Yaxın Şərqdə müharibə Asiya dizel bazarında qeyri-bərabər vəziyyət yaradıb. Zəngin ölkələr ehtiyatlarını qoruyarkən, yoxsul ölkələr ciddi qıtlıq və qiymət artımı ilə üzləşir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” yazır.
Çin və Cənubi Koreyada neft emalının azalmasından sonra yanacaq ixracı həcmləri düşüb və bu, xüsusilə İndoneziya və Filippinlər kimi idxalçılara zərbə vurub. Eyni zamanda varlı ölkələr üçün vəziyyət nisbətən əlverişli olub, çünki daxili ehtiyatlar sabit qalır. Çində kommersiya dizel ehtiyatları neft emalı zavodlarının yüklənməsinin azalmasına baxmayaraq, son iki ilin maksimumuna çatıb.
Bunun əksinə olaraq, yoxsul ölkələrdə vəziyyət kəskinləşir. İqtisadiyyatın əsas dayaqlarından biri olan dizel yanacağı İndiyada ciddi problemə çevrilib. Yük maşını sürücüləri yanacaqdoldurma məntəqələrində boşluq səbəbindən nəqliyyatın dayandığını bildirir.
Qeyd olunur ki, böhranın əsas səbəbi ABŞ və İran arasında üçüncü aydır davam edən müharibədir. Bu münaqişə Hörmüz boğazının demək olar ki, tam bağlanmasına gətirib çıxarıb və neft, eləcə də neft məhsullarının tədarükünü iflic edib. Brent markalı neftin qiyməti 126 dolları keçərək son dörd ilin maksimumuna yaxınlaşıb və bu da dizelin bahalaşmasına səbəb olub.
Asiya üçün bu vəziyyət əlavə inflyasiya təzyiqi deməkdir, çünki fermerlərin, zavodların və nəqliyyat sektorunun xərcləri artır. Filippinlərdə enerji böhranı elan edilib və inflyasiya 4,1%-ə yüksələrək son iki ilin ən yüksək səviyyəsinə çatıb.
"Dizel yanacağı qıtlığının təsiri Asiya ölkələri arasında qeyri-bərabər bölünür. Cənub-Şərqi Asiya ölkələrinin neft ehtiyatları məhduddur və bu onları tədarük pozuntularına daha həssas edir”, deyə "Vortexa” şirkətinin baş bazar analitiki Ksavye Tanq bildirib.
"Goldman Sachs Group Inc.” hesablamalarına görə, Fars körfəzindən tədarüklər gündə 14 milyon barreldən çox azalıb və bu, dizel ixracını da aşağı salıb. Bəzi ölkələr vəziyyətə uyğunlaşmağa çalışır. İndoneziyada qıtlıq bioyanacağa keçidi sürətləndirib. Vyetnam sənayeni yanacaq qənaətinə çağırıb, Tailand isə istehlakçıları qiymət artımından qorumaq üçün maliyyə dəstəyi planını təsdiqləyib.
Aydın
Şərhlər