İstanbul məhkəməsi mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin bir neçə gün əvvəl saxlanılan qardaşı Namiq Canıyev barəsində həbs qətimkan tədbiri seçib.
"Qaynarinfo" yenicag.az-a istinadən xəbər verir ki, məhkəmə bir neçə gün əvvəl İstanbulda saxlanılan Namiq Canıyev və onun rəhbərlik etdiyi dəstə üzvlərinə 4 aylıq həbs cəzası kəsib.
Qeyd edək ki, Namiq Canıyev və dəstəsi noyabrın 2-də Türkiyə polisinin İstanbulun Bakırköy səmtindəki "Ömür” Ticarət Mərkəzində həyata keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıblar.
Məlumata görə, Namiq Canıyevin də daxil olduğu 13 nəfərlik killer dəstəsi uzunmüddətli həbsdən çıxmış kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) evinə basqın hazırlamaqda ittiham olunur. Onların məqsədi Lotu Quli ilə məsələni birdəfəlik "çürütmək” istəyiblər.
Canıyevin mobil telefonunun yaddaşından götürülən şəkillər də təsdiqləyir ki, dəstə nəzərdə tutulan hücuma ciddi hazırlaşıb. Həmin şəkillər arasında Lotu Qulinin qaldığı evin detallı sxemi də olub.
Bununla belə, Türkiyənin nüfuzlu "Hürriyet” qəzeti öz mənbələrinə istinadən yazıb ki, Canıyev İstanbula 3 yaxın adamı ilə gəlib. O, İstanbula gəldikdən sonra Türkiyənin "Şirinlər” kriminal qruplaşmasının Maks ləqəbli lideri Mehmet Səbri ilə əlaqə yaradaraq, Lotu Qulinin aradan götürülməsi planını müzakirə edib.
Bildirilir ki, Canıyev Lotu Qulinin öldürülməsi qarşılığında Səbriyə 5 milyon dollar vəd edib. Tərəflərin məhz bu sövdələşmənin detallarını müzakirə etmək üçün "Ömür” Ticarət Mərkəzindəki restoranda bir araya gəldikləri vurğulanır.
Türkiyə polisinin həmin ticarət mərkəzində keçirdiyi əməliyyat zamanı isə Canıyev, Mehmet Səbri Şirin, Hacı Beyləqanski də daxil olmaqla 13 nəfər saxlanılıb. Onlardan 9 ədəd odlu silah və patron götürülüb.
Qaynarinfo.Az
Şərhlər