İsrail və ABŞ-ın İrana qarşı əməliyyatları Qətəri ən mühüm enerji obyektlərindən biri olan Ras-Laffan kompleksinin fəaliyyətini dayandırmağa məcbur edib. Qaz qiymətləri sürətlə artsa da, bu, region və dünya üçün yarana biləcək yeganə problem deyil.
Qaynarinfo xəbər verir ki, bu barədə Milli İqtisadi və Sosial Tədqiqatlar İnstitutunun rəhbəri Ed Konvey "The Times" nəşrində yazır.
Ekspert qeyd edir ki, Ras-Laffan dünyada ən böyük və ən təmiz enerji mənbələrindən biri hesab olunan Şimal qaz yatağından çıxarılan qazı emal edir. Bu obyektin dayanması qlobal enerji sisteminə ciddi zərbə deməkdir. Enerji resurslarının ixracının dayanması isə bütün iqtisadi mexanizmi pozur.
Körfəz iqtisadiyyatı üçün iki "bomba”
Konvey yazır ki, Avropa əsasən inflyasiya riski ilə üzləşirsə, Fars körfəzi ölkələri daha ciddi – ekzistensial təhlükə ilə qarşılaşa bilər. Onların iqtisadi modeli iki əsas problem səbəbindən dağılmaq təhlükəsi altındadır.
Birincisi, neft yataqlarını sadəcə kranı bağlamaq kimi dayandırmaq mümkün deyil. Xam neft yerin dərinliklərindən yüksək təzyiq altında çıxır və onun axını üçün mütləq çıxış yolu olmalıdır.
Adətən bu çıxış yolu Hörmüz boğazından keçən tanker daşımalarıdır. Lakin boğaz bağlanarsa, neftin daşınması mümkünsüz olacaq. Mövcud boru kəmərləri belə həcmdə xammalı daşımağa qadir deyil. Bu halda neft anbarları sürətlə dolacaq və nəticədə hasilatın dayandırılması qaçılmaz olacaq. Bu isə İraq və Küveyt üçün ciddi iqtisadi zərbə deməkdir.
Qətərin energetika naziri də bildirib ki, belə müharibə dünya iqtisadiyyatını məhv edə bilər.
Regionun zəif nöqtəsi – miqrant işçilər
Ekspertə görə, Körfəz ölkələri üçün digər mühüm risk insan faktoru ilə bağlıdır. Dubay, Qətər və Bəhreyn kimi regionun iqtisadi möcüzəsi əsasən xaricdən gələn işçi qüvvəsinin hesabına qurulub.
Bu ölkələr xarici işçiləri aşağı vergilər və yüksək maaşlarla cəlb ediblər.
Dünya Bankının məlumatına görə, Qətər əhalisinin 77 faizi yerli sakin deyil. Birləşmiş Ərəb Əmirliklərində bu göstərici 74 faiz, Küveytdə isə 67 faizdir. Bu isə dünya üzrə rekord sayılır.
Ekspert sual edir: əgər bu insanlar İranın mümkün hücumları şəraitində yaşamağı təhlükəli hesab edib ölkələrinə qayıtmaq qərarı versələr, nə baş verəcək? Bu halda regionun iqtisadiyyatı faktiki olaraq dayana bilər.
Su, ərzaq və mümkün humanitar böhran
Konvey hesab edir ki, vəziyyət daha da pisləşə bilər. Məsələn, İran duzsuzlaşdırma zavodlarını hədəfə alsa, region içməli su ilə təminatını itirə bilər.
Eyni zamanda ərzaq ehtiyatları tükənərsə və Hörmüz boğazından yeni yük gəmiləri keçə bilməzsə, bu artıq iqtisadi deyil, humanitar böhran olacaq.
Bununla belə, müharibə qısa müddətli olsa və boğaz bir neçə həftə ərzində yenidən açılsa, nəticələr daha idarəolunan ola bilər. Lakin hətta bir neçə həftəlik blokada belə Körfəz ölkələri üçün ciddi nəticələrə səbəb ola bilər.
Bu böhrandan kimlər qazanc əldə edə bilər?
Ekspert qeyd edir ki, böhrandan fayda əldə edə biləcək ölkələr də var. Bunlar Hörmüz boğazından asılı olmayan enerji ixracatçılarıdır.
İlk növbədə Rusiya və ABŞ belə ölkələr sırasındadır. Son illərdə ABŞ dünyada ən böyük mayeləşdirilmiş təbii qaz ixracatçısına çevrilib və mövcud vəziyyət Amerika qaz şirkətlərinə böyük gəlirlər gətirə bilər.
Aydın
Şərhlər