Foto 13:22 25.11.2021

Maradonasız 1 il

Ötən il noyabrın 25-də infarktdan dünyasını dəyişən əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradona vəfatının birinci ildönümündə anılır.

Futbolçu karyerası ərzində "Boka Xuniors”, "Barselona” və "Napoli”nin formaları ilə müxtəlif yarışlarda 9 çempionluq qazanan, Argentina yığması ilə 1986-cı ildə dünya çempionatının kubokunu başı üzərinə qaldırmağı bacaran Maradona adını futbol tarixinə qızıl hərflərlə yazdı. Əksər futbol qurumlarının braziliyalı Pele ilə birlikdə "tarixin ən yaxşı futbolçusu" kimi qiymətləndirdiyi və bəzilərinin Peledən daha istedadlı olduğunu iddia etdiyi Maradona 30 oktyabr 1960-cı ildə Argentinanın Buenos-Ayres şəhərində anadan olub. Fabrikdə fəhlə kimi çalışan ata ilə evdar ananın övladı olan Maradonanın istedadı 8 yaşında kəşf edilib və o, həvəskar komanda sayılan "Estrella Roja"da oynamağa başlayıb. 16 yaşı tamam olmadan "Argentinos Juniors"la peşəkar müqavilə imzalayan Maradona, 1981-ci ildə "Boka Xuniors"la çempionluq qazandıqdan sonra Avropanın ən böyük klublarından birinə, "Barselona"ya transfer edilib.
 
 

1982-1984-cü illərdə "Barselona"nın heyətində ümumlikdə 58 oyun keçirən və 38 qola imza atan Maradona 3 dəfə çempionluq sevinci də yaşayıb. Argentinalı ulduz 1983-cü ildə "Kral Kuboku"nu, İspaniya Superkubokunu və La Liqa kubokunu qazanıb. 1984-cü ildə sonradan əfsanəyə çevriləcəyi "Napoli"yə transfer olunan əfsanə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 259 matçda 115 qol vurub. Demək olar məhz onun sayəsində "Napoli" liqada ən güclü komandalarla rəqabət aparacaq səviyyəyə çatır və bu müddətdə 2 ölkə çempionluğu ilə yanaşı, UEFA Kuboku, İtaliya Kuboku və İtaliya Super Kubokunu da muzeyə gətirib. "Napoli"dən sonra "Sevilya", "Nyuells Old Boyz" və nəhayət köhnə komandası "Boka Xuniors"da oynayıb. O, 1997-ci ildə futbolçu karyerasını başa vurub. Futbolçu kimi forma geyindiyi komandalarda ümumilikdə 588 matça çıxıb və 312 qola imzasını atıb.
 
 

Maradona Argentinanın 1986-cı ildə qazandığı dünya çempionatından sonra futbol tarixinə düşür. Xüsusən də turnirin 1/4 finalında əli ilə İngiltərə millisinin qapısında keçirdiyi və onu sonradan "Tanrının əli" adlandırdığı qolla müzakirə hədəfi olan ulduz futbolçu eyni matçda daha br gözəl qola imza atır. O, topu 60 metr özü ilə daşıyaraq 5 nəfəri  aldadır və dünya futbol tarixinə düşəcək məşhur qollarından birini vurur. Hansı ki, bu, sonradan 2002-ci ildə FİFA tərəfindən "əsrin qolu" seçilib. Sonradan Argentina finalda Almaniyanı 3:2 hesabı ilə məğlub edərək 1986-cı ildə dünya çempionluğunu qazanır. Sabiq futbolçu millinin heyətində ümumilikdə 91 oyuna çıxıb, 34 qol vurub.
 
 

Argentinanın 1990-cı il dünya çempionatının finalına yüksəlməsində böyük payı olan Maradonanın 1991-ci ildə narkotik problemi olduğu müəyyənləşir. Elə həmin il narkotikdən istifadə etdiyi üçün 15 ay həbs cəzası alır. Üstəlik qadağan olunmuş maddələrdən istifadə etdiyinə görə 1994-cü il dünya çempionatından qovulur. Narkotik aludəçiliyi üzündən o, 2004 və 2007-ci illərdə səhhətində ciddi problemlər yaşayır. Bununla yanaşı 1984-1991-ci illərdə "Napoli"də çıxış etdiyi vaxt 37 milyon avrodan çox vergi borcu yaranır və İtaliyanın hakimiyyət orqanları ilə uzun müddət problemlər yaşayır.
 


Maradonanın məşqçilik həyatı isə futbolçu karyerasından fərqli, o qədər də uğurlu alınmayıb. Tarixin ən yaxşı futbolçularından biri kimi göstərilən argentinalı ulduzun kuboklarla zəngin karyeradan sonra adı ən uğursuz məşqçilərin sırasında çəkilirdi. Maradona məşqçilik karyerasına öz ölkəsində başlayıb. 1994-cü ildə sabiq komanda yoldaşları Karlos Fren və Textil Mandiyu ilə birlikdə "Argentinos Juniors"da , 1995-ci ildə isə "Racing"də çalışıb. O, 2008-ci ildə Argentina millisinin baş məşqçisi postunda Alfio Basileni əvəz edib.  2010-cu ildə keçirilən dünya çempionatında onun rəhbərliyi altında 1/4 finala qədər irəliləyən "Tanqoçular" həmin mərhələdə  Almaniya millisinə 0:4 hesabı ilə məğlub olaraq yarışı tərk edir. 

Mənbə: "NTV Spor"

Səbuhi Həsənov