Nazlı Ağayeva
Görəndə hərə DTX-ya bir şəkildə yardım edir, bizimkilər də allahın verdiyindən balaca hesabat düzəldib qoydular "N” saytına. Təxminən başçının bu qədər oyekti var. Müavinləri bu qədər illərdi söküb-yeyirlər kimi hesabat, yazı yox. Əslində, belə faktlarla nə yazasan? Bu qədər yemisiz, sağlığınıza qismət və yaxud haramınız olsun? Əgər mində bir ehtimalla yüzcə manat ondan az yeyilibsə, nə edəcəksən? Adam yalan məlumata görə vicdan əzabı çəkməzmi?
Riyaziyyatın da yox, hesablayasan. Olsa belə, o boyda rəqəmlərə riyaziyyat dözərmi? Belə məntiqli düşüncələrə köklənib rayonumuzun başçısı və onun ətrafı barədəki korrupsiya hesabatına boş verdim. Həm də ki, istəyəndə özüm də yazıram, xalqın qarşısında gözükölgəli deyiləm. Hərçənd mənim yazılarımda belə ali riyaziyyat olmur, sadəcə insan haqlarına qarşı haqsızlıqlar...
Arada əzəli və əbədi mövzum olan başçı ilə münasibətlərimizə də toxunuram. Lovğalıq olmasın, xətrimi çox istəyir. İntəhası üstümə yuxarıdan qoyulan sanksiyanı götürə bilmir. Aşağı ətrafı da cani-dildən cəza müddətinin artması üçün əlləşir. İndi adam yuxarı baxır bığdı, aşağı baxır saqqal. Ortada da mən.
O başçı ilə kövrək münasibətimiz çox yəqin mən son dəfə pilləkəndən yıxılıb ölənə qədər davam edəcək. Və onda həmin yaraşıqlı başçı yuxarı-aşağı baxıb kədərlə pıçıldayacaq: "Onu siz öldürdünüz!”. Heyif, onda mən ona təskinlik verib deyə bilməyəcəm ki, adamın hansısa vəziyyətdə ölməsi təbii haldır. Şükür edək, bu yaşda özümdən yıxılmadım. Hər şeyə rəğmən, onu sağlığımda çox istədiyimi də. Bəs bunları özünə dərd eləsə? Nə yaxşı ki, nakam mərhum barədə çox düşünməyə vaxtı olmayacaq. Nə də olsa, öhdəsində bu boyda rayonu çəkib-çevirmək, idarə etmək var.
Xoş hislərdən ayrılıb reallığa qayıdım. Deməli, İH başçısının "Korrupsiya imperiyasından və ortaqlarından” bəhs edən xəbər daha bir-iki saytda yer alandan sonra məlum oldu ki, həmin məhsulun müəllifi mübahisəlidir. Yəni, yazının altındakı imza iqtidaryönlü bölgə saytının redaktorunun adı ilə eynidir. Çaşqın məmurlar təbii ki, redaktordan, redaktor isə saytdan açıqlama istədilər.
Yüz min əhalisi olan rayonda onlarla eyni adlı-soyadlı adam ola bilər. Onlardan biri də yazının müəllifi ola bilərdi. Amma məmur məntiqə inanmır. O halda redaktor saytın rəhbərindən təkzib tələb etdi. Əks təqdirdə prokurorluq, məhkəmə vardı. Məntiqdən xəbərsiz sayt da dərhal təkzib verərək bildirdi ki, nəinki sözügedən redaktorun adı, bütövlükdə yazının özü həqiqətə uyğun deyil. Üstəlik təkzibdə bu dəfə başçının soyadını yanlış yazdılar. Yəni, "korrupsiya imperiyasında” adı hallanan birinci şəxs heç nəzərdə tutulan adam olmaya da bilər. Daha təkzibə təkzib istəyib işin çürüyünü çıxartmayacaqsan ki. İstəsən, daha betər lətifə qayıracaqlar. Odur ki, "dəvə gördünmü, izini də görmədim” deyib ötəcəksən..
Mən o yazıya bəhs etdiyim səbəblərdən fikir vermədim. Amma yaddaşıma ilişən yerlər var. Məsələn, orda İcra Hakimiyyəti komandasının vəzifə stajları barədə yazılıb. Bizim də bildiyimiz illər. Ən azından bu məlumat istisna kimi qala bilməzdimi? Qalan korrupsiya-zad, əlbəttə, həqiqətə uyğun deyil. Bizim tərəflərdə indiyə qədər korrupsiya mərətin nə olduğunu qara camaatdan bircə allah bəndəsi bilmir. "Hörmət”, "şirinlik” desən, o başqa məsələ.
Başçının müavinlərinə gəlincə hamısı əvvəlki başçılardan qalıblar. Maşallah, yön-yöntəm bilən təcrübəli məmurlardı. Onlarla eyni rayonda yaşayıb təxminən eyni vaxtda əks tərəflərdə çalışmağa başlamışıq. Kifayət qədər bir-birimizi tanıyırıq. Bu adamların indiyə qədər maaşdan savayı bir təmənnaları olmayıb. Yazıqlar ayın axırına bir ətək nisyə ilə çıxırlar. Yaşamağa atadanqalma bir daxmaları ola-olmaya. O da ki, hay-hayı gedib vay-vayı qalmış vəziyyətdə.
Odey, o illəri lap birinci müavinin kənddə mətbəxi yanmışdı. "Mətbəx zərərçəkmişi” qismi ilə şəhər mərkəzindəki hündür binalardan birinin qatı açılmamış çoxotaqlı mənzilinə yerləşdi. Ondan bəri neçə ilin başında əl boyda mətbəxi təmir eləyə bilmr ki, qəriblikdən qurtulub kəndinə-kəsəyinə qayıtsın. Yoxun üzü qara olsun, deyirlər, o boyda adam həsrətdən "Kəndimiz” mahnısını zümzümə eləyə-eləyə qalıb.
Və yaxud digərinin evindəki oğurluq əhvalatı... Peşəkar oğru elə bilib ki, neçə illik dişli məmurun qapısına getməklə qaz vurub, qazan dolduracaq. Amma hardan? Mənzil başına çatar-çatmaz görüb bir həsirdi, bir məmmədnəsir. Evdən-eşikdən yoxsulluq yağır. Pilləkən də mənimkindən betər qəza vəziyyətində. Kor-peşman qayıdıb gedəndə əlindəki iş alətləri heç olmasa bir şeyə yarasın deyə bacardığından pilləkənin laxlayan yerlərini bərkidib. Bəlkə bir az xərclik qoymaq da keçib ürəyindən. O gün-bu gün xəcalətdən həmin oğru necə ilim-ilim itibsə, gördüm deyən yoxdur.
Və sairələr də var. Mən yalnız bu ilin fevralında evimə allah qonağı gəlmiş iki müavindən danışdım. Çox sevimli idilər. Niyə sevimli? Çünkisi hansısa növbəti dəfəyə qalsın.
Və indilik görünən o ki, bzimkiləri hansısa qüvvə qoruyur. Danışırsan, havaya gedir, yazırsan - təkzibə. Yaxşısı budur, adamları özfəaliyyətləri ilə baş-başa qoyub ölək öldüyümüz yerdə. Sağ olsunlar, özləri öldürməyib bu işi özümüzə həvalə ediblər. Azadlıq, demokratiya dediyin bu olsa gərək. Üstəlik rayonumuzda hər şey şəffafdır. Xalqın bir tərəfindən baxanda o biri tərəfi görünür...
P.S. O gün rentgenə getmişdim. Aparata ehtiyac yoxdu, dedilər.
Şərhlər