İdman 14:09 26.02.2021

Levon Aronyan Ermənistanı tərk etdi

Beynəlxalq qrossmeyster Levon Aronyan Ermənistanı tərk etməyə qərar verib.

Fanat.Az xəbər verir ki, şahmatçı bununla bağlı paylaşım edib. O bildirib ki, ölkə rəhbərliyi verilən vədlərə əməl etmədiyindən belə addım atıb: 

"Ötən il hamımız üçün çox çətin keçdi - pandemiya, müharibə, mənim həyatımdakı faciə və dövlətin erməni şahmatına qarşı laqeydliyi. Verilən sözlərin yerinə yetirilməsi üçün 1 ildən çox gözlədim. Sonda çətin qərar verməli və doğma ölkəmi tərk etməli olduğumu anladım. İstənilən dəyişikliyi gözləmək idman karyeram baxımından vaxt itkisidir. Ailəm, xüsusən anam məni şahmatçı etmək üçün çox qurban verdi. Bunu qiymətləndirirəm və şanslarımdan maksimum istifadə etməliyəm".

Uğurlarını Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın şəxsi diqqəti və göstərdiyi dəstəklə əlaqələndirən Aronyan bildirib ki, yeni hökumətin şahmat sahəsində dağıdıcı qərarlarını dayandırmaq üçün etdiyim bütün cəhdlər uğursuz olub: "Dövlətin dəstəyini özüm üçün deyil, uğurlarımla vətəni təmsil etmək üçün istədiyimi onlara çatdıra bilmədim. Mənə dedilər ki, ekspertlər daha sənin potensialına inanmırlar".

Dəfələrlə ölkə xaricindən maraqlı təkliflər aldığını deyən şahmatçı həmin vaxt ölkədə qalmağa üstünlük verdiyini vurğulayıb: "Əminəm ki, zaman keçdikcə şahmat Ermənistanda öz statusunu bərpa edəcək. Şahmat məktəblərini bağlamaq əvəzinə bu idman növünə hörməti yenidən görəcəyik".

Qeyd edək ki, Levon Aronyan Ermənistanı ikinci dəfə tərk edir. O, daha əvvəl - 2003-cü ilin sentyabrından 2004-cü ilin mayınadək Almaniyanın bayrağı altında çıxış edib.