Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Lerik rayonu Hamarmeşə kəndinin yaxınlığında Gurdasar meşəbəyliyində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.
Qaynarinfo-nun məlumatına görə, Regional Ekologiya İdarəsinin rəisi Rafael Tahirov bildirib ki, meşə sahəsinə keçirilən baxış zamanı 30-a yaxın ağacın kəsildiyi aşkar edilib. Faktla bağlı akt tərtib olunub.
"Hazırda Nazirliyin yerli qurumları və rayon polis şöbəsi tərəfindən təqsirkarların müəyyən olunması istiqamətində tədbirlər həyata keçirilir, nəticə barədə əlavə məlumat veriləcək”.
Nazirlik rəsmisi ağacların kəsilməsi ilə bağlı nazirliyə məlumat verən təbiətsevərlərə təşəkkürünü bildirib, vətəndaşları təbiət düşmənlərinə qarşı bundan sonra da birgə mübarizəyə çağırıb.
Şərhlər