Plastik əsas etibarilə karbon və hidrogen zəncirlərindən ibarətdir. Avstraliyalı alimlər müəyyən ediblər ki, xüsusi fotokatalitik materiallar vasitəsilə, günəş işığının təsiri altında bu zəncirləri nisbətən aşağı temperaturda parçalamaq mümkündür.
Qaynarinfo HVG nəşrinə istinadən xəbər verir ki, Avstraliyanın Adelaida Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış bu texnologiya eyni anda iki mühüm problemi həll etməyə imkan verir. Bu yanaşma həm plastik tullantıların emalına, həm də təmiz enerji mənbələrinə keçidə töhfə verə bilər.
Beləliklə, tullantılardan minimal enerji sərfiyyatı ilə təmiz hidrogen əldə etmək mümkün olur. Hidrogen isə "yaşıl enerji” keçidində əsas elementlərdən biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, bu üsul suyun parçalanması ilə hidrogen əldə olunmasından daha effektiv ola bilər, çünki plastikdəki molekulyar zəncirlər daha asan dağılır.
Hazırda dünyada hər il təxminən 460 milyon ton plastik tullantı yaranır və bunun milyonlarla tonu mikoplastik şəklində ətraf mühitə yayılır. Bu səbəbdən belə tullantıların emalı həyati əhəmiyyət daşıyır.
"Chem Catalysis” elmi jurnalında dərc olunan tədqiqatın müəlliflərindən biri Syaoquan Duan bildirib ki, son eksperimentlər plastik emalının böyük potensialını göstərir. Onun sözlərinə görə, artıq bəzi hallarda plastikdən yanacaq əldə etmək mümkün olub.
Bununla belə, texnologiyanın sənaye miqyasında tətbiqi üçün bir sıra çətinliklər qalmaqdadır. Əsas problemlərdən biri plastiklərin müxtəlif tərkibə malik olmasıdır.
"Fərqli plastik növləri emal zamanı müxtəlif davranır. Boyalar və stabilizatorlar kimi əlavə maddələr prosesi çətinləşdirə bilər. Buna görə yüksək səmərəlilik əldə etmək üçün tullantıların düzgün çeşidlənməsi və əvvəlcədən hazırlanması vacibdir”, deyə alim qeyd edib.
Digər mühüm problem fotokatalizatorların hazırlanmasıdır. Bu materiallar sərt şəraitdə belə yüksək effektivliyini və davamlılığını qorumalıdır.
Hazırda proses nəticəsində qaz və maye qarışıqları əldə edilir. Buna görə alimlər aşağı enerji sərfiyyatı ilə effektiv ayrılma üsullarının hazırlanması üzərində çalışırlar. Bu çətinliklərin aradan qaldırılması gələcəkdə plastik tullantıların az enerji ilə emalını mümkün edən yeni texnologiyaların yaranmasına səbəb ola bilər.
Aydın
Şərhlər