Ölkədə manatla bağlı ajiotaj səngimir. Vətəndaşlar daha çox dollarla götürülən kreditlərlə bağlı narahatçılıq keçirirlər. Mərkəzi Bank isə artıq bu məsələdə məsuliyyəti öz boynundan atıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 26-na olan rəsmi məzənnələr bülletenində bildirilir ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0501 manat səviyyəsində müəyyən edilib. Ötən gün isə 1 dollar 1,0502 manat olub.
Xatırladaq ki, fevralın 21-dən 24-dək 1 dollar 1,0500 manat idi. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0028 manat və ya 0,23 faiz bahalaşaraq 1,1942 manat olub. Qeyd edək ki, ötən gün isə 1 avro 1,1914 manat idi. Xatırladaq ki, fevralın 21-dən 24-dək 1 avro 1,1950 manat olub.
Mərkəzi Bank isə dollarla verilmiş kreditlərin hansı məzənnə ilə qaytarılması ilə bağlı məsələyə aydınlıq gətirib. Bankdan bildirilib ki, ölkə qanunvericiliyində bu məsələ dəqiq göstərilməyib: “Bu məsələ ilə bağlı Mülki Məcəllədə göstərilən maddəni hər iki formada yozmaq mümkündür. Ona görə də burada birmənalı olaraq demək mümkün deyil ki, kredit hansı məzənnə ilə qaytarılmalıdır”. Bununla bağlı banklarla müştərilər arasındakı mübahisənin necə həll olunmasına gəlincə, AMB-dən müştərilərə məhkəməyə müraciət etməyi məsləhət görüblər. Burada bildirilib ki, məsələ yalnız məhkəmə tərəfindən aydınlaşdırıla bilər: “Ümumiyyətlə, ola bilər ki, bu məsələ Konstitusiya Məhkəməsi tərəfindən şərh edilsin”.
Qeyd edək ki, manatın məzənnəsinin kəskin ucuzlaşmasından sonra bank müştərilərini narahat edən məsələlərdən biri də vaxtilə dollarla götürülən kreditlərin hansı məzənnə ilə qaytarılmasıdır. Çünki bu bahalaşma nəticəsində dollarla ödənişlərin məbləği manat ifadəsində 34 faiz artıb. Hazırda cəmiyyətdə bununla bağlı fikir ayrılıqları var. Banklar bildirir ki, krediti dollar və ya digər xarici valyuta ilə götürmüş vətəndaşlar ödənişləri ya dollar, ya da dolların bugünkü məzənnəsinə uyğun olaraq manatla həyata keçirməlidirlər.
Bəzi hüquqşünaslar isə əksinə, bildirir ki, kreditlər dolların o vaxtkı məzənnəsinə əsasən qaytarılmalıdır.
“Finex” şirkətlər qrupuna daxil olan “Finanslizinq” ASC və “FinEx Kredit” bank olmayan kredit təşkilatı öz müştərilərinə manatın məzənnəsinin dəyişməsi zamanı yaranmış zərərin ödənilməsi barədə qərar verib. “Trend”in məlumatına görə, bu qərarda korporativ istiqraz sahiblərinə dəymiş ziyanın əlavə öhdəlik vasitəsilə ödənişi təklif olunacaq. Bu qərar şirkətlərin öz müştəriləri qarşısında olan sosial məsuliyyətə və davamlı əməkdaşlıq əlaqələrinə əsaslanır. Qərar bütün istiqraz sahiblərinə fərdi qaydada izah olunacaq. Qrupa daxil olan şirkətlər korporativ istiqrazların emitentidir. Bu istiqrazlarla hər ay ödənilmək şərti ilə müştəriyə illik 14 faiz vəsait ödənilir. Qeyd edək ki, müqavilənin vaxtından əvvəl pozulmasına görə heç bir cərimə tətbiq edilmir. Bütün qiymətli kağızlar Azərbaycan Respublikası Dövlət Qiymətli Kağızlar Komitəsindən müvafiq qaydada qeydiyyatdan keçib.
Bəzi ekspertlər isə bildirirlər ki, Azərbaycanda manatın bahalaşmasında Rusiyada baş verənlərin rolu böyükdür. Ekspertlər dövlət başçısının da bu məsələyə dolayısı ilə diqqət çəkdiyini vurğulayırlar. Dövlət başçısı İlham Əliyev manatın məzənnəsindəki dəyişikliyə münasibət bildirərkən deyib ki, son bir il ərzində MDB məkanında yaşanan gərginlik müəyyən dərəcədə Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib: “Bir neçə gün bundan əvvəl manatın məzənnəsində dəyişiklik edilib. 2006-cı ilin əvvəlindən bizim pul islahatlarımız başa çatıb. Təbii ki, yaşlı nəsil bunu xatırlayır, o vaxta qədər 1 dollar 5 min manata bərabər idi. Biz manatı dollarla eyniləşdirdik, 1 dollar 1 manat oldu və on il ərzində manat getdikcə dollara nisbətdə güclənirdi. Əslində bu, bizim iqtisadi islahatlarımızın uğurlu olmasını göstərirdi. Ancaq eyni zamanda qonşuluqda baş verən hadisələr və bütün qonşu dövlətlərdə milli valyutaların kəskin şəkildə ucuzlaşması istər-istəməz bizə də mənfi təsir göstərməyə başlayıb. Üstəgəl, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim gəlirlərimizə də mənfi təsir göstərib. Eyni zamanda əlbəttə ki, manatın məzənnəsinin getdikcə artması iqtisadi inkişafımıza mənfi təsir göstərirdi. Ona görə qərar qəbul edilib ki, manat bir az ucuzlaşsın”.
İlham Əliyev xatırladıb ki, bu ilin yanvarında regionların sosial iqtisadi inkişafının yekunlarına həsr edilmiş konfransda bu barədə fikrini bildirib: “Regionda baş verən hadisələr və dünyanda neftin qiymətinin aşağı düşməsi artıq müəyyən çətinliklərə gətirib çıxarır. Bu, birinci siqnal idi. Ondan sonra Mərkəzi Bankımız açıqlama verib ki, tədricən ilin sonuna qədər manatın məzənnəsi aşağı düşəcək".
Ekspert Natiq Cəfərli isə bildirir ki, Rusiyada baş verənlər, iqtisadi sanksiyalar, rublun dollar qarşısında kəskin ucuzlaşması Azərbaycanda manatın taleyinə təsirsiz qalmayıb: “Rusiyada baş verən proseslərin Azərbaycana təsiri böyükdür. Rusiyada çalışan minlərlə azərbaycanlı orada qazandığı vəsaiti öz ailələrinə, Azərbaycana göndərirdi. Ölkəyə gələn əsas dollar xətlərindən biri də məhz bu idi. Neftdən gələn puldan sonra ikinci yerdə məhz xarici dövlətlərdə, o cümlədən Rusiyada, Ukraynada, Türkiyədə çalışan azərbaycanlıların öz ailələrinə göndərdikləri vəsait gəlirdi. Əsasən də Rusiyadan gəlirdi bu vəsait.
Rəsmi rəqəmlərə görə, keçən il, məsələn, 2,5 milyarda yaxın dollar gəlmişdi Azərbaycana. Həm də bu, rəsmi kanallarla gələn vəsait idi. Dost-tanış vasitəsilə nağd şəkildə gələn pul da təqribən bir milyarda qədər idi. Beləliklə, Azərbaycana Rusiyadan təqribən 3,5 milyard vəsait daxil olurdu. Bu isə təbii ki, Azərbaycanda rubl-dollar dövriyyəsinin canlı tutulmasına səbəb olurdu. Bundan başqa, Azərbaycanın daxili bazarında da canlanma yaradırdı. Daşınmaz əmlak bazarına, məişət əşyaları bazarına sonradan gələn vəsaitlər ciddi təsir göstərirdi, canlanma yaradırdı. Təbii ki, Rusiyadakı son hadisələr və rublun kəskin dəyərdən düşməsi Rusiya iqtisadiyyatının bərbad vəziyyətdə olması, iş yerlərinin bağlanması Azərbaycana da təsirini göstərməli idi. Həmçinin Rusiyada gəlirlərin kəskin şəkildə aşağı düşməsi, xarici ölkələrə tətbiq etdiyi embarqolar da təsir göstərdi. Bu embarqolar da azərbaycanlılara təsir göstərirdi. Çünki onlar pərakəndə satışla, ticarətlə məşğul idilər. Onların məşğuliyyətinin bir hissəsi də Avropadan gətirilən məhsulların Rusiya bazarında satılması idi. O məhsullara da Rusiyada embarqo qoyuldu. Bütün bunlar təbii ki, azərbaycanlıların gəlirlərinə təsir göstərməyə bilməzdi. Gəlirlər kəskin aşağı düşdü”,- deyə ekspert qeyd edib.
N.Cəfərlinin sözlərinə görə, Rusiyanın Mərkəzi Bankının yanvar ayına verdiyi məlumatda bildirilir ki, keçmiş sovet respublikalarına Rusiyadan valyuta çıxışı üç dəfədən çox azalıb: “Təbii ki, burada Azərbaycanın da payı var. O rəqəmi əsas götürsək, Azərbaycana gələn vəsait də ən azından üç dəfə azalıb. Bütün bu hadisələr Azərbaycanda daxili valyuta bazarına təsir edib. Manatın ucuzlaşmasının əsas səbəbi təbii ki, neftdən asılılıqdır. Ölkənin neftdən kəskin şəkildə asılı olmağı və neft gəlirlərinin azalmasıdır. Amma ikinci əsas səbəb məhz bu faktordur”. //"Yeni Musavat"
Qaynar.info
Şərhlər