Ədalət Partiyası və Yaşıllar Partiyasının təmsil olunduğu “Vətən” blokunun yaradılması barədə qərar qəbul olunub.APA-nın məıumatına görə, Yaşıllar Partiyasının sədri Mayis Gülalıyev bildirib ki, uzun müddətdir blokun yaradılması istiqamətində müzakirələr aparılıb. Partiya sədrinin sözlərinə görə, blokun rəsmən elan olunmasının gecikməsinə əsasnamə üzərində aparılan müzakirələr səbəb olub: “Artıq siyasi blokun adı, əsasnaməsi, gələcək planları dəqiqləşib. Biz çalışacağıq ki, bu blok ictimai-siyasi həyatda, ölkənin milli problemlərinin həllində iştirak etsin. Burada məqsəd Azərbaycan vətəndaşının maddi və siyasi tərəqqisinə xidmət etmək, hüquqi dövlət yaratmaqdır”.
Blokun açıq siyasi təşkilat olduğunu deyən partiya sədri istənilən qurumun blokda qatıla biləcəyini qeyd edib. Onun sözlərinə görə, blok yalnız seçki üçün istiqamətlənməyib, lakin ölkədə keçiriləcək bütün seçkilərdə iştirak etməyi planlaşdırır: “Bu siyasi blokdur. Eyni zamanda blokun bütün seçkilərdə aktiv iştirak etməsi nəzərdə tutulur. Əgər şərait yaranarsa, seçkiyə vahid namizədlə getmək məsələsini də düşünürük”.
Ədalət Partiyasının sədri İlyas İsmayılov isə bloku mütərəqqi addım kimi qiymətləndirib. O bildirib ki, blokda təmsil olunan partiyalar arasında əməkdaşlıq hərtərəfli səmimilik üzərində qurulub: “Bu əlaqələr insanların, ölkənin xeyrinə olmalıdır. Gələcəkdə blok zənginləşəcək. Hazırda bloka qatılmaq istəyən üzvlər də var”
Sonra partiyalar “Vətən” blokunun Əsasnaməsinə imza atıb və blok rəsmiləşdirilib.
Qaynar.info
Şərhlər