Məmməd SÜLEYMANOV
Sənət 13:08 26.11.2019

Mane: İki rəsm və bütün həyat...

Məmməd Süleymanov

Birinci rəsm:  "Foli-Berjer barı” (1882-ci il)

Özünü sevməyən, ilham pərisini gah antik dövrdə, gah orta əsrlərdə, gah Şərq nağıllarında axtaran 19-cu əsr incəsənəti üçün Eduard Manenin "Foli-Berjer barı” rəsmi daha çox istisnadır, nəinki qayda. Gündəlik həyatın gözəlliyindən və faciəviliyindən bəhs etməyə çağıran və bu rəsmi görməyə ömrü yetməyən Şarl Bodlerə cavabdır sanki. Ömrünün son ilini bitki kimi mövcud olmuş Bodlerə ömrünün son ilini ölümcül xəstəliklə savaşaraq uduzduğunu artıq bilən Manedən cavab.

Taleyin ərköyünü, enfant terrible, əhlikef və provokator, "Olimpiya”nı və "Çəmənlikdə səhər yeməyi”ni çəkmiş Manedən bu rəsmi gözləmirdilər. Sanki xəstəliyin əzib qatladığı rəssam dünyaya əlvida deməzdən əvvəl soyuq ağlını toparlayaraq adi insanın adi həyatının təkrarsızlığına diqqət yönəltmək istəyib. 

1882-ci ildir, Mane xəstədir, gələn ilin əvvəlində ayağı amputasiya olunacaq, apreldə isə layiq olduğu şöhrət və diqqətə nail olmadan 51 yaşında vəfat edəcək. Ona işləmək çətindir, ancaq son şedevrini yaratmağa möhləti var. Və o, baron Osman dövrünün əyləncəyə qurşanmış Parisinin portretini barda çalışan Süzanın portretinə köçürərək özünün "qu nəğməsi”ni oxuyur.
 


Rəsm 1883-cü ilin Salonunda nümayiş olunacaq, fərqli reaksiyalar - heyranlıq, ironiya, sinizm, susqunluq, təəccüb - doğuracaqdı. Yerə enən Mane yenə səs-küy yarada biləcəkdi.

Foli-Berjer kafe-teatrı bu gün də fəaliyyətdədir. Orada cəmiyyətin orta təbəqəsi toplaşırdı. Varyete, kabare, bar, üstəlik ehtirasların coşduğu bir məkan. Deyirdilər orada təkcə şampan yox, həm də sevgi almaq olur. Sanki hər ikisi əşyadır.

Rəsmin qeyri-adiliyi və sirləri çoxdur. Ancaq ən əsası - salon boyu uzanan piştaxtanın arxasında dayanmış qızın güzgüdəki təsviri ilə ziddiyyətidir. Ön planda o, kədərli baxışları ilə sanki irəlidəki boşluğu dəlib keçir, arxa planda isə bir qədər önə əyilərək kişi ilə intim söhbət edir. Yəni, gördüyümüzlə güzgüdəki əks bir-birinə uyğun deyil. Üstəlik qızın bədən formaları güzgüdəki əksdə göründüyündən fərqlidir. Digər uyğunsuzluq - masa üzərindəki içki şüşələrinin güzgüdə fərqli əksidir. Və bu fərqliliklər Manenin nə demək istədiyi sualını doğurur.

Sanki eyni məkanda iki zaman yaradılıb. Güzgüdəki əks bu qızın ya itirdiyi keçmişidir (burada nə vaxtsa kiminləsə yaşanan hisslər xatırlanır), ya da arzuladığı gələcəkdir (nə vaxtsa qarşısına sevgi çıxacaq). İstənilən halda o təsvir onun bu günü deyil. Və bu zaman bifurkasiyası da qızın üzündəki ifadəni - kütlə içində tənhalığı formalaşdırır. O, bu bayramda yaddır. 

Onu masa arxasına cəlbedici bir tələ, müştərilərin ayaq saxlayaraq yaraşıqlı qadınla kəlmə kəsməsi və sonra da söhbətə uyaraq içki sifariş etmələri üçün qoyublar. O, bunun fərqindədir. Və o da önündəki içkilər kimi, elə onlar qədər əşyadır, əmtəədir. O, satır - həm içki, həm də özünü, zahiri gözəlliyini və hisslərin surroqatını. Və hamının şənləndiyi, dünəni də, sabahı da unutduğu qapalı bir məkanda o qız bu gündən kənardadır. Dünəndəmi, sabahdamı? - demək çətindir. Ancaq səs-küy və ətrafdakı emosiyalar ona sonsuz uzaqdır.

Taun vaxtı qonaqlıq - əşya olmaqdan qaçışa cəhd və bunu bacarmamaq. Elə ətraf publika da bardan kənardakı əşya mövcudluğunu unutmağa çalışmaq üçün burada toplaşmayıbmı? Barmen Süzanın iş başındakı sonsuz kədərini onların hər biri öz fəaliyyət sahəsində, özlərin əşya, əmtəə olduqları zavod-fabrikdə, idarə-dəftərxanada, məhkəmə-orduda daşımırlarmı? Sonunda mövcudluq özü də kütlənin arasında yad olmaq, hər kəsin kiminsə gözündə əşya funksiyası daşıması deyilmi?

Manenin son şedevrini 19-cu əsrin ən kədərli rəsmlərindən biri sayanlara haqq qazandıraq. Səs-küy içində sükut. Qışqırıqlar arasında lallıq. Emosiya və mimikaların bolluğunda boşluğa tuşlanmış peşiman sifət. Bu anı seçənlərin dövrəsində sabahın arzuları və dünənin xatirəsi. Və hamısının da birləşib yaratdığı yeganə reallıq - sonsuz it kədəri. Sonsuz-sonsuz tənhalıq...
 


İkinci rəsm: "Bənövşə dəstəsi” (1872-ci il)

Epistolyar janrın dəbdə olduğu XIX əsrdə onların sevgi məktubları mətn yox, rəsm idi. İmpressionizmin banilərindən olan Eduard Mane və ilk impressionist qadın rəssam Berta Morizo tanış olarkən birincisi artıq ailə sahibiydi və oğlan övladı böyüdürdü.

Manenin Morizoya həsr etdiyi o "məktublar” istənilən səsdən və mətndən daha çox qışqırırdı, ancaq zahirən susqun dostluğa bənzəyən o ehtiraslı vurğunluğun uğursuz bitəcəyi də əvvəldən bəlli idi.

Manenin Bənövşə dəstəsi” onun Bertaya olan hisslərinin simvolu oldu. Və bu, həm də ayrılıq məktubu, uğursuzluqla barışmağa məhkum aşiqin vida zamanı riayət etməyi bacardığı takt göstəricisi idi.

Onların ilk görüşündə Bertanın 27, Manenin 36 yaşı vardı. İstedadlı Bertanı dostları "rəngin virtuozu” adlandırırdılar. O, həyatını rəssamlığa həsr etmək arzusu ilə ailə qurmaq istəyindən uzaq görünürdü. Artıq adı bütün Fransaya səs salan Mane isə 1868-ci ildə Luvrda Berta ilə rastlaşdığı gündən ona biganə qala bilmir.

Mane 1869 və 1870-ci illərdə Berta Morizoya ilk "məktublar”ını göndərir - "Aynabənd” və "Berta Morizo bənövşə dəstəsi ilə”.

Bir çox səbəblərdən onlar ömürlərini bir-biri ilə bağlaya bilməzdilər. Manenin həm ailəli olması, həm həyat tərzi, həm də onların fərdi dünyagörüşlərindəki fərqlər Himeney bağları üçün əngəl idi. Belə olanda Berta və Eduard öz illüzor aləmlərini yaradırlar. O aləm onların təxəyyüllərindən kənara çıxmırdı, Yerə enmirdi və yalnız yaradıcılıq ünsiyyətində özünü büruzə verirdi.

Mane anlayırdı: Berta geci-tezi ailə quracaq və seçimi də başqası olacaq, dərin hisslər üzərində qurulmuş ittifaqın da sonu gəlib çatacaq. Və irəlidəki ayrılığı ağrılı yaşayan Mane 1872-ci ildə daha bir - son "məktub” yazır. Beləliklə, "Bənövşə dəstəsi” natürmortu yaranır. Mane onu Bertaya göndərir. Rəsmdə əvvəlki "məktublar”dan detallar - Aynabənd”dən yelpik və "Berta Morizo bənövşə dəstəsi ilə” rəsmindən bənövşələr var. Kağız vərəqində isə yazılıb: "Mademuazel Morizo”.

Daha 2 il keçir və Beta Morizo 33 yaşı tamam olan gün Eduard Manenin qardaşı Ejenə ərə gedir...