Xəbər lenti

Jurnalist Ülviyyə Şamilqızının ölümünün səbəbləri açıqlandı (FOTOLAR)
Foto 14:29 29.03.2018

Jurnalist Ülviyyə Şamilqızının ölümünün səbəbləri açıqlandı (FOTOLAR)

Rusiyanın Həştərxan şəhərində avtomobil qəzasında ölən azərbaycanlı jurnalist Ülviyyə Şamilqızının (Məmmədova) meyiti üzərində aparılan tibbi ekspertizanın yekun rəyi açıqlanıb. 

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, ekspertizanın rəyinə əsasən, Ü.Şamilqızı hadisə baş verəndən 30 dəqiqə sonra keçinib. 

Rəydə qeyd olunub ki, Ü.Şamilqızının aldığı bədən xəsarətləri və travmalar ilə sağ qalmaq ümidi olub: "Təcili Tibbi Yardım maşını hadisə baş verən əraziyə gec gəlib. Huşsuz halda üzüyuxarı vəziyyətdə uzanan Ülviyyə Məmmədovanın boğazına qan yığılıb və o, öz qanında boğularaq ölüb". 

Ekspertizanın rəyində həmçinin qeyd olunub ki, hadisə Rusiya Federasiyası vaxtı ilə 18:20-də baş verib: "Hadisədən sonra qəzanı törədən sürücüyə məxsus mobil nömrədən saat 18:24-də Təcili Tibbi Yardım Stansiyasına (TTYS) zəng olunub. Bir qədər sonra - 18:36-da  TTYS-dan qəzanı törədən şəxsin mobil nömrəsinə zəng olunub və tibbi yardım maşınını idarə edən sürücünün qəza baş verən ərazini tapa bilməməsi deyilib. Qəzanı törədən sürücü yenidən saat 18:40-da TTYS-ə zəng edib və Təcili Tibbi Yardım maşınının niyə gəlmədiyini soruşub. Təcili tibbi yardım maşını hadisə yerinə saat 19:00 radələrində - Ülviyyə Məmmədova dünyasını dəyişəndən sonra gəlib çatıb" - Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəydə bildirilib. 

Xatırladaq ki, bu il yanvarın 24-də Rusiyanın Həştərxan şəhərində Ülviyyə Məmmədovanı avtomobil vurub. Ağır bədən xəsarətləri alan Ü.Məmmədova hadisə yerində ölüb. Mərhum Gəncə şəhərində torpağa tapşırılıb.

Qeyd edək ki, uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərmiş Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən "Xalq Cəbhəsi” qəzetində, "Report” İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->