Novruz bayramı ərəfəsində Heydər Əliyev Mərkəzinin parkında “Cracking Art” və “Səməni” sərgilərinin açılış mərasimi keçirilib.
Mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, tanınmış mədəniyyət və incəsənət xadimləri, yaradıcı ziyalılar və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. İştirakçılar ekspozisiyaya böyük maraqla tamaşa ediblər.
Qonaqlara Avropanın məşhur “Cracking Art Group” qrupunun yaratdığı “Pop-art” janrındakı “Cracking Art” nəhəng incəsənət əsərləri təqdim olunub.
1993-cü ildə Avropanın 6 rəssamı - italiyalı Renzo Nukara (Renzo Nucara), Marko Veronez (Marco Veronese), Kikko (Kicco), fransalı Aleks Anci (Alex Angi), belçikalı Karlo Rizzetti (Carlo Rizzetti), Vilyam Svitlav (William Sweetlove) bir araya gələrək “Cracking Art Group”u yaradıblar.
Bu hərəkat bütün səylərini müasir incəsənət haqqında təsəvvürlərin dəyişməsinə, sənətdə sosial və ekoloji istiqamətlərdə innovativ metodlar tətbiq etməklə yenilik yaratmağa yönəldib.
Rəssamlar təkrar emal edilmiş və asan utilizasiya olunan sintetik materiallardan istifadə etməklə hazırlanan nəhəng, parlaq rəngli heyvanlarla ictimaiyyətin nəzərini ətraf mühitin problemlərinə yönəldir.
“Cracking Art” əsərləri bir tərəfdən diqqəti ekoloji məsələlərə çəkir, digər tərəfdən isə yeni texnologiyaların tətbiqini nümayiş etdirir.
“Cracking Art Group” öz yaradıcılığı ilə bu günədək dünyanın bir sıra şəhərlərini fəth edib. Qeyd olunan əsərlər Nyu-York, Sidney, Milan və digər şəhərlərdə nümayiş olunub.
Bu incəsənət nümunələri bu dəfə Bakıda Heydər Əliyev Mərkəzinin parkında şəhər sakinləri və qonaqların ixtiyarına verilir. IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxaq Dialoq) İctimai Birliyinin rəsmi tərəfdaşlığı ilə həyata keçirilən bu layihənin məqsədi Azərbaycanda ekoloji problemlərin həllinə, flora və faunanın qorunmasına insanların diqqətini artırmaqdır.
Həmçinin Mərkəzin parkında ənənəvi “Səməni” sərgisi təşkil olunur. Novruz bayramı ərəfəsində keçirilən sərgidə müasir incəsənət nümunələri - səmənilər nümayiş etdirilib. Heydər Əliyev Mərkəzindəki bu sərgi Novruz günlərində izləyicilərə bayram əhvali-ruhiyyəsini birlikdə yaşamağa və rəssamların Novruz ənənələrinə modern yanaşmasını təqdim edən incəsənət əsərləri ilə tanış olmağa imkan yaradır.
Tədbir çərçivəsində gənclər arasında müsabiqə keçirilib. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıb.//Modern.az
Şərhlər