Heydər Əliyev Mərkəzində rusiyalı rəssam Aleksey Beqovun "Yer və Səma” adlı fərdi sərgisi açılıb.
Qaynarinfo xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.
Mərasimdə Aleksey Beqovun yaradıcılığı haqqında məlumat verilib.
Açılış mərasimində Rusiya Rəssamlar İttifaqının və Beynəlxalq Tənqidçilər, Sənətşünaslar Assosiasiyasının üzvü, rəssamın həyat yoldaşı Tatyana Beqova və rəssamın oğlu İvan Beqov da çıxış ediblər.
Bakıda gördüklərinin onda böyük təəssürat doğurduğunu qeyd edən Tatyana Beqova deyib: "Biz bu cür gözəl, qeyri-adi dərəcədə müasir, zəngin, böyük zövqə malik şəhər görəcəyimizi gözləmirdik. Yəqin ki, ən böyük təəssüratı bizdə Heydər Əliyev Mərkəzinin binası yaratdı. Bu memarlıq incisi bizi bir də xüsusilə ona görə təsirləndirdi ki, Aleksey Beqovun əsərləri məhz burada nümayiş etdirilir. Təxminən dörd ildir ki, o, aramızda yoxdur. Lakin o, əsərlərində yaşayır. Onun obrazları rəmzlərə çevrilib. O, çox həssas idi”.
Tatyana Beqova və oğlu İvan Beqov sərginin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildirib, bu sərginin Heydər Əliyev Mərkəzində açılmasının onlar üçün böyük şərəf olduğunu vurğulayıblar.
T.Beqova Leyla Əliyevaya rəssamın rəsm əsərini bağışlayıb.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Sərgidə müəllifin 50 əl işi nümayiş olunur. Onların arasında "Dənizçinin rəqsi”, "Evə qayıdış”, "Yığılmış ot”, "Biçilmiş tarla”, "Ağ ay”, "İş adamı Petya əmi” və digər əsərlər var.
Şərhlər