Lukaşenko bizə niyə ingilis məsəlini xatırlatdı?..

Lukaşenko bizə niyə ingilis məsəlini xatırlatdı?..

Hüseynbala Səlimov

Etiraf edək ki, Belarus prezidenti A.Lukaşenkonun ölkəsindəki dayanıqsız vəziyyəti bizi müxtəlif assosiasiyalara sövq edir. Yadımıza gəlir ki, bir vaxt Misir prezidenti Hüsnü Mübarəkə də heykəl qoymuşduq, amma indi heç kim həmin heykəlin hara tullandığını yada belə sala bilmir.

Odur, təkcə peşəkar siyasi müşahidəçilər deyil, adi adamlar da tez-tez belə sual verirlər: indiki Belarus prezidentilə sıx münasibətlər qurmaqla biz düz edirikmi?

Fikrimizcə, düz edirik. Birincisi, bizim ölkəmiz gənc və çox kiçik ölkədir və necə deyərlər, beynəlxalq münasibətlərin strukturunu və ya xarakterini heç də biz müəyyən etmirik. 

İkincisi, biz təkcə Lukaşenko ilə yox, onun ölkəsi Belarusla da münasibətlər qururuq, görülən birgə işlər, açılan müştərək müəssisələr heç də Lukaşenko ilə qurulmur, Belarusla birgə yaradılır. Təsadüfi deyil ki, Belarus post-sovet ölkələri arasında azərbaycanlılara ən isti münasibət göstərilən ölkələrdən biridir.

Üçüncüsü, bizə Lukaşenkonun səsi lazımdır, özü də təkcə BMT və ya ATƏT-də yox, həm də MDB-də və KTMT-də. Belarus prezidenti dəfələrlə açıq mətnlə Azərbaycanın haqq işinə - Dağlıq Qarabağ uğrunda mücadiləsinə dəstək verib.

Belarusdakı daxili qaydalar onun xalqının işidir. Biz isə onu qeyd edə bilərik ki, Belarus prezidenti heç də birmənalı şəkildə moskvapərəst bir siyasət adamı deyil. Yox, o, yetərincə mürəkkəb adamdır və onun Moskvadan olan siyasi məsafəsi siyasi maraqlarından asılı olur: əgər ölkə içində hər şey qaydasındadırsa, əgər Qərb prezident A.Lukaşenkoya təzyiq etmirsə, o halda Belarus lideri Moskvaya elə yaxınlıq göstərmir...

Onun sırf daxili siyasətinə gəldikdə isə, bu haqda hamıdan yaxşı o özü danışır. 

Yadımızdadır ki, sonuncu prezident seçkisindən sonra rusiyalı jurnalistlərlə söhbətində o, təqribən bu sözləri demişdi: "Mən həqiqətən də hakimiyyətdə çox oldum. Adamları qınamaq lazım deyil...”

Bizə isə yalnız onu əlavə etmək qalır ki, məhz Belarus prezidentinin sayəsində Ermənistan KTMT-də özünün sədrliyini uzada bilmədi, əks təqdirdə İrəvan hələ də KTMT-də sədrlik edərdi və ola bilsin, bu bizim üçün İkinci Qarabağ savaşında müəyyən çətinliklər yaşadardı. Belədə isə müharibə zamanı KTMT tam neytrallıq nümayiş etdirir və daim vurğulayırdı ki, döyüş əməliyyatları Azərbaycanın ərazisində gedir və buna görə də KTMT-nin müdaxiləsi üçün heç bir əsas yoxdur.

Bu günlərdə Azərbaycan prezidenti bir daha qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi bitib. Amma bu, hələ o demək deyil ki, bütün problemlər həll edilib, yox, ərazilər minalardan təmizlənməli və oralar dinc həyat üçün hazırlanmalıdır. Bu prosesdə Belarus və onun prezidenti çox iş görə bilər. Prezident İlham Əliyev onlardan birini, aqro–sənaye komplekslərinin yaradılmasını qeyd etdi.

Bundan başqa, diplomatiya və yaxud da ki, xarici siyasət daim bir məqsədə xidmət etməlidir: onlar ölkənin düşmənlərinin sayını yox, dostlarının sayını artırmalıdırlar. Hətta böyük ölkələr başqa ölkələrlə öz əlaqələrini hansısa prinsiplə şərtləndirərkən bunda da öz məqsədlərini güdürlər və belə hallar daha çox təzyiq məqsədi daşıyır.

Bəli, ABŞ xarici siyasətdə hansısa prinsip və ya şərt irəli sürə bilər, amma hətta onlar da yalnız demokratik Avropa ölkələrilə dostluq etmir, onların da dostlarının sırasında despotik ərəb monarxiyaları da var. Təsadüfi deyil ki, jurnalist Camal Qaşıqçının ölümünə görə Səudiyyəyə qarşı sanksiyalar müzakirə edilərkən Vaşinqton bildirdi ki, Səudiyyə onların çox mühüm hərbi-ticari tərəfdaşıdır və bu ölkə ilə ABŞ-ın ticari əlaqələri yüz milyardlarla dollar təşkil edir. Burada ingilislərin məşhur kəlamını necə xatırlamayasan: "İngiltərənin əbədi dostları və düşmənləri yoxdur, əbədi maraqları var...”
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR