıxdı”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ermənistanın üzv olduğu KTMT-də təmsil olunan ölkələrinin mütləq əksəriyyətinin Azərbaycanı 44 günlük müharibədə qələbə münasibətilə təbrik etməsi, ardınca İƏT-in Aşqabad sammitində anoloji addımın atılmasını şərh edərkən deyib.   
 
Ekspert bunu Azərbaycan xarici siyasətinin yeni uğuru kimi dəyərləndirdi:

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərindən 4-ü, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Belarus qələbə münasibətilə Azərbaycanı təbrik etməklə, habelə İqtisadi Əməkdaşlıq Təşkilatının Türkmənistanda keçirilən toplantısında imzalanan sənəddə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsilə Tacikistanla, Türkmənistanın da anoloji addm atmaları ilə KTMT-nin mövcudluğu bir növ sual işarəsi altına qoydular. Belarusun Bakını təbrik etməsi birmənalı şəkildə Ermənistana vurulan növbəti şapalaqdır. Çünki Minsk Moskva ilə ittifaq dövlətində birləşib”.

Həmsöhbətimiz bildirir ki, Azərbaycan atdığı addım və yürütdüyü xarici siyasət əsasında elə etdi ki, KTMT-nin nəinki üzvləri, hətta nizamnaməsinin özü belə hüquqi cəhətdən boş sənədə çevrildi:

"Azərbaycan heç zaman Ermənsitan sərhədini pozmayıb. Mövcud koordinatlarla öz sərhədinin bərpasını həyata keçirib. Heç zaman Ermənisitan ərazisinə keçməmişik. Bu müstəvidə sözügedən ölkələrin Azərbaycanı qələbə münasibətilə təbriki göstərir ki, İrəvanın öz çirkin niyyətlərində KTMT-dən yararlanmaq təxribatı baş tutmadı. İƏT-in Aşqabaddakı toplantısı Azərbaycanla bağlı məsələni gündəmə gətirməklə birmənalı şəkildə KTMT-ni reanimasiyaya saldı. Rusiya Prezidenti Putin özü də Azərbaycanın qələbəsini etiraf edib. MDB ölkələri də Azərbaycanı qələbə münasibətilə təbrik edib. KTMT üzvlərinin atdığı bu addım və Aşqabadda əldə edilən növbəti uğur Azərbaycanın xarici siyasətinin böyük uğurudur”. 

Rüfət Sultan