Bu il fəaliyyətinin 20 illiyini qeyd edən Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi İctimai Birliyinin Liderlik Məktəbində Xocalı Soyqırımının 28-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Xocalı sakinləri, valideynlər, müəllimlər və Bakı şəhərinin müxtəlif rayonlarının məktəblərindən olan təşkilatın üzvləri, təşkilatın fəxri prezidenti Elmira Süleymanova iştirak edib.
Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Elmira Süleymanova XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti haqqında məlumat verib, Azərbaycan həqiqətlərinin, ədalətli mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması məqsədilə müntəzəm fəaliyyət göstərilməsinin, informasiya-təbliğat sahəsində mübarizənin davam etdirilməsinin və daha da gücləndirilməsinin vacibliyini bildirib.
Vurğulanıb ki, Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış, milli mənsubiyyətinə görə 613 nəfər soydaşımızın, o cümlədən uşaq, qadın və ahılların həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edildiyi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərinin birini itirdiyi, eyni zamanda çoxsaylı əsir və girov götürülənlərə amansız işgəncələr verildiyi diqqətə çatdırılıb.
Ümummilli liderimiz Heydər Əliyevin hələ 1994-cü ildə Xocalı soyqırımı ilə bağlı xüsusi müraciət etdiyi, həmin ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyi bildirilib. Ölkə Prezidenti cənab İlham Əliyev işğalçı qüvvələrin zəbt edilmiş Azərbaycan torpaqlarından çıxarılmasının zəruriliyi ilə bağlı ədalətli mövqeyini dəfələrlə nüfuzlu beynəlxalq qurumların tribunalarından, o cümlədən bu günlərdə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələrində bir daha bəyan etdiyi vurğulanıb.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsini dünyaya soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.
Elmira Süleymanova "Azərbaycan Yurdum Mənim” devizi ilə fəaliyyət göstərən Liderlik Məktəbinə üzv olan uşaq və gənclərə təhsilə və elmə olan maraqlarını daha da artırmağı, öz tariximizi dərindən öyrənməyi, Vətənə və xalqımıza sadiq olmağı tövsiyə edib.
Tədbirdə orta məktəb şagirdi olan qızı Ayanla birlikdə iştirak edən Xocalı sakini Ayna Novruzova bu faciənin canlı şahidi kimi həmin gecə baş verənləri, özlərinin keçdiyi ağrılı həyat yolunu, əzizlərini itirməklərini, soyqırımın onların həyatında buraxdığı silinməz izləri, ermənilərin törətdiyi vəhşilikləri tədbir iştirakçıları ilə bölüşüb.
Həmçinin tədbirdə Xocalı hadisələrinə həsr edilmiş film nümayiş olunub və uşaqlar mövzu ilə bağlı şeirlər söyləyiblər.
Belə tədbir 25 ildən çox müntəzəm fəaliyyət göstərən Azərbaycan Qadın və İnkişaf Mərkəzində də keçirilib.
Şərhlər