İdman 22:50 14.10.2018

Maltanın baş məşqçisi: "Həyat belədir"

"Komandam yaxşı oynadı. Azərbaycan çox yaxşı komandadı. Rəqib meydanında həm qol vurduq, həm xal qazandıq. Səfərdən gəlmişdik, bu da komandamın performansından daha çox razı qalmağımı şərtləndirdi".

Qaynarinfo xəbər verir ki, bu sözləri Malta yığmasının baş məşqçisi Rey Farruciya Bakıda Azərbaycanla 1:1 hesablı heç-heçə etdikləri UEFA Millətlər Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib. 

Rəqib çalışdırıcı Kosovoya məğlubiyyətdən sonra tənqid olunmasından və Azərbaycandan xal almalarından danışıb: "Həyat belədi. Mən təbii ki, insanlara qulaq asır, onlardan öyrənirəm. Hamının fikrini eşidirəm. İnsanların bizi tənqid etməyə haqqı var. Bundan daha da güclənirik. Bizim yaşı 21-dən aşağı olan bir neçə futbolçumuz var. Düzgün istiqamətdə irəliləyirik. Daha da güclü olmağımız üçün vaxta ehtiyac var. 12 illik təcrübəm var. Məni tanıyanlar bilir ki, heç vaxt təslim olmuram. Maltanın baş məşqçisi olmaq çox çətindi. İnkişafın ilkin cücərtiləri var. Zamanla bu, daha da yaxşı olacaq".

Farruciya "Qrupdakı hər iki xalı Azərbaycandan aldınız. Bu rəqibinizin hansı zəif nöqtəsini tapmısınız?" sualına belə cavab verib: "Hər oyunun öz hekayəsi var. Komandanız çox yaxşı rəqibdi. Fikrimcə, ən yaxşı oyunumuzu Farer adalarına qarşı keçirmişik. Bugünkü oyunda komandamı sərgilədikləri əzmkarlığa görə təbrik etmək istəyirəm".